"Azərbaycanla Ermənistan arasında sülh prosesini sabotaj etmək istəyən qüvvələrin sayı çoxalıb. Belə həssas məqamda Ceyhun Bayramovun Türkiyə səfərinin vacib siyasi nəticələri olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə olacaq səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, səfər Bakı ilə Ankara arasında yeni məsələləri müzakirə etmək üçün vacib əhəmiyyətə malikdir:
"Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə XİN-i ilə daim əlaqə və ünsiyyətdədir. Azərbaycanla Türkiyə arasında strateji partnyorluq və tərəfdaşlıq iki ölkə liderlərilə yanaşı, müxtəlif vəzifəli məmur və diplomatların daimi kordinasiya və kommunikasiyasını məcbur edir. Bu baxımdan, Ceyhun Bayramovun Türkiyəyə səfəri Bakı ilə Ankara arasında yeni məsələləri müzakirə etmək üçün vacib əhəmiyyətə malikdir. Hazırda Azərbaycan Xankəndiyə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Laçın yolu ətrafında isə Avropa İttifaqının Ermənistandakı missiyası vəziyyəti bulandırmaqla məşğuldur. Belə həssas geosiyasi məqamda Bayramovun Türkiyəyə səfəri vacib əhəmiyyətə malikdir. Bayramovun səfəri fonunda müzakirə edilən məsələlərdən biri də Azərbaycan və Türkiyə liderləri arasında yaxın gələcəkdə olacaq təmas və görüşlərin müzakirəsinə həsr olunacaq. Həmçinin, bölgədə yaranan yeni reallıqlar, Türkiyənin bölgədə siyasi və hərbi mövcudluğu, iqtisadi və ticari əlaqələr də müzakirə predmeti olacaq".
Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
Rüfət Sultan