Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında fəaliyyət göstərən restoranlardan biri cərimələnib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Sumqayit24.az-a verilən açıqlamaya görə, qanunsuz qoşulma faktı "Pine Park" restoranında deyil, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 116 ünvanında yerləşən və "Novator Group" MMC-yə məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən "Park" restoranında aşkarlanıb.
31 mart 2026-cı ildə tərtib edilmiş akt əsasında restoranın icarədarı Abdullayev Xalıq Hüseyn oğlu barəsində inzibati protokol hazırlanaraq məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanmasına görə 1000 manat məbləğində cərimə edilib.
Qurum bildirib ki, su təchizatı şəbəkəsinə qanunsuz qoşulma və sudan qanunsuz istifadə halları qanunvericiliyə uyğun olaraq inzibati, mülki və bəzi hallarda cinayət məsuliyyəti yarada bilər.
Qeyd edək ki, Qaynarinfo-nun daha öncə verdiyi məlumatda restoranın adı "Pine Park" qeyd olunmuşdu.
Şərhlər