XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dənizdən 80 tonluq daş bloklar çıxarıldı: 7 möcüzədən birinin hissələri ola bilər (FOTO)
Dünya13:51 13.08.2026

Dənizdən 80 tonluq daş bloklar çıxarıldı: 7 möcüzədən birinin hissələri ola bilər (FOTO)

İsgəndəriyyə (Misir) sahillərində dənizin dibindən hər birinin çəkisi 70-80 ton arasında olan 22 nəhəng daş blok çıxarılıb. Tədqiqatçılar bildirirlər ki, bu tapıntı qədim dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə mayakının rəqəmsal rekonstruksiyası istiqamətində mühüm addım olacaq.

Qaynarinfo "Daily Galaxy"yə istinadən xəbər verir ki, dənizdən çıxarılan tapıntılar arasında iri qapı lintelləri, qapı çərçivələri, astana və tikilinin üzərində dayandığı daş plitələr var. Tədqiqatçılar daha əvvəl rast gəlinməyən Misir üslubunda bir darvaza da aşkar ediblər.

Alimlərin fikrincə, bütün bu daşlar vaxtilə mayakın əsas giriş hissəsinin tərkibində olub. Bu məkan Misir və yunan memarlıq üslublarının birləşdiyi nadir nümunələrdən biri hesab olunur. Bu qədər ağır daş blokları sudan çıxarmaq üçün barj və güclü krandan istifadə edilib.

Çıxarılan bloklar indi araşdırılacaq və skan ediləcək. Son on il ərzində suyun altında artıq 100-dən çox belə daş blok tədqiq olunub. Hər daş bütün tərəflərindən fotoşəkillənir, daha sonra bu görüntülər əsasında kompüter dəqiq 3D model hazırlayır. Beləliklə, mühəndislər daşa toxunmadan onun rəqəmsal modelini müxtəlif bucaqlardan araşdıra bilirlər.

Dənizin dibindəki xarabalıqlar barədə hələ 1968-ci ildən məlumat var. 1995-ci ildə isə onlar ətraflı şəkildə tədqiq edilərək kataloqa daxil edilib. Bundan əvvəl, 1994-cü ildə dənizin dibində sfenkslər, sütunlar və qranit bloklar da daxil olmaqla 3 300-dən çox müxtəlif əşya qeydə alınmışdı.

Bu qazıntılar böyük "PHAROS" layihəsinin bir hissəsidir. Bildirilir ki, layihə çərçivəsində alimlər mayakın tikildiyi ilk dövrlərdən dağıldığı vaxta qədər onun haqqında yaradılmış qədim təsvirləri və mətnləri də toplayırlar.

Daha sonra hər bir daş xüsusi kompüter proqramında sanki nəhəng pazlın hissəsi kimi "yerinə qoyulacaq". Məqsəd mayakın o dövrdə necə göründüyünü müəyyənləşdirmək və insanların virtual şəkildə onun daxilində gəzə bilməsinə imkan verəcək qədər dəqiq rəqəmsal surətini yaratmaqdır.

Mayak eramızdan əvvəl I Ptolemeyin əmri ilə inşa edilib. Faros adasında yerləşən tikilinin hündürlüyü 100 metrdən çox olub və həmin dövrdə dünyanın ən hündür binalarından biri sayılıb. "Dassault Systèmes" fondunun məlumatında da o, bəşər tarixinin ilk "göydələni" adlandırılır. Mayakın işığı min ildən artıq müddətdə dənizçilərə limana gedən yolu göstərib.

Mayak tədricən zəlzələlər nəticəsində dağılıb. 1303-cü ildə baş verən güclü zəlzələlərdən biri tikilini demək olar ki, tamamilə məhv edib. Qalan hissələr tikinti materialı kimi sökülüb və sonradan həmin ərazidə qala inşa edilib.

Məqalədə qeyd olunur ki, məhz suya düşən daşlar ən yaxşı şəkildə qorunub. Çünki yüzlərlə il ərzində onlara toxunan olmayıb.

Aydın