Siyasət 19:14 24.10.2022

Deputat: "Azərbaycan-Gürcüstan əlaqələri bölgə üçün əhəmiyyətlidir"

"İqtisadi əməkdaşlıqla yanaşı, Gürcüstan Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir. Vətən müharibəsində Gürcüstanın mövqeyi kifayət qədər təqdirəlayiqdir. Bu isə münasibətlərimizin dayanıqlığını bir daha təsdiq edir”.
 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini şərh edərkən deyib. Onun fikirincə, Gürcüstan ölkəmizin strateji müttəfiqlərindən hesab olunur: 

"Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib. Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir. İki ölkə arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli səviyyədədir. Bu ilin ilk 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 525 milyon 737 dollar olub. Bu əvvəlki ilin ümumi dövriyyəsi ilə, demək olar, eynidir. Belə ki, 2021-ci ilin eyni dövründə ölkələr 549 milyon 297 min dollarlıq ticarət reallaşdırıblar. 2021-ci ildə isə illik dövriyyə 763 milyon 695 min dollar olub. Ötən il ölkələr arasındakı ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 30.0 faiz artıb. 2020-ci ildə 536 milyon 202 min dollarlıq dövriyyə qeydiyyata alınmışdı. Rəqəmlər də göstərir ki, ölkələr iqtisadi sahədə geniş əməkdaşlığa malikdirlər”. 

Deputat bildirib ki, Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə xüsusi töhvə verir: "Bu ilin ilk 9 ayında Gürcüstana 1,9 milyard kubmetr qaz ixrac edilib. Bu Gürcüstana qaza olan tələbinin əhəmiyyətli hissəsi deməkdir”.

Bahar Rüstəmli