"Çin bu məsələdə geri addım atmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Çinin Tehrandakı səfirinin İran XİN-nə çağırılması və ona etiraz notasının verilməsini şərh edərkən deyib.
Ə.İbrahimov bildirib ki, İran fars körfəzində yerləşən 3 adaya görə Birləşmiş Ərəb Əmirlikləri ilə ciddi münaqişə vəziyyətindədir:
”Baxmayaraq ki, bu adalar - Böyük Tomb, Kiçik Tomb və Əbu Musa hazırda İranın ərazisi hesab olunur, BƏƏ-də iddiasından əl çəkmir və beynəlxalq münasibətlərdə hər zaman bu faktdan İrana qarşı istifadə edir. BƏƏ ilə Çin arasında bu yaxınlarda aparılan danışıqlar və imzalanan sənədlərdə də həmin fakt öz təsdiqini tapıb. Çin qeyd olunan sənədlərdə BƏƏ-ni mövqeyini dəstəkləməkdən çəkinməyib və adaların həqiqətən də ərəb ölkəsinə məxsus olduğunu təsdiq edib. Pekinin bu mövqeyi İran tərəfindən anlaşılmazlıqla qarşılanıb”.
Ə.İbrahimov deyib ki, Çinlə münasibətlərin yüksək səviyyədə olduğunu düşünən Tehran mübahisəli adalarla bağlı onun ən azından neytral qalacağına ümid edib:
"Amma Pekinin tamamilə əks mövqedən çıxış etməsi İranı bir qədər hiddətləndirib. Məhz ona görə də Çinin Tehrandakı səfirliyi İran XİN-ə çağırılaraq etiraz notası təqdim olunub”.
Həmsöhbətimiz qeyd edib ki, bu notanın İranın istədiyi nəticəni verəcəyini düşünmür:
"Çünki yetərincə praqmatik xarici siyasət yeridən Çin adalar məsələsində də BƏƏ-ni dəstəkləməsinin verə biləcəyi nəticəni qabaqcadan hesablayıb. Çin beynəlxalq münasibətlər sahəsində atdığı addımların nəticəsini aradan qaldırmağa qadir ölkədir. Onun geri addım atacağını düşünənlər, İran da daxil olmaqla, siyasətdə yeni və sadəlövh olanlardır”.
Ekspert Terhanın da bunu başa düşdüyünü, sadəcə daxili auditoriya üçün bu sayaq demarş etdikləri qənaətindədir:
"Tehranda da bunu başa düşməmiş deyillər. Amma daxili auditoriya üçün demarş etmək məcburiyyətindədirlər”.
Qeyd edək ki, Çinin İrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə IRNA məlumat yayıb. Məlumata görə, buna səbəb "Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi" olub. Bununla əlaqədar diplomata etiraz notası təqdim edilib. Bildirilib ki, İran İslam Respublikası 3 ada (Böyük Tomb, Kiçik Tomb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir.
Rüfət Sultan
Şərhlər