ABŞ kimi nəhəng dövlətin başında dayanan prezident Co Baydenin bu və ya digər tədbirlərdə özünü qəribə aparması medianın diqqətindən yayınmır. Belə ki, çıxış edərkən o, bəzən çaşır, bəzən qəribə hərəkətləri ilə gülüş hədəfi olur. Çıxışlarının birində Ukrayna ilə İranı dəyişik salan prezident Bayden barədə lətifələr dolaşmaqdadır. Bayden bəzən çıxışı zamanı Vaşinqtonun dostu olan ölkələrin adlarını da dəyişik salır. ABŞ prezidentinin mətbuat konfranslarında yuxulaması, xorultusu ilə jurnalistləri əyləndirməsi adi hala çevrilib.
Bir qədər əvvəl isə C. Bayden Ağ Evdə müsəlmanların mübarək Ramazan ayına həsr olunmuş tədbirində çıxışı zamanı prezident olduğunu belə unutmuş və özünü Delaver ştatının senatoru adlandırmışdı. Ötən ilin dekabrında isə Cənubi Karolina Dövlət Universitetində tələbələr qarşısında nitq söuləyən zaman o, vitse-prezident Kamala Harrisin vəzifəsini unudaraq onu prezident kimi təqdim etmişdi. Bu hadisədən bir neçə gün əvvəl isə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ad və soyadını unudan Bayden ciddi tənqidlərə tuş gəlmişdi.
Görəsən, belə bir insan ABŞ kimi nəhəng dövlətin başında necə dayanır? Bu, prezidentlik institutunun bu ölkədə ciddi önəm kəsb etməməsinin, yoxsa demokratiyanın qüsurudur?
Məsələ barədə Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli bildirib ki, Rusiyadan fərqli olaraq, ABŞ -da hakimiyyət başında dayanan şəxsin iradəsi hər şeyi həll etmir, Birləşmiş Ştatlar güclü komanda tərəfindən idarə edilir: "Demokratik cəmiyyətlərdə bu tip olayların baş verməsini normal qəbul etmək lazımdır. Bu xalqın seçimidir. ABŞ-da konkret olaraq iki partiya - Respublikaçılar və Demokratlar hakimiyyətdə bir-birini əvəzləyirlər. Bu partiyaların da ənənəvi seçiciləri var. Bu mənada tərəddüd edənləri prosesə kim qoşa bilirsə, o da uğur qazanır. Bir sözlə, bütövlükdə mexanizm olaraq ABŞ-da partiyalar sistemi işləyir. Amerikada dövləti institutlar idarə edir. Ölkənin taleyi bir şəxsin iradəsindən asılı deyil. Bu baxımdan, Baydenin tez-tez çaşaraq səhvə yol verməsi hər hansı bir təhlükə törətmir. Bəlkə də gənc, daha enerjili bir siyasətçinin dövlət başçısı olması Amerikanın siyasətini daha yaxşı qurmağa xidmət edə bilər. Amma Baydenlə bağlı yaşananlar bütün hallarda Amerika cəmiyyəti üçün ciddi probemlər yaratmır. Rəy sorğuları da göstərir ki, Amerika xalqı onun siyasətindən o qədər də narazı deyil”.
Rüfət Sultan