Xəbər lenti

Dinsiz din... - İlahə Ucaruh yazır
Ölkə10:10 27.04.2020

Dinsiz din... - İlahə Ucaruh yazır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Özünütədqiq və fərqindəolma təcrübəsi aparanlara dərin sayqım var. Nəyə inanmalarına baxmayaraq, onların inamları kiminsə təqdim etdiyi hansısa hazır bir doqma deyil, əslində öz şəxsi təcrübələri ilə təsdiqlənir”.
S.Qrof  
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/mVmQ1mTg8r0" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
"Faydalı tanrı transendensiya üçün şəffaf olmalıdır. 
Siz onu, hər şeyin mənbəyinə aparan Mütləqə işarə edən bir şey kimi görürsünüz. Lakin onu qeyri-şəffaf etməməli və sadəcə təsvirə səcdə etməməlisiniz. 
Mütəşəkkil dinlər məhz bu cür çıxış edirlər”.
J. Kempbel
I
Finlandiyalı ilahiyyatçı-filosof Matti T. Amnell "Dinsiz din: radikal postmodern din fəlsəfəsinin problemi” kitabında (https://helda.helsinki.fi/handle/10138/19410) ənənəvi dinlərin müasir insanları qane etməməsindən, tarixsəl rəvayətlərlə ağırlaşdırılmış səmavi kitablara şübhə ilə yanaşmalardan və şəffaf ruhaniyyat, universal, qlobal, ehkamsız inama ehtiyacdan söz açır. Müəllif problemin həllinə dair bir fikir yürütmür, sadəcə, öz narahat müşahidələri ilə bölüşür. 
Coğrafi məkanın hər bir ölkənin tarixinə-taleyinə, nəticə olaraq da xalqın mental-sosial həyatına-güzəranına göstərdiyi təsir haqda İbn Xəldun, Lev Qumilyov, Yuval Nuh Harrari kimi tarixçilər çox yazıb. Taleyüklü coğrafi payına İpək Yolu və qara qızıl düşən Azərbaycan tarixboyu geosiyasi oyunların iştirakçısı, daha çox da qurbanı olub. Azərbaycanın belinə ikinci, daha ağır bir yükü də, sözsüz, kütləni idarə etmənin ən qədim texnologiyası olan din qoyub. 
Dinlərin məlum fərqlərinə baxmayaraq, onların hamısı bəşəriyətə həqiqi, xoşbəxt həyat yolunu göstərmək, "cahilləri xilas etmək” üçün gəlsələr də, öz məqsədlərinə nail olmayıblar. Əksinə – hər din məzhəblərə, təriqətlərə bölünərək, siyasi oyunların alətinə çevrilib, özünü etibardan, gözdən salıb. Dini plüralizm, insan problemlərini azaltmamış, insan nevrozlarını daha da artırmışdı. 
J.Delöz və F.Qvattari tərəfindən "rizoma” adı verilən "total eyniliyin”, yəni dünyəvi plüralizmin də yaratdığı dəhşətli fəsadlar müasir filosofların həyəcan təbilinə səbəb olub. Yaşadığımız XXI əsrdə heç bir matrik ierarxiyanın (mütləq etalonun, meyarın) olmaması informasiyanı heç nəylə tutuşdurulmaması bəşərin özünü məhvə gətirib çıxaracağına səbəb kimi göstərilir. Hazırda dünyanın bir nömrəli sualı budur: "Həqiqi olan nədir?” Din və elm bu suala cavab verməyə çalışsa da, tarix boyu ikisinin də qaş qayırdığı yerdə vurub göz çıxartdığı yaxşı məlumdur. 
Dinlərin ifşası ilə üzə çıxan ateizm, skeptisizm, nihilizm, relativizm və b. da bəşəriyyəti yeni problemlərlə qarşılaşdırmışdı. Bununla belə, nə ruhaniyyatdan, nə də elmdən imtina mümkünsüz görünür, çünki hər iki sahə insanı digər canlılardan ayıran başlıca amillərdəndir. Bəzi müdriklərin fikrinə görə, XXI əsr ya ruhani olmalı ya da bəşəriyyət tamamilə məhv olacaqdır. "Məhvolma” fiziki olmaya da bilər – insan ya yarırobot (transhuman) ya da ancaq bioloji varlığını sürdürməyə məhkumlanan canlıya dönə bilər. Gələcək ilə bağlı narahatlığını Y. Nuh Harari "Homo Deus” kitabında bizimlə bölüşür: 
"Milyon illərdir təkmilləşmiş şimpanze idik, lakin iriölçülü qarışqaya dönə bilərik”.
II
Humanistik inqlab nəticəsində müasir Qərb mədəniyyəti, ali mental hallara inamını itirib ortastatistik Conun həyəcanlarını yuxarıbaşa keçiribdir. Qeyri-adi mental hallara meyilli olanları və ona can atanları Qərb mədəniyyəti ya narkoman, ya ruhi xəstə, ya da dələduz hesab edir.
Y. N. Harari "Homo Deus” 
Bunlara nə deyəsən? Hətta dünyada ən yeni elmi baxışları təbliğ edən Riçard Dokkinz, Stiven Pinker  kimiləri liberalizmdən imtina etmirlər. Azad iradəyə və bizim "mən”imizə yüzlərlə tənqidi səhifələr həsr edəndən sonra, onlar başgicəlləndirici intellektual salto edərək XVIII əsrə enirlər, sanki təkamül biologiyası və neyrobiologiyanın inanılmaz kəşflərinin Lokkun, Russonun və Ceffersonun etik və siyasi ideyalarına heç bir dəxli yoxdur. 
Y. N. Harari "Homo Deus” 
Öncələr din – tarixin qaranlıq dönəmlərindən gələn "bəşəriyyətin uşaqlıq nevrozu” sayılırdısa, çağdaş zamanda inama ehtiyac ilkin həyat tələbatları siyahısında getməkdədir. Tarix boyu gözlə görünən dünyanın arxasında insan övladının hansısa bir ruhani ölçü duymasını, başqa bir aləmi düşünmək bacarığı onun ən möcüzəvi xüsusiyyətlərindən sayılır.
İnsan varlığını ətraf mühit ilə bir ümumi məxrəcə gətirmək, müxtəlif münaqişələrə səbəb olan uyğunsuzluqları aradan qaldırmaq, həmçinin inam fenomeninin yerini müəyyənləşdirmək, məntiq və etik çərçivələrdə ruhaniyyatı elmlə uzlaşdırmaq, aralarında keyfiyyətcə yeni bağ qurmaq arzusu bir sıra alim və mütəfəkkirlərin əsas tədqiqat obyektinə, bəzən də bütöv həyat amalına çevrilmişdi.
M. Seliqman, E. Diner və M. Çiksentmixay kimi qabaqcıl ekspertlərin 1990-cı illərdə yürütdükləri fikrə görə, psixologiya, psixiki zəifliklərlə yanaşı psixiki gücü də öyrənməlidir. Xəstə zəkanın ətraflı atlası tərtib edildiyi halda, sağlam zəkanın elmi xəritəsinin olmaması adı çəkilən psixoloqlarda təəcüb doğurmuşdu. Son iki onillikdə pozitiv psixologiya ən dəbli psixologiya bölümünə çevrilsə də, supernormal mental halların öyrənilməsində ilk önəmli addımlar atılsa da, bugünədək bu ərazi elm üçün yenə də naməlum qalmaqdadır. 
Dinin psixoanalitik konsepsiyalarının gəlişməsi ilə (Z. Freyd, K.Q.Yunq, E.Fromm), habelə transpersonal psixologiya (S.Qrof), hər şeyin inteqral nəzəriyyəsi (K.Wilber), neyrobiologiya (J.Dispenza və b.) tərəfindən əldə edilən bir sıra nailiyyətlər dinin mahiyyətini anlamaqda sosioloji yanaşmanın yetərsiz olduğunu bəyan etmişdilər. Belə ki, sosial konsepsiyalar dinin yalnız zahiri qatlarını, doqma və kultların ictimai mənasını aşkarlayır, insanın bir növ psixoloji transformasiyasını, daxili dəyişilməsini, mənəvi aydınlanmasını, şüur oyanmasını özündə daşıyan ruhani təcrübə isə diqqətsiz qalmışdı. 
W.Ceyms, E.Fromm, A.Adler, K.Yunq, H.Qadamer, M.Haydeger, V.Frankl, G.Aqamben, J.Lakan, J.Dispenza kimi psixiatr və filosoflar inamı insan mahiyyətinin əsas şərti sayaraq, din-inam fenomenini iki yerə ayırırlar: ictimai və individual (W.Ceyms), avtoritar və humanist (E.Fromm), daxili dindarlıq və zahiri dindarlıq (Allport Gordon Willard), sosial dindarlıq və ruhani dindarlıq (R.Lenski), simvolik və təxəyyül aləmləri (J.Lakan) və s.
Tarix boyu dindarlıq və ruhanilik anlayışları bir-birinə qarışdırılmış, yanlış olaraq eyni amil sayılmışdı. Həyat təcrübəsi isə başqa gerçəkləri göstərir: dindar olmayanın ruhani (yəni mənəvi, idraklı, iradəli və  mənəviyyatlı), dindarın isə qeyri-ruhani olması istisna deyil. Strateji kateqoriyaların din tərəfindən "özəlləşdirilməsi” və alverə çevrilməsi mövzusuna L.Feyerbaxın əsərlərində də rast gəlinir. Feyerbaxa görə, tanrıya inam – insanın öz mahiyyətinin və imkanlarının sonsuzluğuna, həqiqiliyinə inamdır.
L.Vitqenşteyn kimi analitik filosoflar fəlsəfi problemləri əslində dil problemləri hesab edirlər. Mətnlərin hermnevtik təzədəndərkinə görə, bütün dinlərin əsasında ümumi bir ideya – öz hüdudlarından çıxmaq, ozünütransendensiya ideyası durur. 
E.Fromm "Psixoanaliz və din” əsərində terminoloji qarışıqlığın dinin hər cür müzakirəsinə əngəl olduğunu vurğulayır: "Din — ümumbəşəri fenomen olaraq bu və ya digər bir din növüylə asosiasiya (bənzətmə) yaradır... Dilimizdə başqa söz olmadığından, bir toplum tərəfindən bölüşülən, mənalı ömür sürməyə imkan və sədaqətli xidmətə obyekt verən, insan qruplarının paylaşdığı hər bir düşüncə və hərəkət sistemini "din” adlandırmağa məcburuq”.  
Loqoterapiyanın, yəni məna vasitəsiylə müalicə üsulunun banisi V.Frankl məna səviyyəsini belə qeyd edir: cari anın mənası və fövqal-məna. Mənaya gedən iki əsas yol – yaşanılanların dəyəri, yaradıcılıq dəyərləri və həyat məqsədlərinin dəyəri. "Biz mövcudluğumuzun mənasını yaratmırıq – tapırıq. Başqa sözlə, məna – "konkret başa düşülən və realizə edilən imkandır”. V.Frankla görə, şüuraltıya yönləndirilən istəklər, arzular, planlar olduqca yüksək və uzaq olmalıdır, əks halda məqsədinə çatmış insan mütləq bir krizisə məhkumdur. Bu, beynin şüuraltı qatına qoyulan inkişaf proqramının dəyişilmə çətinlikləriylə bağlıdır. Bir sözlə, insan, maddi rifahdan, şan-şöhrətdən daha artıq olanları – əlçatmaz idealları – gerçəkləşdirməyi düşünməlidir. Bununla insan həm özünü ruhani böhrandan xilas edə bilər, həm də dünyanın yaşam təməllərini qorumaqda iştirak etmiş olar.
K.Yunqun kəşfinə görə, hər bir informasiyanı insan beyninin şüuraltı qatı ancaq simvollar, obrazlar vasitəsiylə qavrayır. Göründüyü kimi, bir zamanlar öz daxili ehtiyaclarını obrazlı dillə, simvollarla, metaforalarla dilə gətirən insan nəticədə din fenomenini yaratmış. Sonralar insanlar o simvollardan, obrazlardan elə bərk yapışıblar ki, simvolların daşıdığı mənalar kənarda qalıb. "Susqun kütlənin kölgəsində” əsərində çağdaş mədəniyyətin kəskin tənqidçilərindən biri – fransız filosof Jan Bodiyar da "susqun” insan kütləsinin dini mərasim "parıltılarını” "qızıl” saymasını tənqid və ifşa etmişdi.