Dünya 13:34 27.05.2022

Conson Zelenskiyə Rusiyaya qarşı ittifaq yaratmağı təklif edib - "Corriere Della Sera"

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyaya qarşı Avropa Birliyi yaratmağı təklif edib. Aİ-nin ayrı-ayrı ölkələrinin mövqeyini nəzərə alsaq, bu alyans Ukraynanın Aİ-yə daxil olmasına alternativ ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın "Corriere Della Sera" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ayrı-ayrı ölkələrin Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi ilə bağlı qeyri-müəyyən mövqeyinə görə Conson Brüssel üçün bütün kartları qarışdırmağa çalışır, siyasi, iqtisadi və hərbi birliklərin yeni sistemini təklif edir. Ehtimal olunur ki, Aİ və Almaniyanın Rusiyanın hərbi təcavüzünə cavab mövqeyindən narazı olan ölkələr yeni alyansda toplaşa bilərlər.

Danışıqlarla tanış olan mənbələr bildirirlər ki, Conson bu ideyanı bir aydan çoxdur irəli sürür. O, bunu ilk dəfə aprelin 9-da Kiyevə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə təqdim edib.

Nəşr yazır ki, Avropa Birliyinin təklif olunan modelinə təşkilatın lideri kimi Böyük Britaniya və sonrakı mərhələdə Ukrayna, Polşa, Estoniya, Latviya və Litva kimi ölkələr, ola bilsin ki, bir müddət sonra Türkiyə də daxil olacaq.

Bu günə qədər Kiyev bu təşəbbüslə bağlı qəti mövqe nümayiş etdirməyib. Ancaq Ukrayna elitası əmin olub ki, Almaniya və Fransada çox az adam Vladimir Putinin məğlubiyyətinə ümid edir, bu da Rusiyaya qarşı sanksiyaların və silahların tədarükü ilə bağlı gecikmələrin səbəbidir.

"Corriere Della Sera” yazır ki, Zelenski Aİ liderlərinin iyunun 23-də keçiriləcək sammitini və onların Aİ üzvlüyünə namizəd statusu ilə bağlı qərarını gözləyir. Amma bu sammitin qərarının Ukraynanın ümid etdiyi qərar olacağı fakt deyil. Çünki bu, namizəd statusunu illərdir gözləyən Albaniya və Şimali Makedoniyanın etirazına səbəb ola bilər.

Başqa bir fərziyyəyə görə, Avropa İttifaqı Kiyev üçün Avropa perspektivinin olması ilə bağlı qeyri-müəyyən bəyanatla kifayətlənəcək. Belə olan halda Zelenski Consonun təklifini daha ciddi qəbul edə bilər.

Bununla belə, ola bilsin ki, iyun qərarları ərəfəsində Avropa liderlərinə təzyiq göstərmək üçün yeni Avropa Birliyi ilə bağlı şayiələr yayılır. 
"Corriere Della Sera” hesab edir ki, London layihəsi Ukraynanı dəstəkləmək üçün Avropa İttifaqı ilə eyni maliyyə imkanlarına malik olmadığı üçün ayaqları gildən olan nəhəng layihədir.

Nizami Bağırov