Xəbər lenti

Siyasət 12:42 12.08.2023

Cənubi Qafqazda güc balansı Rusiyadan Türkiyəyə keçir: "Seçim Kremlindir!"

"Cənubi Qafqazda stabilləşdirici rol Rusiyadan Türkiyəyə keçir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan-Ermənistan münasibətlərində cərəyan edən son prosesləri şərh edərkən deyib.

"Bu reallığı Qərb və ABŞ da qəbul edir. Sülh prosesi Rusiyanın tormozlayıcı iştirakı fonunda dalana dirənib. Deməli, yeni nəfəsə, təkana ehtiyac var. Bunu edə biləcək ölkə isə ABŞ-a görə Türkiyə ola bilər”, deyə Natiq Miri bildirib.

Politoloq xatırladıb ki, Vladimir Putin avqustun sonunda Türkiyəyə yollanıb danışıqlar aparsa, Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazdakı münaqişələrə son qoymaqla bağlı təklifini müzakirə edəcək:

"Bu zaman Rusiya üçün iki yol göstəriləcək. Moskva Ankara vasitəsilə Cənubi Qafqaza Qərbin ekspansiyasının qarşısını alacaq və əvəzində Qafqazdakı münaqişələrə son qoymağa töhvə verəcək. Bu Türkiyə tərəfindən Rusiyaya verilmiş bəlkə də son şansdır. Rusiya prezidenti təklifə razılıq vermədiyi təqdirdə isə həmişəki kimi böyük iddialarla çıxış edəcək".


"Ermənistan bu müharibəyə hazır deyil, Azərbaycan belə bir müharibəni istəmir... Artıq Cənubi Qafqazda sabitləşdirici güc rolunu Rusiya deyil, Türkiyə oynamağa başlayır..."
 

Natiq Miri düşünür ki, belə vəziyyətdə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesinə Qərbə dəstək olaraq Türkiyə də qatılacaq: 

"Bundan sonra artıq Rusiyanın Qarabağda qalmasına heç bir lüzum olmayacaq. Seçim Kremlindir". 

Həsöhbətimizə görə, bu plan həmçinin ABŞ-ın hiyləsi də ola bilər: 

"ABŞ düşünür ki, Rusiya başından böyük danışıb, böyük iddialarla çıxış etdiyindən, Türkiyənin təklifini qəbul etməyəcək. Bu isə Ankara ilə Moskva arasında münasibətlərin pozulmasına rəvac verə biləcək yeni proseslərə səbəb ola bilər. Burada hiylə ondan ibarətdir ki, Türkiyə də Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması prosesinə qoşulsun. Bununla da Rusiya sülhməramlılarını rahatlıqla Azərbaycandan çıxarılmasına nail olsunlar".

Ekspertə görə, hazırkı vəziyyətdə Rusiya bölgədə yenidən müharibənin alovlanmasını istəsə də, ona nail ola bilməyəcək:
 
"Mövcud vəziyyətdə Rusiya bölgədə yenidən müharibənin alovlanması üçün təxribatlar törətməyə cəhd edə bilər. Rusiya KTMT adı altında müşahidə missiyasının Ermənistana gəlməsinə çalışır. Amma Paşinyan razılıq vermir. Əksinə, Ermənistanda Avropa Birliyinin müşahidə missiyası güclənir. Rusiya həmçinin Azərbaycanı da müharibəyə sövq edə bilməyəcək. Çünki Azərbaycan Rusiyanın barmaq işarəsilə oturub-durmur. Bakı bir güllə atmadan Qarabağ problemini həll etmək və burada yaşayan ermənilərin Azərbaycana inteqrasiyası prosesinə başlamaq istəyir. Rusiyanın yenidən bölgədə müharibə ab-havası yaratması nəzəri olaraq mümkün görünsə də, praktik baxımdan bu mümkün deyil. Ermənistan belə bir müharibəyə hazır deyil. Bunu Paşinyan da anlayır. Azərbaycan da belə bir müharibəni istəmir. Çünki Cənubi Qafqazda artıq sabitləşdirici güc rolunu Rusiya deyil, Türkiyə oynamağa başlayır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->