Xəbər lenti

Dəhşətli qətl: Çinli milyoneri İstanbulda diri-diri basdırıblar (FOTO)
Foto 18:34 24.02.2026

Dəhşətli qətl: Çinli milyoneri İstanbulda diri-diri basdırıblar (FOTO)

İstanbulda yanvarın 24-də itkin düşməsi ilə bağlı müraciət edilən 38 yaşlı Çin vətəndaşı, iş adamı Yonq Vanqın meyiti Arnavutköydə torpağa basdırılmış vəziyyətdə tapılıb. Əlləri, ayaqları və ağzı yapışqan lentlə bağlanan Vanqın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, məlumata görə, Vanqın vəkili 24 yanvarda İstanbulun Bakırköy Rayon Polis İdarəsinə itkin müraciəti edib. Araşdırma zamanı iş adamının istifadə etdiyi avtomobilin GPS siqnalları yoxlanılıb və nəqliyyat vasitəsinin son olaraq Arnavutköyün Baklalı məhəlləsində yerləşən bir tarlada olduğu müəyyən edilib.

Ərazidə aparılan axtarış zamanı kürək və bel tapılıb. Daha sonra torpaq altında basdırılmış meyit aşkarlanıb. İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin İtkin Şəxslər Bürosunun əməkdaşları tərəfindən aparılan ilkin baxış zamanı meyitin əllərinin, ayaqlarının və ağzının lentlə bağlandığı müəyyən olunub.

Qəsb məqsədilə qətl: 10 nəfər Çində saxlanılıb

İstintaq çərçivəsində müəyyən edilib ki, iş adamı pulunu ələ keçirmək məqsədilə öldürülüb. Qaziosmanpaşa prokurorluğu tərəfindən cinayət işi açılıb. Şübhəli bilinən 1-i qadın, 9-u kişi olmaqla ümumilikdə 10 nəfər barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. Onların Çində saxlanıldığı bildirilib.

İddialara görə, Vanqın Çində bəzi şəxsləri aldatdığına dair şübhələr olub və həmin şəxslər İstanbula gələrək onun yerini müəyyənləşdiriblər. Şübhəlilərin Vanqın başına sərt cisimlə zərbə endirərək onu öldürdükləri, üzərindəki kripto pul kisəsini götürərək qaçdıqları qeyd olunur.

Meyit "dik” vəziyyətdə basdırılıb

Ərazi sakini Mehmet Yörük bildirib ki, hadisədən əvvəl tarlada iki nəfər görüb. Onun sözlərinə görə, sonradan kənd muxtarı bir çinlinin həmin ərazidə basdırıldığını və meyitin torpaqdan çıxarıldığını deyib.

İstintaq nəticəsində müəyyən edilib ki, Yonq Vanq bir müddət Bakırköydə yerləşən otelə gəlib və Şuyanq L. adlı qadını götürərək Fatih rayonunda, Qapalıçarşı ərazisində yerləşən dəbdəbəli restorana aparıb. Yeməkdən sonra cütlüyün içində 4 nəfər olan avtomobil tərəfindən saxlanıldığı və iş adamının həmin şəxslər tərəfindən zorla aparıldığı təhlükəsizlik kameralarında əks olunub.

Polisin araşdırmasına əsasən, qadın hadisədən əvvəl telefonla davamlı mesaj yazıb, qaçırılma anında isə guya hadisədən xəbəri yoxmuş kimi davranıb. Qaçırılmada iştirak edən şəxslərdən biri qadını Aksarayda düşürüb. Qadın əvvəl otelə, daha sonra isə hava limanına gedərək həmin gün Çinə qayıdıb.

Diri-diri basdırılma ehtimalı

Meyit Məhkəmə-Tibbi Ekspertiza Qurumuna təhvil verilib. İlkin rəyə əsasən, Yonq Vanqın boğularaq öldüyü bildirilib. Hesabatda qeyd olunur ki, o, əvvəlcə başına vurulan zərbə ilə huşsuz vəziyyətə salınıb, daha sonra əlləri, ayaqları və ağzı bağlanaraq torpağa basdırılıb. Boğularaq həyatını itirməsi ehtimalının yüksək olduğu vurğulanıb.

Dörd şübhəli Pekinə qaçıb

İstintaq zamanı Çoao Ven, Javanqyuan Vanq, Jenin Çin və Çaodonq Vanq adlı şəxslərin 21 yanvar 2026-cı ildə İstanbul Hava Limanından Pekinə uçduqları müəyyən edilib. Eyni zamanda, mərhumun vəkili onun kripto hesabında böyük məbləğdə azalma olduğunu bildirib. Ehtimal olunur ki, qətl və qaçırılma hadisəsi məhz kripto aktivlərin ələ keçirilməsi məqsədilə törədilib.

Aydın
--> -->