Ceyhun Bayramov: " Vətən müharibəsində Türkiyənin dəstəyi əsl qardaşlığın təzahürü idi"
"Müharibə günlərində Türkiyənin və onun lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyi əvəzolunmaz idi".
Qaynarinfo xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, 2020-ci ildə hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində Türkiyənin o dövrdəki xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana beş dəfə səfər edib.
"Həmin günlərdə Ankaradan Türkiyənin xaricdəki bütün nümayəndəliklərinə bir mesaj gedib. Bütün Türkiyə səfirliklərinə bildirilib ki, Ankaradan gələn təlimatla Bakıdan gələ biləcək təlimatlar eyni qüvvəyə malikdir. Türkiyə diplomatlarına tapşırılıb ki, əgər Bakıdan hansısa təlimat gələrsə, bunu Ankara ilə yoxlamadan həyata keçirə bilərsiniz", - deyə C.Bayramov açıqlayıb.
Onun sözlərinə görə, Bakı heç vaxt diplomatik etiketi aşaraq birbaşa Türkiyənin xaricdəki səfirliklərinə müraciət etməyib, bütün təmaslar yalnız Türkiyə XİN xətti ilə həyata keçirilib.
"Bu dünya diplomatiyası tarixində bənzəri olmayan bir qərar idi və bu, sözdə yox, əməldə əsl qardaşlığın təzahürü idi", - XİN rəhbəri vurğulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər