Qaynarinfo.az gənc yazıçı Dəniz Pənahova ilə müsahibəni təqdim edir.
- Dəniz, bizim də ədəbi mühitdən göründüyü kimi, bir çox kişi yazarlar qadınları ciddi qəbul etmir, yazdıqlarına ciddi yanaşmır. Səncə, niyə? Heç bir qadın yazar da bununla razılaşmır, amma bəlkə, həqiqətən də belədi, yaza bilmirsiz?!
- Ədəbiyyatı, sənəti cinslərə bölmək düzgün deyil. Sənətdə cinsi ayrı-seçkiliyi bizim ədəbi mühitdə tez-tez eşidirəm. Gender bərabərliyi ilə sənəti bir tutmaq olmaz. Bu düşüncəyə sahib olan yazıçı və ya şairin hansı biri dünyaya çıxa bilib? Dövr dəyişsə də, bu fikri irəli sürən adamların zehniyyəti dəyişməyib. Belə olan halda qadın yazıçılar da deyə bilər ki, "kişi yazıçılarımız” yaza bilmirlər. Yaxşı yazsaydılar, imzaları dünyada tanınardı, "Nobel", "Buker" mükafatı alardı. Deyərdim ki, çağdaş ədəbi mühitdə elə qadın imzalarımız var ki, kişi şairlərdən qat-qat istedadlıdır. O cümlədən, nəsrdə də həmçinin. Düzdür, "Nobel” mükafatını indiyədək 823 kişi və 49 qadın alıb. Ədəbiyyat üzrə Nobel mükafatına isə sadəcə 15 qadın layiq görülüb. Ancaq mükafatlar yazıçının cinsinə görə deyil, mətnə verilən dəyərdir. Mükafatda qadınlarının sayının az olmasına gəldikdə isə vacib bir məsələni də qeyd etmək istəyirəm. Bəzi ölkələrdə, məsələn, Çində, o cümlədən də bizdə ənənəvi olaraq oğlan uşağına üstünlük verilir. Təbii ki, ölkədən ölkəyə dəyişir. Amma mən statistik göstəricini deyirəm. Yer kürəsində bütün yaş qrupları üzrə 100 kişiyə 98,6 qadın düşür. Hazırda da dünyada qadınların sayının azalmasının səbəblərindən biri cinsiyət seçimidir. Bu mövzunu Virciniya Vulfun bir ifadəsi ilə bitirmək istəyirəm. "Kişilərin nə deyəcəyini düşünmədən yazın”.
- Bunu bəzən cəmiyyətlə də əlaqələndirirlər ki, qadınlar sıxışdırılır, mentallıq var deyə üzə çıxmır. Amma azad qadınlar da var ki, onların da ədəbi nümunələri, sənət əsərləri kişilər qədər olmur, üzə çıxa bilmir. Nə mükafat baxımından, nə də tanınmaq baxımından. Yəni, deyirsiz, bu, heç cür mümkün deyil? Qadınlar yaxşı yazır, bütün deyilən mənfi fikirlər də kişilərin uydurmasıdır?
- Cəmiyyət və mentallığın yazıçının üzə çıxmasına mane olan tərəfi yalnız bu halda baş verir ki, cəmiyyət öz bədii menyusuna uyğun olan bulvar ədəbiyyatını, eşitmək istədiyi fikirləri oxuyur. Bu, mətbuatda da belədir. Fərqində olmadan post-həqiqətlər yaradırıq. Məsələn, müharibə dönəmində nə qədər saxta xəbərlər yayılırdı. Cəmiyyətin "komple teori"lərə ehtiyacı var. Milyonlarla insanı da bu yalan xəbərə inandırırıq. Hər kəs eyni uydurmalara inandığı üçün eyni qanunlara da riayət etmiş olur. Cəmiyyət fərqli fikrə quyruq bulayır. Ona görə, ciddi imzanın oxucusu da az olur. Yazıçının cinsinə aidiyyatı yoxdur. Uğur qazanan, mükafat alan, Fransada kitabı çap olunan imzalar var ki, aralarında qadın da var.
- Məsələn, sən müasir Azərbaycan ədəbiyyatında hansı qadın yazarların adını çəkə bilərsən ki, onlar əksər kişilərdən yaxşı yazır, amma hansısa səbəblərə görə üzdə görsənə bilmirlər?
- Afaq Məsud heç də Şərif Ağayardan istedadsız deyil. Sahilə İbrahimova, Könül Arifin qələmini kişi imzalardan üstün hesa hesab edirəm. Həm də üzdədirlər.
- Özünü necə, kişi imzalardan üstün bildiyin varmı?
- Gənclər arasında ola bilər. Ciddi imzalardan öz yazılarıma müsbət rəy almışam. Mən imza olaraq hələ yeniyəm, heç öz imzamı təsdiq də etməmişəm. Ədəbi mühitimizdə kişi yazarlar yeni imzalardan ancaq həmcinslərini tərifləyirlər. İçki məclisləri onlar üçün ədəbi mühitdir. Bizdə ümumiyyətlə, ədəbi mühit bir neçə qrupa bölünüb. Heç biri də düz əməlli fəaliyyət göstərmir.
- İçki məclisləri ədəbi mühitdir deyirsən. Bəs, necə olmalıdır? Məsələ içkidir? Çay içib bir araya gəlsələr də sayılmayacaq, yoxsa necə?
- Gənc imzalar da sərxoş ədəbi mühitin təsirinə düşür, onları bir növ imitasiya edir. Müşahidəmi deyirəm. Ədəbi mühit ədəbi proseslər nəticəsində yaranır. İndiki vaxtda ədəbi proses sönük görünür. Baxmayaraq ki, yeni imzalar çoxdur, ancaq tempo yoxdur, durğunluqdur. İndiki ədəbi proseslərimiz ölü dənizi xatırladır. Kişi ciddi imzalardan da heç romançılar yoxdur. Gənc Ədiblər Məktəbi yeni yaranan vaxtlarda ədəbi proses qaynar qazana bənzəyirdi. Xatırlayıram, "Milli Kitab Müsabiqəsi" təsis edilmişdi. Müstəqillik dövründən bu yana az-çox enmələr-qalxmalar oldu. Amma yenə də baxırsan ki, sıxışdırılmış, qəlibləşmiş eksperimentlərdən, üslub yaratmaqdan qorxan bir dalğa idi o da. Poeziya o dövrdən bu yana nələrsə etməyə çalışdı. Amma nəsrdə yenilik yoxdur. Söhbət əslində, nə içkidə, nə də çayda deyil. Yazıçı həm əsərini yazır, həm çap işləri ilə məşğul olur. Kitab sənayesi sistemli şəkildə yaradılmayana qədər ədəbi proseslərimiz də tısbağa kimi ləng irəliləyəcək. Ciddi imzalar bir araya gələndə birləşib kitab sənayesinin inkişafı üçün aidiyyatı qurumlara müraciət edə bilərlər. Gənc yazarların ünü heç yerə çata bilmədiyi üçün biz onlardan gözləyirik bunu.
- Yaxşı, bəs niyə qadınlar özünə bir ədəbi mühit yaranmır? Bir halda ki cinsi ayrı-seçkiliyin olduğunu deyirsən, kişi mühitdən narazısan, ən azından kişilərdə birlik, bir araya gəlmək görsənir, qadınlar isə yox. Kişilər bir-birini tərifləyir, siz yox. Nədən qaynaqlanır? Paxıllıqdan, bir araya gəlməməkdən, yoxsa başqa səbəblər var?
- Deməzdim. Sahilə İbrahimova "Karusel" adlı ölkədə ilk instaqram jurnalı yaradıb. Yaxın gələcəkdə maliyyələşəcək. Mən də jurnala yazılar yazıram. Başqa qadın imzalar da var. Ədəbi mühit ayrı-ayrı cinslərin birliyindən yaranmalı deyil ki, ümumi proses olmalıdı. Kişilərdən ibarət ədəbi mühit bir araya gələndə nə edir ki, guya? Yəqin ki, qadınlar da toplaşır. Bilmirəm. Yaxşı sualdı. Bunu sorğu kimi araşdırmaq olar. Qadınların qayğıları da çox olur, bunu da nəzərə almaq lazımdır. Qadın deyəndə, ağıla mətbəx qoxan qadın gəlməməlidir. Kişilər qadını ədəbiyyatın predmeti kimi görür. Türkiyədə də bu tendensiya var ki, "kadından şair olmaz, şiir olur" bu qəlibləri, üzərimizə yapışan kleyi biz qadınlar təmizləməliyik üstümüzdən. Məncə, sənətdə qadın kişi müqayisəsi şərq toplumunda daha çox büruzə verir. Məsələn, Silviya Plat Amerikan ədəbiyyatının, poeziyasının ən uğurlu simalarından biri hesab edilir. Onun həyat yoldaşı Ted Hyuz da şair idi. Ancaq Silviya qədər dərin və həssas deyildi. Bunu mən demirəm. Amerikan oxucusu belə hesab edir.
- Həyat yoldaşı şair idi demişkən, sənin də həyat yoldaşın Oğuz Ayvaz şairdi. İkinizi özün necə müqayisə edərdin? Ya da oxuculardan soruşsaq, hansınızı daha istedadlı deyərdilər, məsələn? Söhbət hər ikinizi oxuyub tanıyanlardan gedir.
- Oğuz daha çox şair kimi tanınır. Mən nəsr yazıram. Şair kimi tanınmaq daha asandır. Şeiri bir içimlik su kimi həzm etmək olur. Oğuzun gözəl şeirləri var. Mən yazdıqlarımı çox üzə çıxarmıram. Hərçənd, Oğuz da işıq sürəti ilə nəsrə keçdi və romanını çap etmək istəyir. Ancaq tələsir. Roman üzərində ciddi işləmək lazımdır. Mən tez-tez çap olunmağı, özümü göstərməyi o qədər sevmirəm. Yəqin ki, onu tanıyacaqlar. Hərçənd tanıyanlar da öz ətrafımızdır. Çox oxucunun olmasının da tərəfdarı deyiləm.
- Niyə tərəfdarı deyilsən ki? Yazıçıya oxucudan başqa nə lazımdır?
- Hər yazıçının içində, əlbəttə ki, şöhrət hissi yatır, çox oxunmaq istəyir. Eko da çox oxunur. Baxır, hansı cəmiyyətdə çox oxunursan. Bizim cəmiyyətdə ağıllı oxucu çox olsa, əlbəttə ki, çox oxunmaq istərdim.
- Ağıllı oxucunun çox olmadığını nəyə əsasən deyirsən? Bəlkə oxunmaq üçün yaxşı əsərlər yazılmır, ona görə? Əksər yazıçılar oxucuları günahlandırır. Görünür, sən də belə edirsən, bəlkə bu səni, onu oxumayanların sadəcə yaranmış bir qıcıq hissidir?
- Şəhərdə sorğu keçirsən, Saday Budaqlını bəlkə də tanımayacaqlar, ancaq dedektiv əsər yazanlar daha çox oxunur. Mən saytda işləyirəm. Oxunma sayından da bunu müşahidə edirəm. Ciddi bir sənət filmindən yazı yazırsan, çox az adam oxuyur, ancaq cəmiyyəti qıcıqlandıran, onların dəyərlərinə fərqli aspektən yanaşan köşə yazırsan, həm çox oxunur, həm də oxucu tərəfindən tənqid olunursan. Çünki onların eşitmək istədiyini yox, dərinlərində bildikləri gerçəkləri üzlərinə şillə kimi vurursan. Çox oxunmaq üçün ya oxucunun ürəyinə yağ kimi yayılan, eşitmək istədiklərini yazasan, ya da eşitmək istəmədikləri geçəkləri. Mən oxucunu günahlandırmıram. Oxucular müxtəlifdi, mənim payıma düşən oxucuları sevirəm. Bəzən olub parkda kimsə yaxınlaşır ki, sizin hekayənizi oxudum, xoşuma gəldi. Təbii ki, bu, adama xoş gəlir, bir tərəfdən də narahat olursan ki, görəsən, harada səhv eləmişəm?
- Yoldaşın Oğuzdan müsahibə alanda ona da bu sualı vermişdim. İki yaradıcı insanın bir evdə yaşamasında nə kimi çətinliklər olur? Məişətdən tutmuş ədəbiyyata qədər...
- Bizi ədəbiyyat və kino birləşdirdi. Birlikdə film izləyib, analiz edirik. Teatra gedirdik. Bəzən o da ədəbiyyatı cinslərə bölür, polemikamız düşür. Bəzən məişət problemlərinə çox bənd olur, mən məişət mövzularından çox yoruluram. Ötəri yanaşmağa çalışıram. Amma məişət də həyatımızın bir parçasıdır, istəsək də, istəməsək də. Ümumilikdə, ədəbiyyatı, sənəti sevən biri ilə həyatı paylaşmaq çox gözəldi. Bank işçisi ilə, yaxud, əsgərlik çəkmiş biri ilə evli olsaydım, yəqin ki, çoxdan boşanmışdım. Ömür boyu əsgərlik xatirələrini dinləmiş olacaqdım. Oğuzla danışacaq, müzakirə edəcək mövzularımız çoxdur.
- Bəs, aranızda ədəbiyyat davaları olmur? Bir-birinizin yazdığını bəyənməmək, tənqid etmək, buna görə əsəbiləşmək.
- Qızımla bağlı roman yazıram. Oğuza göstərmişdim, oxucu gözü ilə baxsın, tənqid etsin. Mən də onun köşə yazılarına baxıram, bəyənmədiyim məqamları bildirirəm. Tənqid olunmaq çox gözəl bir şeydir. Mətnə üçüncü, dördüncü göz əlbəttə ki, baxmalıdır. Əsəbiləşmək olmayıb.
- Qızından necə bir roman yazırsan ki? Romanlıq nə yaşayıb?
- Əslində, bətnimdə olan gündən yazırdım. Sonradan fərqinə vardım ki, aftobioqrafik romandı. Hətta 5 ildən bir çap etmək olar, böyüdükcə davamın yazmaq kimi. Ən gözəl bildiyim mövzu qızımdı. Başqa romanım da var, 2015-də yazmağa başlamışdım. Qazaxıstanda bir erməni qadınla görüşmüşdük romana görə. Romanla bağlı paylaşım etmişdim, məni polislər sorğu-suala tutmuşdu. Yanlış anlaşılma olmuşdu yəni. Açığı, hələ də çap etməyə tərəddüd edirəm, ancaq müharibədən öncə çap etsəydim, böyük ajiotaj yaradacağına inanırdım. Roman belə başlayırdı: "Bakı 40 il yanacaq. Hər şey bu kəlməni eşitdiyim andan başladı". Bu cümləyə görə başım çox bəlalar çəkdi...
- Dəniz, bir yaradıcı adam kimi ölkədəki ədəbi proseslərə, qurumlara münasibətin necədir? Nə düşünürsən, razısanmı?
- Ədəbi qurum deyəndə, Sovet qoxusu hələ də üzərindən çəkilməyən və heç bir işə yaramayan AYB gəlir ağlıma. Gəncləri təqaüdlə susdurur. Halbuki, çox iş görə bilərlər. Ədəbi proseslər kitab industriyası ilə başlayır. Kitab sistemi qurulmadıqca, yazıçı çoxfunksiyalı maşına çevrilir. Azərbaycan yazıçısı özünü yazıçı kimi hiss eləmir.
- Kitab sistemi deyəndə nə nəzərdə tutursan, necə olsun? bunu AYB qurmalıdır, ya necə? Sən olsan, necə edərdin?
- Xarici ölkələrdə yazıçılar birliyi yoxdu. Olanlar da müəyyən işlər görür. Bizdə ədəbiyyatla bağlı dövlət tərəfindən maaliyyə ayrılan yer buradırsa, mən ilk növbədə buradan - AYB-dən hərəkət gözləyirəm. Yaxın keçmişdə AYB tərəfindən adicə türk dilinə tərcümə olunan antologiya dərc olunmuşdu. İnanın, o kitaba baxanda utandım. Elə bil, tərcüməni türkcə cizgi filminə baxan məktəbli uşağa elətdirmişdilər. Bu işi görürsünüzsə, sanballı görün, ancaq belə görməyin. Nəşriyyat sistemini formalaşdırardım, yazıçı həm kitabın tərcümə edib, həm də reklam işi ilə məşğul olmazdı. Siyahı və qüsurları saymaqla bitməz. Təkcə AYB-nin üzərinə düşən iş də deyil. Film indistriyasında da acınacaqlı vəziyyətdəyik. Demək ki, ölkənin mədəni-maarifini təmsil etməkdə sorun yaşayırıq...
- Müsahibə üçün təşəkkür edirik, Dəniz. Sonda bunu oxuyanlara nə sözün var?
- Mən təşəkkür edirəm maraqlı suallar üçün. Oxuyanlara da oxuduqları üçün təşəkkür edirəm. Və deyirəm ki, möhkəm olsunlar, hər şey yaxşı olacaq.
Söhbətləşdi: Orxan Saffari