"Operativ qərargahın şərtlərinə görə AZAL ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. İndi isə bu tələb aradan qaldırılmalıdır”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlametdə çıxışı zamanı deyib.
Deputat hesab edir ki, bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir:
"Əsəb, gərginlik, stres, öz vətəninə qayıda bilməmə qorxusu, xərcə düşmə riski və s. İki dəfə ürəyimi ağrıdan hadisəyə şahidlik etmişəm. Bir dəfə İstanbulda, bir dəfə də İtaliyadan uçanda. Gözü yaşlı ana və körpə uşağ da qucağında. Ana, doğulduğu ölkəsinə, evinə-eşiyinə, balalarının yanına qayıtmaq istəyirdi. PCR testin yoxdur, istəyirsən yıxıl öl, icazə verməyəcəklər. Mən bu yanaşmanın tam əleyhinəyəm və bunu ədalətsiz qərar sayıram. İstanbul hava limanından Bakıda, hava limanında xeyli insana zəng etdim, o qadına kömək edə bilmədim. O isə məni pənah bilmişdi ki, bəlkə deputatın sözünü eşidərlər. Olsun, etirazım yoxdur, qanun qanundur”.
Deputat əlavə edib ki, gerçəklik bu qərarın dəyişməsini tələb edir:
"Hər kəs üç dəfə peyvənd olunub, pasportu var, qızdırması, asqırması, öskürməsi yoxdur. Biri gecikir, PCR ala bilmir, biri ucuz yer gəzir, o biri təcili uçur və ya gəlir. Dəyərmi buna? O qədər qanunlarımız, o qədər ənənələrimiz, o qədər öhdəliklərimiz var ki, bir qəpik qiymət qoyulmur. O qədər vəzifəli şəxslər var ki, vətəndaşları incidə-incidə, dövlət büdcəsini talayıb, manatı qiymətdən salıb, bank sistemini yerlə-yeksan edib, xalqın verdiyi vergisindən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb, hələ də davam edir. Onlara qarşı sərt olaq”.
Razi Nurullayev bildirib ki, PCR test tələbi ləğv edilməlidir:
"Antigen və ya birdəfəlik test üsulu lazımdırsa, tətbiq edilsin, quru sərhədləri açılsın və gözü yollarda qalan hotellər də işlək vəziyyətə gəlib 5-10 nəfər kasıba çörək qazandırsın. Bu mənim dəyişməz mövqeyimdir”.
Bahar Rüstəmli