Xəbər lenti

Daha 2 "N!DA"-çının həbs müddəti uzadıldı
Siyasət13:08 18.09.2013

Daha 2 "N!DA"-çının həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 18-də Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

“Media forum” saytının məlumatına görə, məhkəmə Zaur Qurbanlının həbs müddətinin noyabr ayının 30-na kimi uzadılması barədə qərar çıxarıb.

Prosesdə Zaur Qurbanlının özü də iştirak edib.

Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. Sentyabrın 12-də işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə maddəsi də əlavə olunub.

Zaur Qurbanlı talassemiya xəstəsidir. O, bronxial astma və böyrək xəstəliyindən də əziyyət çəkir.

Daha bir məhkəmə isə, sentyabrın 18-i Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. Vəkil Rəşid Hacılı “Media forum” saytına deyib ki, Baş Prokurorluğun verdiyi vəsatət təmin edilib: “Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən prosesdə Rəşadət Axundovun həbs müddəti noyabrın 30-na kimi uzadıldı”.

Vəkilin sözlərinə görə, Rəşadət Axundov prosesdə iştirak edib: “Babasının intiharı onu üzüb. Saxlanma şəraiti və səhhətindən şikayəti yoxdur”.

Martın 30-da tutulan Rəşadət Axundova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 228.3 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürüb. Sentyabrın 12-də işə Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi də əlavə olunub. Həmin gün Rəşadət Axundovun babası hiddətlənərək intihar edib.

Qaynar.info