"İran parlamentinin rəhbəri üçüncü ölkə dedikdə İsrail və ABŞ-ı nəzərdə tutub”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran Məclisinin sədri Məhəmməd Bağır Qalibafın Azərbaycan Milli Məclisinin spikeri Səbinə Qafarova ilə Türkiyədəki görüşündə üçüncü ölkələrin Cənubi Qafqazdakı proseslərə müdaxiləsinin yolverilməz olduğu barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, İran parlamentinin sədri yalan danışır:
"Çünki Cənubi Qafqaza ilk növbədə müdaxilə edən, bölgədə təhlükəsizliyin təmin olunmasına mane olan İran hakimiyyətidir. İran İrəvanı dəstəkləməklə Azərbaycan-Ermənistan münasibətlərində tarazlığı pozur, bu münasibətlərin normallaşmasına problem yaradır, əməkdaşlığa mane olur. Tehran həmçinin İrəvana terrorçu təlimçilər göndərməklə Ermənistanın Azərbaycana qarşı təxribatlarına təkan verir”.
Həmsöhbətimiz qeyd edib ki, əslində regionu ilk növbədə üçüncü ölkə kimi qarışdıran elə İran hakimiyyətinin özüdür:
"Qalibaf isə öz gözündə tiri görməyib, özgə gözdə çöp axtaran İran rəsmilərinin nümayəndəsi kimi üçüncü ölkə deyərkən İsrail və Amerikanı əsas hədəf olaraq götürüb. Onlar hesab edir ki, İsrail və ABŞ Azərbaycanda İran əleyhinə olan müxtəlif layihələrdə iştirak edir. Ona görə də bu məsələdə Qalibafın dedikləri birtərəflidir və gerçəkliyi əks etdirmir”.
Üçüncü ölkələrin Cənubi Qafqazda olmasına qarşı çıxan Tehranın bu əsasda Ermənistanın Fransa ilə sıx əlaqələrinə göz yummasını isə ekspert İranın regionda qarışıqlıq, hərc-mərclik yaratmaq cəhdi kimi dəyərləndirib:
"Tehran Ermənistan məsələsinə gəldikdə manipulyasiya edir. İran və Fransa Ermənistan məsələsilə bağlı hadisələri manipulyasiya etməklə regionda qarşılıqlıq yaratmağa çalışırlar. İsraillə ABŞ-ın bölgəmizdə bu qədər nəzərə çarpacaq dərəcədə elə bir fəaliyyəti yoxdur ki, regionda sabitliyin pozulmasına əngəl yaratsınlar”.
Qeyd edək ki, İran parlamentinin rəhbəri Məhəmməd Bağır Qalibaf Azərbaycan Milli Məclisinin sədri Səbinə Qafarova ilə Antalyadakı görüşündə üçüncü ölkələrin Cənubi Qafqazdakı işlərə qarışmasının yolverilməz olduğunu bəyan edib. Lakin bu zaman o üçüncü ölkə deyərkən kimləri nəzərdə tutduğunu açıqlamayıb. Digər tərəfdən, Tehran Ermənistanın üçüncü ölkə sayılan Fransa ilə sıx əməkdaşlığına göz yumur.
Rüfət Sultan
Şərhlər