Bu gün XİN başçısı Tehranda prezident Ruhani, həmkarı Zərif və digər rəsmilərlə görüşəcək, Qarabağ savaşından sonra yeni əməkdaşlıq formatı masada
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün - dekabrın 9-da İranda rəsmi səfərdə olacaq. "Yeni Müsavat” xəbər verir ki, bu, C.Bayramovun İrana ilk səfəridir.
Bundan əvvəl İranın xarici işlər naziri Cavad Zərifin Bakıya səfəri nəzərdə tutulurdu, amma təxirə salındı. Zərifin dəvəti ilə Tehranda olacaq XİN başçımız görüşlər keçirəcək və məsləhətləşmələr aparacaq. Bu məlumat yayıldığı tarixdə - dekabrın 7-də C.Bayramovla İsrail Xarici İşlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub. Bu da çox maraqlı və paradoksal hadisədir.
Lakin deməliyik ki, həm İsrailin, həm İranın Qarabağ savaşında tutduğu mövqe Azərbaycanı razı salıb. Xüsusən də rəsmi Tehranın 44 gün ərzində sərgilədiyi münasibət, İran Ali lideri Əli Xameneyinin dəstək açıqlamaları Azərbaycanın ürəyincə oldu. Prezident İlham Əliyev də Cəbrayılda olarkən Xudafərini "dostluq körpüsü” aldandırmışdı.
Eyni zamanda İrandan Ermənistan üçün hava məkanını bağlamağı xahiş etdiklərini, Tehranın da bunu nəərə aldığını xüsusi vurğulamışdı. Hərçənd müharibənin ilk günlərində qonşu ölkədən verilən bəzi açıqlamalar müəyyən narahatlıqlar doğurmuşdu. Amma çox çəkmədi ki, münasibətlərə aydınlıq gətirildi. Nazirin Tehrana səfəri də bu qəbildən əhəmiyyət kəsb edir. Təhlilçilərin fikrincə, müharibədən sonra regionda əməkdaşlıq üçün yeni şanslar yaranıb.
Hansısa dövlətin Azərbaycan-İsrail əlaqələrini təftiş etməsi mənasızdır » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Buna həm Azərbaycanın cənub sərhədlərinə nəzarəti özünə qaytarması, Naxçıvanla koridorun yaradılması istiqamətində böyük addımların atılması, Türkiyənin mövqeyi və sair daxildir. Məlumdur ki, Türkiyə və İran arasında münasibətlər normal tempdə davam edir. Hətta ötən həftə ölkə prezidentləri telefonla danışıb. Bu baxımdan İran-Azərbaycan-Türkiyə və digər regional əməkdaşlıq formatları masadadır. Təbii ki, müharibənin nəticələri bölgədə yeni iqtisadi perspektivlər açır və bu məsələlərin Bayramovla Zərif arasında müzakirə olunacağı istisna edilmir. Eyni zamanda iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən sonra ABŞ-İran münasibətlərindən yeni gərginlik Azərbaycanı narahat etməyə bilməz.
Vaşinqton Bakının strateji tərəfdaşıdır, Tehran əbədi qonşudur və regionda sabitlik bizim üçün əşədü-ehtiyacdır. Ona görə ABŞ-İran münasibətlərinin pisləşməsi Azərbaycanı qane etmir.
Bu proseslərin fikir mübadiləsi gözləniləndir. Lakin prioritet mövzunun əməkdaşlığın genişləndirilməsi olacağı ehtimal edilir.
Səfərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər "Yeni Müsavat”a bildirdi ki, regionda yeni vəziyyət yaranıb. Onun sözlərinə görə, Cənubi Qafqazda və Azərbaycanda vəziyyət köklü şəkildə dəyişib və İran buna uyğunlaşmaq istəyir, təşəbbüslər göstərir. "Amma İranın maraqlarına uyğun cavab vermir, Tehran hələ axtarışdadır, səylər göstərir. Ceyhun Bayramovun səfərinə də bu kontekstdə baxmaq lazımdır. Bundan başqa, Azərbaycanın müharibədə qazandığı qələbədən sonra danışıqlar formatı, yeni perspektivlər, Naxçıvanla Qərb rayonları arasında dəhlizin açılması geopolitik məsələlərdir. İran yeni şəraitdə öz siyasətini müəyyən etmək, öz maraqlarına uyğun davranmaq istəyir. O baxımdan nazirin Tehrana səfərini kəşfiyyat xarakterli gediş kimi qiymətləndirmək olar”.
S.Əkbər hesab edir ki, Azərbaycan savaşdan qalib çıxıb, güclənib və bu da İranda yaşayan türklər üçün ilham qaynağına çevrilib: "Bu qələbə millətçiliyi körükləyən hadisədir. İran bundan narahatdır. İkincisi, Türkiyənin Cənubi Qafqaza gəlməsi, silahlı qüvvələrinin yerləşməsindən narahatdır. Həmçinin Rusiyanın Türkiyə ilə birgə hərəkət etməsindən, Türkiyənin Azərbaycana quru yolunun açılmasından, nəqliyyat, ticarət və enerji yolunun buradan keçəcəyindən narahatdır. İran ona ziyan vuracağını güman edir. Odur ki, çoxsaylı səbəblər var və bu məsələlər müzakirə olunacaq”.
Yaxın Şərq siyasəti üzrə yazar, ekspert Kənan Rövşənoğlunun sözlərinə görə, indi Tehranla bir sıra mövzuların müzakirəsi lazımdır. "İlk olaraq bu müharibə nəticəsində İranla 132 kilometrlik sərhədimiz bərpa olundu, eyni zamanda Xudafərin su anbarı və eyni adlı SES-in yaradılması planları var. Bu barədə Prezident İlham Əliyev İran rəsmi nümayəndəsi Abbas Əraqçi ilə görüşündə də dedi. Artıq Xudafərin su anbarından Azərbaycan da istifadə edəcək və Arazboyu ərazilərdə suvarma aparılacaq. Bundan başqa, yeni şəraitdə əməkdaşlıq imkanları, eləcə də Tehranın azad edilmiş ərazilərin bərpa prosesində iştirakı kimi məsələlər var”, - deyə K.Rövşənoğlu qeyd etdi. Onun fikrincə, açıqlanmayan siyasi və regional təhlükəsizlik mövzularında Tehran və Bakı arasında müzakirələrə ehtiyac yaranıb: "Ümumilikdə Vətən müharibəsi prosesində Tehranın davranışı və Bakının reaksiyası göstərdi ki, Azərbaycan cənub qonşusu ilə sağlam, dost münasibətlərini qoruyub saxlamaqda maraqlıdır. Və bunu ölkə rəhbərliyi hər fürsətdə vurğuladı. Bu, həm daxil, həm xaric üçün mesaj idi”.
Politoloq Ramiyə Məmmədova hesab edir ki, Azərbaycan-İran arasında yeni ticari əlaqələr qurulacaq, Xudafərin su anbarından istifadə müzakirə ediləcək, regiondakı yeni reallıqlarla bağlı tərəflərin baxışları bir-birinə tanış olacaq: "Rəsmi Tehranın dəvəti əsasında baş tutan səfərdir. Müharibədən sonra ilk səfərin İrana olması göstərir ki, qonşu ölkənin bilmək istədiyi və özü üçün müəyyənləşdirməli olduğu məsələlər qalıb. İran Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlığından kənarda qalmaq istəmir. Hər halda regionda yeni iqtisadi açılımların təməli qoyulduğunu güman etmək olar”.