Xəbər lenti

Üçtərəfli Qarabağ bəyanatı Azərbaycana nə verir? - Detallar
Siyasət10:12 13.11.2020

Üçtərəfli Qarabağ bəyanatı Azərbaycana nə verir? - Detallar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlkin Həsənli

Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Qarabağla bağlı bəyanat imzalandı. Bəyanat ilk gündən etibarən müxtəlif müzakirələr, tənqidlərə və təqdirlərə səbəb oldu. Ermənistan əhalisi sənədi kapitulyasiya kimi qəbul edərək, Paşinyana qarşı etirazlara qalxdı. Onlar sənədin ləğv edilməsini və Paşinyanın istefa verməsini tələb edirlər. Bununla belə Ermənistan tərəfində hələ də bu sənədin ləğvinin mümkünlüyü barəsində iddia səsləndirənlər var.

Azərbaycan tərəfində situasiya tam fərqli oldu. Ölkədə sənədin kəskin tənqidçiləri hələ də var.

Sənəd əslində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Sənəddə pozitiv olan çox məqam var, amma bu həm də sənəddə neqativ olan və ya ola biləcək məqamların olmaması anlamına gəlmir. Hər bir halda görünən odur ki, sənəddə Azərbaycanın bundan öncəki görüşlərdə irəli sürdüyü tələbləri də nəzərə alınaraq tələsik şəkildə hazırlanıb. Beləliklə, sənədin Azərbaycan üçün pozitiv məqamlarına, əslində nəyə xidmət etdiyinə və regiona necə təsir göstərəcəyini analiz edək.

Qarabağ bəyanatı Azərbaycanın xeyrinədirmi?

Təbii ki, bu bəyanat sülh müqaviləsi deyil. Onu atəşkəs müqaviləsi adlandırmaq daha doğru olar. Daha dəqiq desək, bu sənəd yekun sülh müqaviləsinə aparan yoldur.

Bəyanatın ilk maddəsində münaqişənin tərəfi kimi yekun olaraq Azərbaycan və Ermənistan qəbul edilir. Bu isə dolayısı yolla Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə əldə etdikləri dörd bəndlik razılaşmanın son bəndlərindən biriylə uyğunluq təşkil edir. Bu həm də o deməkdir ki, döyüş Azərbaycan ərazisində aparılıb, Ermənistan Azərbaycan ərazisinə rəsmən müdaxilə edib və nəticədə onu işğal edib. Ona görə də İrəvan bununla həm də qondarma Qarabağ Respublikası adlı qurumun danışıqlara cəlb olunması kimi iddialardan tam imtina etmiş olur. Bu isə Ermənistan üçün çox böyük zərbədir. Ona görə ki, Ermənistan özünü konfliktin tərəfi olmadığını göstərməyə çalışırdı. Məhz buna görə, Ermənistan həm də Qarabağın özünə birləşdirilməsi və ya Qarabağın tanınması kimi addımlar atmaq istəmirdi.

Digər tərəfdən Ermənistanın tərəf kimi qəbul edilməsi, dolayısı yolla öz müqəddəratını təyinetmə söhbətinin dağılması anlamına gəlir. Bir sözlə, işğalın təsdiqləndiyi yerdə hansısa müqəddərat təyini məsələsindən söhbət gedə bilməz.

Bununla belə öz müqəddəratını təyini məsələsinə əsas problem Rusiya sülhməramlılarıdır. Sentyabrın 27-də əks hücum əməliyyatları başladıqdan sonra Rusiya dəfələrlə konfliktin etnik xarakter daşıması ilə bağlı vurğular edib və onun indi də belə vurğular edəcəyini istisna etmək olmaz. Lakin bəyanatın 7-ci bəndi (qaçqın və məcburi köçkünlərin geri qayıtması) və üstəlik, Azərbaycanın rus sülhməramlılarının burada yerləşməsinə izn verməsi rusların indiki şəraitdə əvvəlki kimi kəskin vurğular etməsinə və bununla bağlı əvvəlki kimi görüntü yaratmasına mane olur.

Ermənistanın tərəf olaraq qəbul edilməsinin başqa məqamı Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan işğal olunmuş ərazisində Bakıya vurulan ziyana görə İrəvanın cavabdehliyi üzərinə götürməsi deməkdir. Bu da Azərbaycanın Ermənistandan rəsmən kompensasiya tələb etməsinə imkan yaradır.

Azərbaycan hansı ərazilərə nəzarət edəcək?

Bəyanatın birinci bəndinin digər önəmli məqamı tərəflərin hazırda tutduqları mövqedə qalacağıdır. Burada insanları düşündürən əsas məqam ermənilərin hansı ərazilərə nəzarət edəcəyidir. Bu vaxta qədər bəyanatdan sonra konflikt bölgəsində vəziyyətin necə olacağı ilə bağlı bir neçə xəritə çıxsa da bunların heç biri rəsmi xarakter daşımır (yalnız rusların rəsmi xəritəsi var ki, o da hələ Azərbaycan və Türkiyə tərəfindən tam qəbul edilmir).

Tərəflərin hazırda tutduqları ərazidə qalması, Azərbaycanın rəsmən azad etdiyi ərazilərə yox, onun real olaraq mövqe tuduğu bölgələrə aid edilir. Bunu nəzərə alarsaq, o zaman təsəvvür edilən xəritənin əslində müəyyən qədər fərqli olacağını görmək mümkündür. Biz bilirik ki, Azərbaycanın azad etdiyi ərazilər hər zaman ordumuzun nəzarətində qalacağı zəmanət altına alındıqdan sonra açıqlanırdı. Bu isə əslində döyüşlərin azad edildiyi açıqlanan ərazilərdən daha uzaqda getdiyini təxmin etdiyini imkan verirdi. Hazırkı situasiya da məhz bu cür düşünməyə əsas verir. Bu o deməkdir ki, əslində Azərbaycan ordusu rəsmən açıqlanan ərazilərdən bir neçə kilometr irəlidədir.

Bununla belə burada diqqət ediləsi məqam var. Tərəflərin özlərinin tutduğu ərazidə qalması, rus sülhməramlılarının yerləşdiyi ərazi ilə digər bölgələr arasında səngərlərin qazılması və ordunun bu ərazidə mövqe tutması anlamına gəlmir. Əgər belə olsaydı o zaman Qarabağa 1960 rus hərbçisi əvəzinə 40 minlik ordu gətirilərdi. Sülhməramlıların əslində məqsədi xalqların birgəyaşayışının zamanla təmin edildiyi dönəmdə sadəcə ortada müvəqqəti kordon rolunu oynayıb, düşmən olan tərəflər arasında gərginliyin yaranmasına mane olmaqdır. Yəni məqsəd ordunun qarşısını alıb, ona müqavimət göstərmək deyil. Əgər rus sülhməramlılarının sayını nəzərə alarsaq, hətta xüsusi təyinatlı olsalar belə əlindəki texnika və imkanlarla döyüş görmüş orduya qarşı dayana bilməsi ehtimalı sıfıra bərabərdir.

Yuxarıda sadalananları nəzərə alarsaq, bu o mənaya gəlir ki, bəyanatla döyüş fəaliyyətləri tam bitəcək. Bunun sayəsində Azərbaycan ordusu müəyyən təhlükəsizlik tədbirlərinin görülməsindən sonra hazırda səngərdəki kimi dayandığı və səpələndiyi yerlərdən çəkiləcək (Ermənistanla sərhəd istisna olmaqla). Ordunun Qarabağda özünün dislokasiya yerləri olacaq. Bu isə o deməkdir ki, Qarabağın müxtəlif bölgələrində digər Azərbaycan ərazilərində olduğu kimi hərbi hissələr yaradılacaq və həyat bütün Qarabağ ərazisində Azərbaycanın digər yerlərində olduğu kimi öz axarında davam edəcək. Yeganə fərqli məqam Azərbaycan ordusunun girmədiyi rayonlarla bağlı olacaq ki, onların da sərhədləri boyunca (bəyanata və David Tonoyanın açıqlamasına görə yalnız sərhədləri boyunca yerləşəcək və sərhədin daxilindəki ərazilərdə yarana biləcək bəzi situasiyaları çıxmaq şərti ilə hansısa qərarvermə statusu olmayacaq) rus sülhməramlıları, onların qarşısında isə türk sülhməramlıları yerləşəcək. Yəni zamanla bu ərazilərin daxilində Azərbaycanın hüquq mühafizə orqanları və digər strukturları yerləşəcək. Bu isə öz növbəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması deməkdir.

Bu iddianı gücləndirməyə yardım edən əsas məqam 7-ci bənddir (qaçqın və məcburi köçkünlərin geri qayıtması). Burada qaçqın son savaşda Qarabağdan Ermənistana qaçan ermənilər, məcburi köçkün isə I Qarabağ savaşında yaşadıqları ərazini tərk etmiş azərbaycanlılardır. Bütün bu insanların yalnız könüllü əsaslarla geri dönüşü təmin edilir. Yəni əgər hansısa erməni dönmək istəmirsə, onun üçün heç kim yalvaran deyil. Burada başqa bir məqam da ondan ibarətdir ki, əgər hansısa erməni geri döndükdən sonra Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edib, separatçılıq etsə həbs ediləcək, başqa ölkənin vətəndaşı olmaqda isə israr etsə (məsələn, Ermənistan və Rusiya) o zaman sadəcə ölkədən sərbəst şəkildə çıxışı təmin ediləcək. Bu həm də o deməkdir ki, Qarabağdakı ermənilərə zamanla Azərbaycan pasportları veriləcək.

Əgər bəyanatı diqqətlə analiz etsək, görərik ki, bu insanların geri dönüşünü konfliktin tərəfi olan Azərbaycan və Ermənistan təmin etməlidir. Yəni Azərbaycan hazırda nəzarətindəki bölgələrə, Ermənistan isə rus sülhməramlıların olduğu ərazilərə ermənilərin dönüşünə şərait yaratmalıdır. Bu isə həm də o deməkdir ki, hər iki tərəf ayrı-ayrılıqda buranın infrastrukturunu qurmalı, əhalinin yaşayışı üçün ilkin şərait formalaşdırmalıdır.

Azərbaycan rəhbərliyi məhz bu və bizim digər bilmədiyimiz başqa bəzi məqamları nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu deyir. Ən azından bir şeyi nəzərə almaq lazımdır ki, ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq heç bir lider Xocalı kimi yerin rəsmən Ermənistanın əlində qaldığını bilərək, yalandan heç vaxt ərazi bütövlüyünün bərpa olunduğunu deməzdi. Bu səhv həmin liderin və ya hakimiyyətin nüfuzunu kökündən zədələyərdi.

Ərazi bütövlüyünün bərpa olunması ilə bağlı başqa bir məqam isə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun yalnız Azərbaycanın təyin etdiyi nöqtələrdə Türkiyə və Rusiya sülhməramlılarının dayanacağını deməsidir. Bu isə o deməkdir ki, Azərbaycan yalnız özü ərazisində nəyin ola biləcəyini müəyyən edir.

Kəlbəcər məsələsi

Rusiya mətbuatının hazırladığı xəritənin təsəvvür edilən fərqli olacağını düşünməyə vadar edən başqa məqam isə 2-ci və 6-cı maddələrdədir. Belə ki, 2-ci maddəyə görə Azərbaycana Ağdam, 6-cı maddəyə görə isə Kələbəcər rayonu (həm də Laçın rayonu) qaytarılır. Bununla belə sənəddə bu ərazilərin 1991-ci ildəkindən öncəki yoxsa sonrakı sərhəddə Azərbaycana qaytarılacağı ilə bağlı dəqiqləşmənin yer almamasıdır. Əgər birinci bəndə əsaslanaraq Azərbaycan və Ermənistanın tərəf olaraq cəlb olunduğunu nəzərə alsaq, eləcə də Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını qəbul etsək, dolayısı yolla deyə bilərik ki, Rusiya Azərbaycanda olan ərazi bölgüsünə Bakının daxili işi kimi baxır və yalnız bunu qəbul edir. Bu isə Kəlbəcər və Ağdamın yeni sərhədlər çərçivəsində Azərbaycana qaytarılacağını güman etməyə əsas verir. Yeni sərhədlər dedikdə isə Ağdərə rayonunun ləğvindən sonra onun kəndlərinin Kəlbəcər, Ağdam və Tərtər arasında bölünməsi nəzərdə tutulur. Bu isə avtomatik olaraq Kəlbəcər və Ağdamın ərazilərinin keçmiş DQMV sərhədləri içinə daxil olması anlamına gəlir. Bu isə o deməkdir ki, bu ərazilərdə sülhməramlılar yerləşdirilməyəcək. Bunun nə dərəcədə real olduğunu 15 noyabr göstərəcək. Hər bir halda indiki bu məsələ həyati əhəmiyyət kəsb etmir, çünki istənilən halda Azərbaycanın ərazi bütövlüyü sonrakı müddətdə tam bərpa edilmiş olur.

Laçın problemi

Digər tərəfdən önəmli məqam Laçın dəhlizi barədə bənddir. Dəhlizin beş kilometr enində olması uğursuzluq deyil. Bu dəhlizin bütün təhdidlərə qarşı daima nəzarətdə saxlamasını asanlaşdırır. Üstəlik dəhlizlə bağlı başqa məqam Azərbaycan ordusunun yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınmasına zəmanət verməsidir. Yəni dəhlizdən başqa hərbi yük və ya digər hərbi xarakterli materialın keçməsi (rus sülhməramlılarına aid olmayan) onun tam məhv edilməsinə şərait yaradır.

Lakin Laçın məsələsində müəmmalı qalan bir məqam var. Bu isə Laçın dəhlizinin başlanğıc nöqtəsində qaçqın və məcburi köçkünlərin köçürülməsindən nəzarət necə təmin ediləcəyi ilə bağlıdır. Azərbaycan hansı formada öz ərazisinə bu dəhliz vasitəsilə hansısa başqa ölkənin vətəndaşının daxil olmamasıyla bağlı zəmanət alacaq? Belə güman etmək olar ki, bununla bağlı mexanizm hansısa formada hazırlanacaq və bu mütləq şəkildə Azərbaycanla razılaşdırılacaq.

Əli silahlı erməni əsgəri qalacaqmı?

Ən mühüm məsələ 4-cü bənddir. Bu bənddə Azərbaycan ərazisindən Ermənistan Silahlı Qüvvələri yox, erməni silahlı qüvvələrinin çıxarılması sözləri yer alıb. Bu isə onu deməyə əsas verir ki, Qarabağdan təkcə Ermənistan ordusu yox, həm də digər erməni hərbi birləşmələri də çıxmalıdır. Azərbaycan üçün ən önəmli məqam məhz budur. Təhdid yaradan 40 minlik ordu və hərbi birləşmə yerinə 1960 nəfərlik kontingent ilkin mərhələdə Azərbaycan üçün uğur sayıla bilər.

Bununla belə bu Qarabağda döyüşən əsl yerli qarabağlı əsgərlərin buranı tərk etməsi anlamına gəlmir. Yəni bu əsgərlər öz istəklərinə uyğun olaraq Qarabağda yaşaya və ya oranı birdəfəlik tərk edib gedə bilərlər. Əsas məsələ odur ki, bu şəxslər silahı təhvil verməli olacaqlar. Yəni Qarabağ ərazisində daha dəqiq desək rus və türk sülhməramlılarının yerləşdiyi ərazidə heç bir erməni hərbi texnikası olmayacaq və onlar sülhməramlılar tam yerləşənə qədər Azərbaycanı tam tərk edəcəklər. Doğrudur, Qarabağda bəzi keçmiş əsgərlər hansısa formadan atıcı silahlarını hətta minaatanlarını (maksimum bunu edə bilərlər o da məhdud sayda) gizlədib saxlaya bilərlər, amma bu nizami ordu qarşısında təhdid yaratmaq üçün yetərli deyil. Ordunun olmaması, məcburi köçkünlərin qayıtması, Azərbaycanın burada strukturlarını bərpa etməsi və Ermənistanın konfliktdə tərəf kimi tanınması avtomatik olaraq separatçı respublikanın çöküşü deməkdir (İrəvan məhz bu amili israrla xalqdan gizlətməyə, fikir yayındırmağa çalışır).

Naxçıvan üçün dəhliz

Azərbaycan üçün başqa önəmli uğur isə Naxçıvanla əlaqənin bərpasına zəmanətin verilməsidir. Burada diqqət olunması gərəkən məqam bəyanatda Ermənistanın yollarından istifadə edərək Naxçıvanla əlaqə yaratması yox, məhz yeni yol yaratmasıdır. Bunun Ermənistan magistral yollarına toxunmadan necə keçəcəyini təsəvvür etmək bir qədər çətindir. Önəmli olan odur ki, bu həm ölkə iqtisadiyyatı, həm də Naxçıvanın özünün inkişaf etdirilməsi üçün çox faydalı olacaq.

Qarabağın statusu

Azərbaycanın ərazi bütövlüyü bərpa edildiyi üçün Qarabağa hər hansı statusun verilməsi planlaşdırılmır. Bunu prezident İlham Əliyev bəyanatın imzalandığı gün israrla, dəfələrlə təkrar edərək söylədi. Doğrudur, Ermənistan tərəfi hələ də yekun statusun müəyyən edilmədiyini deyir ki, buna da tam ciddi yanaşmaq mümkün olmur. Böyük ehtimalla Paşinyan əhalinin qəzəbinə tam tuş gəlməmək üçün belə addım atır.

Əslində Rusiya tərəfi də status məsələsində açıq fikirlərdən yayınır. İndiyə qədər yalnız Lavrov status məsələsinə cavab verməli olub ki, o da "status etnokonfensional razılığın bərpa edilməsi üçün hansı addımların atılması gərəkdiyindən asılı olaraq müəyyən ediləcək” deməklə kifayətlənib. Bu isə o deməkdir ki, hər şey xalqların bir-birinə yenidən necə qaynayıb-qarışacağından asılıdır. Əgər Azərbaycanın indiyə qədər multikultiralizm, eləcə də ölkədə müxtəlif etnosların yaşamasını təbliğ etməsiylə bağlı xərclədiyi zamanı və pulları nəzərə alsaq, bu məsələ Bakı üçün elə böyük təhdid kəsb edir və Bakı onu mütləq hansısa formada həll edəcək. Bu isə status məsələsinin yoxa çıxması anlamına gələcək.

Vertolyot oyunu: Sülhməramlılar niyə anidən peyda oldu?

Rus sülhməramlılarının Azərbaycana gətirilməsi məsələsinə gələk. İmzalanan bəyanatda müəyyən dəqiqliyin olmaması onun Azərbaycanın əvvəlki danışıqlarda tələb etdiyi şərtlərin böyük qisminin yerləşdirilərək tələsik hazırlanması ilə bağlı iddialar irəli sürməyə imkan verir. Məhz bu tələsikliyə görə bəyanatın imzalandığı gündən bu yana ruslar razılaşma mətnini iki dəfə dəyişdirib, müxtəlif ziddiyətli bəyanatlar sonra özlərini sülhpərvər kimi təqdim edərək, müəyyən dəyişikliklər etməyə başlayıblar. Xüsusilə bu, Türkiyə ilə bağlı verilən açıqlamalara şamil edilməlidir.

Savaşın ilk günlərindən Rusiya dəfələrlə Azərbaycanı dayandırmağa və özünün dominant olduğu bölgədə yalnız öz qaydalarının keçərli etməyə çalışıb. Bununla belə Bakı hər dəfə müxtəlif manevrlər edərək, xüsusilə Türkiyənin aktiv siyasi dəstəyindən yararlanaraq öz təmizləmə əməliyyatlarını sürətli şəkildə davam etdirib. Türkiyədən gələn açıq dəstək Moskvanın müharibənin ilk günlərində Azərbaycana sərt təzyiqinə imkan verməyib. Belə ki, Moskva Azərbaycana qarşı atılacaq hər addımın qarşılığında Qafqazda öz təsirini gücləndirməkdə və əsas oyunçuya çevrilməkdə maraqlı olan Türkiyədən cavab alacağını bilib. Buna görə də Rusiya Qarabağ məsələsinə açıq müdaxilədən daha çox Ermənistana gizli hərbi yardım yolunu tutub. Yeri gəlmişkən bu məsələ bəyanatın imzalanmasından dərhal sonra Ermənistan hökumətinə yaxın "Bagramyan 26” Teleqram kanalı, eləcə də Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan tərəfindən etiraf edilib.

Bakıya təkcə Türkiyə yox, digər istiqamətlərdən də həm açıq, həm də gizli formada dəstəyin olduğunu görən (bilinən ənənəvi dəstəkçilərdən əlavə ABŞ və Britaniyanın həddən artıq az aktivliyi) Moskva prosesin tam əldən çıxmamasına çalışıb. Moskvanın məqsədi minimal da olsa Qarabağ vasitəsilə Azərbaycana təsir rıçağını əlində saxlamaq olub. Maraqlı məsələ odur ki, Rusiyanın Qarabağla bağlı aktivliyi Azərbaycan Şuşaya yaxınlaşdıqca artıb. Məhz bu dövrdə Nikol Paşinyanın rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi ilə bağlı səsləndirdiyi ifadələr daha da intensivləşib. Görünən odur ki, ruslar sülhməramlı məsələsini reallaşdırmaq məsələsinə noyabrın 2-dən sonra (noyabrın 2-də Putinlə İlham Əliyev arasında danışıq olub. Prezidentin bunun ardınca verdiyi müsahibədə əvvəlki ifadələrini yenidən təkrarlaması göstərir ki, Əliyev Putinin tələbini qəbul etməyib) başlayıblar. Görünən odur ki, Rusiyanın hərbi rəhbərliyi ermənilərin Şuşada dayana bilməyəcəyini öncədən müəyyən edə biliblər.

Əgər rus vertolyotunun vurulması anına baxıb, XİN-in yaydığı bəyanatı oxusanız görərsiniz ki, hadisə səhərə yaxın baş verib. Əslində vertolyotun vurulması ilə bir çox iddialar var. Bununla belə əgər hadisələrin ardıcıllığına diqqət yetirsək, vertolyot məsələsinin məhz Moskvanın oyunu olduğunu görərik. Məsələ odur ki, vurulan Rusiya vertolyotu Rusiya hərbi kolonunu müşayiət edirmiş. Üstəlik, onun vurulduğu ərazi olan Yerasx əslində Rusiya hərbi kolonunun keçməməli olduğu ərazi olub. Belə ki, məhz Yerasxdan bir neçə kilometr sonra Azərbaycanın işğal edilmiş eksklavı olan Kərki yerləşir ki, beynəlxalq hüquqa uyğun olaraq Rusiyanın da onun ərazisindən keçməsi qadağandır. Yəni Moskva bunun üçün hər bir halda Azərbaycandan icazə istəməliydi. Üstəlik rus vertolyotu Suriyada analoji vəziyyətlərdə təhlükəsizlik üçün kolonun sağında uçduğu (əgər Yerasxda vertolyot sağda uçsaydı, bu Azərbaycan sərhədi ilə vertolyot arasındakı məsafəni 7 kilometrdən bir qədər çox edir. Rusiya MN-in iddiasına görə vertolyot daşına bilən zenit raket kompleksi ilə vurulub. Azərbaycan və Rusiyada ən uzaq məsafəni vuran bu tipli komplekslər Verba və İqla-S-dir ki, onların da maksimal məsafəsi 7000 metrdir) halda bu dəfə nədənsə başqa metod seçib. Vertolyotun indiyə qədər heç vaxt uçmadığı Azərbaycan sərhədinə gözlənilmədən yaxınlaşması, məhz buna görə onun vurulması ilə nəticələnib. Ən maraqlısı odur ki, artıq ayın 13-də Rusiya vertolyotun vurulması məsələsinin Moskvanın səhvi ola biləcəyi ilə bağlı rəsmi iddialar irəli sürür.

 Mi-24 vertolyotunun keçdiyi marşrut (Şəkilin üzərinə tıklayaraq, daha yaxşı görüntü əldə etmək olar)

Bu yazılanların içində daha maraqlı bir məqam Rusiya hərbi kolonu məsələsidir. Məsələ odur ki, insidentin baş verdiyi və kolonun keçdiyi ərazi İrəvan-Xankəndi magistralına daxildir ki, onun da bir qolu Qorisə, digəri isə Sünikə qədər uzanır. Bu isə Qarabağın əldən tam çıxacağını görən rusların Qarabağdakı savaşa birbaşa girmək üçün zəmin hazırladıqlarını söyləməyə imkan verir. Əgər erməni mənbələrinə inansaq, bu qoşunların adı çəkilən ərazilərə yığılmasına ordumuzun Zəngilanın Ağbənd qəsəbəsini azad etməsindən dərhal sonra başlanıb.

Görünən odur ki, vertolyot qəzasından öncə Qarabağ istiqamətinə, xüsusilə, Sünikə qoşunlarını gətirən Rusiya buradan vertolyot insidentindən istifadə edərək Azərbaycana müdaxilə etmək niyyətində olub. Ehtimal etmək olar ki, Rusiya məhz hadisədən öncə Azərbaycana atəşkəs mətnini təklif edib. Bununla razılaşmayan Bakı hadisə baş verdikdən sonra Azərbaycanın Gürcüstanın oxşar taleyini yaşamaması, böyük itkilər verməməsi, arealı xeyli böyüyəcək savaşın yaranıb, ölkənin başqa güclərin savaş meydanına çevrilməməsi üçün məcburi olaraq rusların savaşı dayandırmaq təklifini qəbul etdiyini deməli olub. Bununla belə Bakı rusların verdiyi atəşkəs təklifinə öz şərtlərinin əksəriyyətini daxil edə bilib. Moskva isə bunlarla razılaşmaq məcburiyyətində qalıb. Buna şəraiti Azəbaycanın qalibiyyətləri, Türkiyənin dəstəyi, Rusiyanın maksimal şəkildə savaşı dayandırıb, özünün böyük zərbələrə rəğmən hələ də güc olaraq qaldığını özünə və dünyaya sübut etmək cəhdləri yaradıb.Buna görədir ki, savaş bitdikdən sonra təkcə Rusiya KİV-i yox, həm də rəsmiləri bəyanatın Moskvanın təşəbbüsü əsasında imzalandığını təbliğ etməyə çalışıblar. Türkiyənin bəyanatın imzalanmasının səhərisi günündən etibarən verdiyi açıqlamalar, eləcə də ölkənin üç önəmli qurumunun rəhbərinin Bakıda kameralar önünə çıxması, Moskvanın bu təbliğatına və görüntü yaratmaq cəhdlərinə zərbə olub.

Bununla belə Azərbaycanın Qarabağda son bir həftədə sürətli hərəkəti və maksimum ərazi azad etmək cəhdlərini nəzərə alsaq, Bakı və Ankaranın Moskvanın hansısa provokasiyaya yol verəcəyini öncədən proqnoz edə bildiyini söyləmək olar. Bu isə Əliyevin belə bir hala qarşı hansısa plan hazırladığını söyləməyə imkan verir.

Ruslar masada güclü olacaqlarmı?

Baş verənlər göstərir ki, prosesin iştirakçısı olan ölkələr arasında hələlik Qarabağla bağlı mexanizmlər hələ tam işlənib hazırlanmayıb və bunun üzərində iş aparılır. Bu isə açıqlanan bəyanatdan başqa digər razılaşmaların da olduğunu deməyə əsas verir. Buna görə də rusların danışıqlar masasında nə dərəcədə söz sahibi olacağını söyləmək çətindir. Lakin indiyə qədər baş verənlər göstərir ki, rusların imkanları sentyabrın 27-nə qədər olandan qat-qat azdır. Görünən odur ki, Moskvanın əsas istəyi Bakıya hansısa minimal təsir rıçağını saxlamaq və ondan hansısa güzəştə nail olmaqdır.

Əslində Moskvanın gözlənilmədən bölgəyə demək olar ki, özbaşına hərbi dəstə yeritməsi, onun ATƏT-in Minsk Qrupundakı həmsədr mövqeyini zədələmiş olacaq. Məsələ orasındadır ki, Moskva aşkar şəkildə Minsk Qrupunun həmsədrliyi ilə bağlı oyun qaydalarını şəkildə pozub. Buna görə də ən azından ABŞ Moskvadan hansısa formada hesab tələb etməli olacaq ki, artıq bunu edəcəyinin işartısını da verib. ABŞ-ın Dövlət Departamentinin yaydığı bəyanat onun Moskvanın əməlindən narazı olduğunu deməyə imkan verir. Bu həm də Vaşinqtonun baş verənlərə göz yumayacağı və Moskvanın etdikləri qarşılığında səssiz qalmayacağı anlamına gəlməməlidir. Görünən odur ki, Vaşinqton prosesdən kənarda qalmaq istəməyəcək və hansısa formada hətta ən minimal formada olsa belə özünün prosesə cəlb olunmasını tələb edəcək ki, bu da Kreml üçün arzuolunmazdır. Xüsusilə, ABŞ-dakı növbəti dörd il ərzində liderin qəti antirus Cozef Bayden olduğunu nəzərə alsaq, o zaman Kremli heç da yaxşı olmayan situasiyanın gözlədiyini təxmin edə bilərik. Üstəlik, Baydenə indiki halda Kremlin xüsusilə Azərbaycanda sıxışdırılması, hərtərəfli sərf edir.

Türkiyə sülhməramlılarının da bölgədə olduğunu nəzərə alarsaq, hər bir halda Moskvanın yekun sülh müqaviləsi ilə bağlı əvvəlki hansısa sərt mövqe sərgiləməməsinə gətirib çıxaracağını güman etmək olar. Onsuz da Qafqazda ağır vəziyyətə düşən Moskva üçün heç bir halda belə sərt mövqe gərəkli deyil. Təxmin etmək olar ki, Moskva hansısa güzəştləri müvəqqəti də olsa əlində saxlamağa cəhdlər edəcək.

Rus sülhməramlılarını Azərbaycandan çıxara biləcəyikmi?

Ən ağır sual məhz budur. Bununla belə rusların düşdüyü indiki situasiya bunun gerçəkləşə bilmə ehtimalını gücləndirir. Məsələ orasındadır ki, Moskva hərbi gücdür. Bunu inkar etmək sadəlövhlük olardı. Lakin unutmaq olmaz ki, son bəyanat və son savaş Azərbaycana rəsmən Türkiyə ordusunun da ayağını açdı. Bu isə Moskvanın indiyə qədər istəmədiyi əsas şey idi. Moskva türkləri buradan çıxarmağın çətin və hətta yaxın gələcəkdə mümkünsüz olduğunu bilir. Üstəlik, iki qohum millətin olması və bunun Türkiyənin Azərbaycandakı nüfuzuna çox güclü təsir etməsi, Moskvanı ən çox qorxudan məqamlardan biri idi. Moskva isə buna görə heç vaxt Türkiyə ilə daha dəqiq desək NATO üzvü olan və faktiki NATO-nun təsirini Cənubi Qafqazda genişləndirməyə çalışan Türkiyə ilə savaşa getməz. Digər tərəfdən xüsusilə Qafqazda Moskva Türkiyənin daha təhlükəli olduğunu bilir.

Digər tərəfdən unudulmaması gərəkən başqa bir reallıq Rusiyanın özündəki vəziyyətdir. Dünya nizamında dəyişikliyin getdiyi dönəmdə Moskva təkcə xaricindəki yox, həm də daxilindəki ağır problemlərin öhdəsindən gəlməyə çalışır. Üstəlik, buraya hələlik latent formadan inkişaf edən digər potensial problemlər təhdidini də əlavə lazımdır.

Daha bir məqam isə ABŞ-ın yeni hökuməti, onun Rusiyanı əsas təhdid sayması və dünyanın yeni nizamının müəyyənləşməsində qəti addımlar atmaq istəməsiyilə bağlıdır.

Görünən odur ki, Azərbaycan həm də bu amilləri nəzərə alaraq, sülhməramlıların Qarabağa girişinə qorxulu röya kimi yox, artıq daha çox həll edilməsi mümkün olan məsələ kimi baxır. Ən azından Məhərrəm Əliyevin son açıqlaması və bu açıqlamada rahatlıqla danışması bunu deməyə əsas verir.

Bu sülhməramlıların postsovet məkanındakı digər münaqişə zonalarında yaranan situasiyanı təkrarlayacağı ehtimalı da azdır. Ən azından ona görə ki, bu münaqişə zonalarında zərərçəkmiş olan ölkəni birbaşa hərbi baxımdan dəstəkləyən və oraya görə savaşmağa hazır olan ölkə yoxdur. Türkiyənin Azərbaycan üçün hətta savaşmağa hazır olmasının səbəbi onların 100 ildən sonra nizam dəyişikliyindən yararlanaraq, özlərinin real regional gücə çevrilmək niyyətləri və əllərinə düşən şansı əldən vermək istəməmələri ilə bağlıdır. Ona görə də Qarabağda nə Abxaziya, nə Cənubi Osetiya, nə də Dnestryanı ssenarisinin gerçəkləşməsi ehtimalı var.

Ermənistanda nə baş verəcək?

Ermənistanda gərginlik bir müddət daha davam edəcək. Məsələ ondadır ki, son Qarabağ savaşı Ermənistanda mövcud olan qüvvələrin gücünü nisbətən balanslaşdırmağa imkan yaratdı. Moskva müəyyən bir müddət Paşinyanın hakimiyyətdə qalmasına imkan yaradacaq. Bununla belə Paşinyanın hakimiyyətdə uzun illər qala bilməyəcək. Bununla belə Paşinyanın hakimiyyətdə uzun illər qala bilməyəcək. Doğrudur, indiki şəraitdə Paşinyanı hələ də dəstəkləyən elektorat var, amma Qarabağ savaşının bitməsindən keçən müddət çoxaldıqca bu elektoratın da onun yanından ayrılacağını ehtimal etmək olar.

Hər bir halda Paşinyanın atdığı imza onun rəhbəri olduğu Mənim Addımım Koalisiyasını da dağıtmağa başlayacaq.

Müxalifətə gəlincə isə onların öz yanlarına 2018-ci ildəki inqilabdakı kimi böyük kütlələri çəkə bilməsi ehtimalı keçmişlərinə görə çox azdır. Hər bir halda müxalifət maksimum şəkildə çalışır ki, bu bariyeri aşıb, reytinqini az da ola bərpa edə bilsin. Bununla belə Ermənistanın rəhbərliyinə yenidən ya Qarabağ əsilli, ya da qondarma rejimdə nüfuzlu olan şəxslərdən birinin gəlmə ehtimalı da az deyil.

Hazırda ölkədə olan millətçilik dalğası yavaş-yavaş aktivliyini itirməyə başlayacaq. Rusiya bu dalğanın maksimum qorunub saxlanmasına cəhd edəcək. Bununla belə savaşın doğuracağı nəticələr və reallıqlar cəmiyyəti depressiyaya sürükləyə bilər. Hər bir halda müəyyən müddət davam edəcək proseslərin sonunda Ermənistanda avtoritar rejim güclənə bilər ki, bu da Moskva üçün arzuolunmazdır. Lakin bu, Moskvanın belə rejimin qurulmasına tam mane olacaq anlamına gəlməməlidir.

Yekun olaraq onu demək olar ki, hazırda imzalanan sənəd Rusiyanın özü ilə sərhəddə yerləşən ölkələrlə bağlı son 20 ildə imza atdığı ən biabırçı bəyanatdır. Məhz bu bəyanat sayəsində Moskva avtomatik olaraq 100 ildən sonra Türkiyə bazalarının Azərbaycan ərazisinə gətirilməsinin önünü açmış oldu. Üstəlik, Moskva Azərbaycanda Rusiya ilə bağlı təmizliyin miqyasının genişlənməsi və sürətlənməsinə dolayısı yolla şərait yaratmış oldu ki, bu da Bakı üçün çox mühüm şansdır. Məhz buna görə də artıq Rusiyanın Cənubi Qafqazda hakimiyyətinin sonunun çatmasıyla bağlı ortaya iddialar çıxmağa başlayır. Vəziyyət o həddə çatıb ki, bu tip iddialar dünən Lavrovu Rusiyanın Cənubi Qafqazda liderliyinin sonunun çatması kimi qeyri-rəsmi olan iddiaları təkzib etməyə məcbur edib.