(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanmışdır)
Azərbaycan insanların birgəyaşayışı üçün dünya miqyasında ən əlverişli məkandır. Ölkəmizdə qədimdən bəri milli və dini tolerantlıq hökm sürür. İnsanlar hansı dinə, dilə, millətə mənsub olmasından asılı olmayaraq, dostluq və əmin-amanlıq şəraitində yaşayır. Hər kəs özünün dini inancını sərbəst şəkildə icra edə bilir. Ölkəmizdə milli, dini tolerantlığın yüksək səviyyədə olmasının nəticəsidir ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili”, 2017-ci il isə "İslam Həmrəyliyi ili” kimi qeyd edilib. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib. Dünyanın nüfuzlu ölkələri və aparıcı təşkilatlarının rəhbərləri bu məsələdə Azərbaycanın rolunu yüksək qiymətləndirərək, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində gördüyü işlərin bütün dünyaya örnək olduğunu dəfələrlə bildiriblər.
"Azərbaycanda mövcud olan milli-dini tolerantlıq Qərbdəki tolerantlıqla müqayisədə daha zəngindir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq alim Əhməd Qəşəmoğlu ölkəmizdə mövcud olan milli-dini tolerantlıqdan danışarkən deyib:
"Azərbaycanda milli-dini tolerantlıq səviyyəsi dünyada ən yüksək səviyyədədir. Tolerantlığın hərfi mənası insanların bir-birinə dözməsi, bir-birilə xoş rəftarda olması deməkdir. Azərbaycan xalqı elədir ki, onlar bir-birinə dözməklə yanaşı, bir-birinə münasibətdə məhəbbət, ehtiram, sevgi də var.
Ölkəmizdə milli, istərsə də dini tolerantlıq normal vəziyyətdədir. Bunun əsas səbəbi də ölkədə mühüm dövlətçilik siyasətinin həyata keçirilməsindən qaynaqlanır. Bu, azərbaycançılıq siyasətidir. Azərbaycanda hər zaman bu məsələyə ciddi diqqət verilib. Azərbaycanda milli və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlarda ölkə, dövlət üçün çalışmaq məqsədi daha yüksəkdir. Milli və dini münasibətlər məhz bu yüksək məqsədə xidmət edir”.
Həmsöhbətimiz son on illiklərin təcrübəsinə istinadən göstərir ki, hansı ölkədə qarşıdurma yaratmaq istəyirlərsə, dağıdıcı qüvvələr milli və dini ədavəti qızışdırmağa üstünlük verirlər:
"Çünki milli və dini qarşıdurma ilə bəzi qüvvələr istənilən ölkədə hərc-mərclik salmaqla gərginlik yaratmağa nail olurlar. Belədə isə onlar bəzi ölkələri özlərindən asılı vəziyyətə salmağa nail olurlar. Azərbaycanda isə dövlətçiliyin əsas meyar olması siyasəti aparılıb. Nəinki din və ya milli-entik münasibətlər. Azərbaycanda mühüm dövlət tədbirlərində istənilən dini təşkilatların nümayəndələri də iştirak edir. Bu kimi tədbirlərdə hər zaman müsəlman, yəhudi, xristian dini təriqətlərin nümayəndələrinin birgə iştirakının şahidi olmuşuq. Onlar da bilir ki, Azərbaycanda ən öndə dövlətçilik gəlir. Dini və milli münasibətlər isə dövlətçiliyin möhkəmlənməsinə kömək edir. Bu yanaşma isə siyasi və metodoloji baxımdan düzgün yanaşmadır. Ona görə də Azərbaycanda dini, milli tolerantlıq ciddi təməllərə söykənərək inkişaf edir”.
Sosioloq alim eyni zamanda, milli-dini tolerantlıq sahəsində mövcud durumu daha da gücləndirməyi vacib bilir:
"Bu sahədə vəziyyət ümumən qənaətbəxşdir. Amma bir qədər də gücləndirmək olar. Tolerantlıqdan artıq potensialımızı ortaya qoymalıyıq. Məsələn, ölkədə mövcud olan dini qurumların təmsilçiləri bir-birinə dözməklə yanaşı, bir-birinə qayğı göstərib, hər birinin inkişafına da kömək etməlidir. Ölkədə yaşayan milli-etnik qruplar dost, qardaş olmaqla yanaşı, eyni zamanda bir-birilərinin gələcək inkişafına yardım etsələr, vəziyyət daha yaxşı olar. İkinci Qarabağ müharibəsi də göstərdi ki, Azərbaycanda ölkə və dövlət üçün mühüm əhəmiyyətli məsələlərdə dinindən, dilindən, milli-entik mənsubiyyətindən asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Qələbənin əldə olunmasında məhz bu amil də rol oynayıb”.
"Azərbaycan tolerantlıq düşərgəsinin qərargahıdır”.
Bunu isə saytımıza açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov deyib:
"70 illik sovet dönəmində, ümumiyyətlə, tolerantlıq ifadəsi qadağan idi. Bu dövlət dinsiz dövlət olub. Ona görə də sovetlər dövlətində tolerant düşüncədən söhbət etmək mümkün deyildi. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk əvvəl din-dövlət münasibətləri yarandı. Məscidlər, sinaqoqlar, məbədlər açıldı. Bunların açılması ilə Azərbaycan xalqının azərbaycanlı düşüncəsi dünyaya bəyan edildi. Digər tərəfdən, erməni işğalı, torpaqların azadlığı uğrunda mübarizə, bu mübarizədə şəhidlik zirvəsinə yüksəlmək, bütün bunlar təbii ki, din dövlət münasibətlərinin inkişafı ilə bağlı idi. Azərbaycanda heç zaman dini dəyərlər dünyəvi dəyərlərə qarşı olmayıb. Əksinə, onların qarşılığı son nəticədə dövlətimizin güclənməsinə gətirib çıxarıb. Bu mənada Azərbaycanın dövlət müstəqilliyindən üzü bəri keçən yol uğurlu, şərəfli yoldur”.
Deputat milli, dini tolerantlıq məsələsində Azərbaycanı dünya üçün poliqon adlandırıb:
"Vatikan rəhbərindən tutmuş dünya dövlətləri, dini təşkilatl rəhbərlərinin əksəriyyətinin dediyi kimi, tolerantlığın, dözümlülüyün, dinlərarası münasibətlərin nə demək olduğunu Azərbaycandan öyrənməyə dəyər və öyrənmək lazımdır. Bu cəhətdən Azərbaycan poliqondur, dünya xalqları üçün örnək olan məskəndir. Azərbaycan yeganə ölkədir ki, burada islam, xristian və iudaizm dəyərləri hər yerdə təbliğ olunur və onların heç biri bir-birinə qarşı deyil. Ölkəmizdə keçirilən bütün tədbirlərdə müxtəlif dini konsenssiya rəhbərləri bir yerdə iştirak edirlər. Onların arasında heç bir problem yoxdur”.
A.İsgəndərovun fikrincə, Azərbaycanın digər müsəlman ölkələrindən fərqi odur ki, ölkəmizdə iki məzhəb arasındakı münasibətlərdə də heç zaman fikir ayrılığı olmayıb:
"1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanlarının qurultayında müfti ilə şeyxülislamın qucaqlaşaraq, bir yerdə dəstəmaz alması, namaz qılmaları ənənəsi bu gün də davam edir. Bu gün hətta bu ənənə dünyaya daha çox nümunədir. Dünyada hamının yekdil fikri odur ki, Azərbaycan tolerantlıq baxımından hamıya nümunədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da bərpa olunub. Yeniləri də tikilib. Azərbaycan ərazicə kiçik olsa da, burada yaşayan bütün xalqlara, dini inanclara münasibət birmənalıdır. Bu sahədə ölkəmizdə heç bir problem yaşanmır”.
"Azərbayan mədəni, etnik müxtəlifliyi ilə seçilən ölkədir”.
Məsələyə münasibət bildirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov vurğulayıb ki, tarixən Azərbaycan ərazisində polikultural həyat tərzi mövcud olub:
"Yəni burada yaşayan xalqlar, dinlər arasında hər zaman qarşılıqlı faydalı mədəniyyət mübadiləsi baş verib. Bütün bunların əsasında da bu gün azərbaycançılıq deyilən məfkurənin əsası qoyulub. 44 günlük müharibə dövründə və ondan sonra ölkəmizdə yaşayan xalqlar arasında əlaqələr, bağlar daha da möhkəmlənib”.
A.Qurbanov qeyd edir ki, bədnam qonşularımız hər zaman Azərbaycan ərazisində etnik və dini zəmində qarşıdurmanın baş verməsində, separatçılıq meyillərinin yaranmasında maraqlı olublar:
"Bu işdə xüsusən də Ermənistan "fərqlənirdi”. Hətta bir çox hallarda İrəvan islamın müdafiəsi adı altında konfranslar da təşkil edirdi. Amma müharibədəki qələbəmiz göstərdi ki, onların Azərbaycanda etnik və dini zəmində qarşıdurma yaratmaq istiqamətində cəhdləri əbəsdir. Ölkəmizdə mövcud olan milli və dini tolerantlıq düşmən qüvvələrin bu çirkin istəklərini puça çıxardı. 44 günlük müharibədə Azərbaycan 3 minə yaxın Şəhid verib. Onun da 800 nəfərə yaxını Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələridir. Onların adını, şərəfini uca tuturuq. Dərin minnətdarlığımızı bildiririk. Çünki həm də onların qanı, canı hesabına torpaqlarımızı azad etmişik.
Azərbaycanda dini və etnik baxımdan vəziyyət sabitdir. Təbii bu vəziyyətin və əlaqələrin möhkəmləndirilməsi üçün qarşıda perspektivlər var və işlər bu istiqamətdə davam edir”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.