"Hakimiyyətin müxalifətə münasibətini müsbət qiymətləndirmirəm. Hakimiyyət kimliyindən asılı olmayaraq daha tolerant, daha fərqli yanaşmalıdır".
Bunu Qaynar.info-ya açıqlamasında BQP sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputatın sözlərinə görə, "EL" Hərəkatı ciddi təşkilat deyil: ""EL" Hərəkatını mən də güclü bir qüvvə hesab etmirəm. Onun gələcəkdə hansısa bir gücə çevrilməsinə inanmıram. Bütün hallarda hansı müxalif qüvvə olursa, olsun hakimiyyət sayqılı davranmalıdır".
Millət vəkili hakimiyyətin aksiyaların keçirilməsi üçün yerlər ayırmamasına narazılığını bildirib: "Aksiyaların keçirilməsi üçün yerlərin ayrılmaması mənfi haldır. Hər bir rayonda aksiyaların keçirilməsi üçün yerlər ayrılmalıdır. "Sərbəst Toplaşmaq azadlığı Haqqında" Qanununa əməl edilməlidir. Əgər buna əməl edilmirsə, günah vətəndaşın deyil, hakimiyyətindir. Çünki hakimiyyət vətəndaşın öz hüququnu həyata keçirməyə imkan yaratmır".
F.Mustafa gənclərin həbs edilməsinə də münasibətini bildirib: "Gənclərin həbs edilməsinə münasibətim mənfidir. Gənclərin bu cür ittihamlarla həbs edilməsi doğru hal deyil. Məncə, problemlər öz həllini tapmalıdır ki, narazılıqlar aradan qaldırsın. 3-5 nəfəri həbs etməklə nəyisə gizlətmək olmaz. Ölkədə insan haqları ilə, demokratiya ilə bağlı müəyyən problemlər var. Bunu çözmək lazımdır, insanları narazı salan motivləri aradan qaldırmaq lazımdır".