Xəbər lenti

Dəri üzərində rəsm çəkən yeganə azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO
Sənət09:25 12.12.2016

Dəri üzərində rəsm çəkən yeganə azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabrın 11-də "İrşad" oteldə gənc, tanınmış və istedadlı rəssam Pərviz Əsədovun "İncəsənətdə tərəqqi"("Experimentum Revolutio") adlı fərdi sərgisi təşkil olunub. 

Tədbirdə rəssamın yaxınları, tanınmış incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.  

Sərgini giriş sözü ilə açan fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev əlamətdar hadisə münasibətilə rəssamı təbrik edərək, onun yaratdığı əsərlərin Azərbaycanda analoqu olmadığını qeyd edib. O, heyvan dərisi üzərində rəsm əsərləri yaradan Pərviz Əsədovun əl işlərinin nəinki ölkədə, bütün dünyada sənətsevərlər tərəfindən böyük maraqla qaraşılandığını bildirib. Rafiq Əliyev çxışının sonunda gənc rəssamları Pərviz Əsədov məktəbindən örnək götürməyə səsləyib və ona bol yaradıcılıq uğurları arzulayıb.  

Tədbirə gələn qonaqları salamlayan rəssam çıxışı zamanı dəri üzərində çəkdiyi əsərlərin incəsənətdə tərəqqi olduğu üçün sərgini latıncadan tərcüməsi tərəqqi olan “Experimentum Revolutio”  adlandırdığını bildirib: “Sərgidə nümayiş edilən 22 rəsm əsərinin hər biri aşılanmış inək dərisi üzərində çəkilib. Əsərlərin hamısının mövzu dairəsi heyvanlar aləmidir. Azərbaycandan əvvəl həmin sənət nümunələri ABŞ-ın Kaliforniya ştatında sərgilənib. Əsas məqsəd yararsız hesab edilərək atılan heyvan dərilərini sənətə gətirmək, heyvanat aləminə diqqət və sevgini artırmaq, ən əsası isə Azərbaycan rəssamlığında yeni üsluba imza atmaqdır. Bildiyiniz kimi, heyvan dərisi tarix boyu faydalı məqsədlərlə istifadə olunub. Avesta özü dövrümüzədək dəri üzərində gəlib çatıb. Heyvan dərisi ən uzunömürlü material hesab olunduğu üçün bir çöx ölkələrin tanınmış rəssamları tərəfindən geniş istifadə olunur. Ümid edirəm ki, incəsənətə gətirdiyim bu yenilik bugünkü sərgiyə gələn sənətsevərlər tərəfindən böyük maraqla qarşılanacaq. Sonda belə bir fürsəti bizə yaratdığı üçün sərginin ərsəyə gəlməsində böyük xidməti olmuş “İrşad” otelin rəhbərliyinə, xüsusilə də daima sənətə və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşan professor Rafiq Əliyevə dərin minnətdarlığımı bildirirəm”. 

Daha sonra ziyarətçilər sərgidə nümayiş olunan rəsm əsərləri ilə tanış olublar.  Media nümayəndələri onları maraqlandıran suallarla bağlı rəssam Pərviz Əsədovun fikirlərini öyrəniblər.

Sərgiyə gələnlərə 19 kitabın və 250-dən artıq elmi məqalənin müəllifi olan professor Rafiq Əliyevin kitabları da hədiyyə olunub. Onların əksəriyyəti ABŞ-ın “Trafford Publishing” (www.trafford.com) nəşriyyat evində ingilis dilində çap edilmiş kitablar olub. 2013-cü ildə ABŞ-da nəşr olunmuş kitablar arasında keçirilən müsabiqədə “Qızıl möhür” medalına layiq görülmüş 116 səhifəlik “Hakimiyyət, cəmiyyət və din” kitabı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. 

Qonaqlara həmçinin bu günlərdə müəllifin maraqlı aforizm və qiymətli kəlamlarından ibarət yeni kitabının işıq üzü görəcəyi barədə məlumat verilib. Qeyd edilib ki, həmin kitabda Rafiq Əliyevin son 13 ildə qələmə aldığı kitab və məqalələrində istifadə olunmuş maraqlı deyimlər toplanılıb.

Pərvin Zeynal

Qaynarinfo.Az