Xəbər lenti

DİN-dən prezidentə şikayət edən sabiq polislərlə bağlı AÇIQLAMA
Ölkə14:04 11.03.2016

DİN-dən prezidentə şikayət edən sabiq polislərlə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının Xaçmaz rayonunda yerləşən 3-cü Bölüyündə 1998-ci ildən 2015-ci ilədək xidmət etmiş Dadaşov Səyavuş İbrahim oğlu və Kərimov Zaur Ərzuman oğlunun prezident İlham Əliyevə ünvanladığı şikayt məktubunu dərc etmişdik.
Bu gün DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələyə münasibət bildirib. Nazirlik rəsmisinin fikirlərini dərc edirik:
"Xaçmaz rayon sakinləri, təqaüddə olan polis nəfərləri Səyavuş Dadaşovun və Zaur Kərimovun müraciətləri ilə tanış olduqdan sonra orada qeyd edilən iddialarla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparıldı. Məlum oldu ki, onlar bu narahatlıqlarını əvvəllər də bildiriblər və hər dəfə də onlara operativ olaraq müvafiq cavablar verilib.
Bununla belə, müraciət etdikləri sayt vasitəsilə onların diqqətinə bir daha çatdırmaq istəyirəm ki, Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli Qərarına əsasən vaxtı ilə işlədikləri Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir və mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında əldə olunan vəsaitlər hesabına saxlanılır. Hər iki təqaüdçümüz bunları çox yaxşı bilir... 
DİN-in büdcədən maliyyələşən qurumlarının əməkhaqlarının artırılması ilə bağlı  Azərbaycan Respublikası Prezidentinin Sərəncamları nəzərə alınaraq göstərilən mühafizə xidmətlərinin yeni tarifləri hazırlanıb və Baş Mühafizə İdarəsi ilə müqaviləsi olan təşkilatlara göndərilib.
S.Dadaşov və Z.Kərimovun əməkdaları olduqları Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayı tərəfindən qorunan bəzi qurumlarda müqavilə qiymətlərini yeni tariflərə uyğunlaşdırmaq üçün hələlik maliyyə imkanlarının olmaması ilə yanaşı, hətta mövcud mühafizə haqlarının ödənilməsi onlar tərəfindən vaxtında təmin edilməyib. Bu səbəbdən də Alayın debitor və kreditor borcları yaranıb. Nəticədə Alayın şəxsi heyətinə, o cümlədən S.Dadaşova və Z.Kərimova əməkhaqlarının artım fərqinin və məzuniyyət illərinə görə kompensasiyanın birdəfəyə ödənilməsi mümkün olmayıb. 
Yaranmış maliyyə çətinliklərinə baxmayaraq, Alay tərəfindən S.Dadaşova hesablanmış vəsaitin 958 manatı, Z.Kərimova hesablanmış vəsaitin 1158 manatı ödənilib. Almalı olduqları vəsaitin qalan hissəsi isə hər ay 100 manat məbləğində olmaqla ödənilməsi davam etdirilir. 
Yeri gəlmişkən, onu da qeyd etdim ki, hər iki təqaüdçümüz bu 100 manatdan əlavə, təxminən 350-400 manat civarında olan  təqaüdlərini də vaxtlı-vaxtında alırlar. Bu da ayda 450-500 manat deməkdir. Ona görə də hər ikisinə, eləcə də bu məsələ ilə əlaqədar başqa narahat olan təqüdçülərə naşükür olmamağı, əksinə, səbrli və təmkinli olmağı məsləhət görərdim. Onlara çatacaq pulu heç kəs nə ala, nə də mənimsəyə bilər. Vəsait hələlik hissə-hissə olsa da, yalnız onlara çatacaq...".
Qaynar.info