
“Məsələ ilə bağlı Azərbaycanın böyük alternativləri də mövcuddur”
“İnformasiyanın mötəbərliliyindən sonra daha dəqiq mühakimələr yürütmək olar. Ötən dövr ərzində iki ölkə ərzində hərbi əməkdaşlıq mövcud olub. Bu həm də ona görə edilirdi ki, Rusiyanın birtərəfli qaydada Ermənistanı silahlandırması fonunda ölkəmizdən artan etirazları, sanki neytrallaşdırmaq üçün Rusiya tərəfi belə addımlar atırdı. Buradan təbii ki, kifayət qədər çox qazanc əldə olunur”.
Bunu Qaynar.info-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Rusiyanın Azərbaycana döyüş təyyarələri satmaqdan imtina etməsilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Rusiyanın silah bazarında özünə məxsus mövqeyi var: “Bunlar bu gün müasir təyyarələri, hərbi vertolyotları və digər texnoloji avandanlıqları istehsal edirlər. Bununla da ildə 30 milyard dollardan artıq vəsait əldə edirlər. Lakin düşünmürəm ki, Azərbaycan kimi mühüm bir partnyora sırf etnik amildən, ermənilərin orada hansısa mövqe tutmasından irəli gələrək Azərbaycan və Rusiya münasibətləri hərbi və təhlükəsizlik sferasında zədələnmiş olsun”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Rusiya hərbi əlaqələrinin dayandırılmasını təklif edənlər var: “Həqiqəti bilmək istəsəniz, bu ölkə içində, parlamentdə bir çoxları Rusiya ilə Azərbaycanın hərbi əlaqələrini tamamilə dayandırılmasını təklif edirlər. Mən bu mövqenin böyük bir hissəsini bölüşürəm. Faktiki olaraq, Rusiyanın satdığı silahlarla bağlı özünə məxsus proqramları həmişə əldə saxlaması, onu idarə etmək üçün mühüm sirrləri verməməsi, müxtəlif təxribatları yenə də öz mənbəyindən törətməsi onu etibarlı partnyor kimi tanımağa imkan vermir. Yaxşı xatırlayıram, Hindistan və yaxud Əlcəzairlə oxşar müqavilələri müəyyən illərdən sonra dayandırdılar, çünki Rusiya bir sıra məsələlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdi. Ona görə bunu itki, faciə saymayın. Bu gün hər bir ölkənin ən başlıca istəyi böyük iqtisadi resursları əldə etməkdir ki, sonra hərbi sənaye cəhətdən özünü təmin edə bilsin. Bu mənada dünya silah bazarı çeşidlidir. Hətta bilirsiniz ki, BMT-nin bu yaxınlarda müxtəlif silahlarla bağlı vaxtilə tətbiq olunmuş rejimi dəyişdirildi. İndi bunlar üçün daha qanuni alqı-satqı meydanı yaradıldı. Azərbaycan özü də müxtəlif hərbi təyinatlı silahlı istehsal edir. Sonda anda Rusiyanın belə bir qərar verməsi təsdiqlənərsə, iki tərəfin münasibətinə zərbə kimi, nə də milli maraqlarımızın ziyan çəkəcəyi kimi düşünmək lazımdır. Məsələ ilə bağlı Azərbaycanın böyük alternativləri də mövcuddur”.