"Ermənistanın xarici siyasətində bizim əsas təhlükəmiz nə Türkiyə, nə Azərbaycan, nə də geosiyasi tektonik gərginlikdir. Bu gün, Nikol Paşinyan Ermənistanın xarici siyasət sahəsində bir nömrəli təhlükədir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın 2021-ci ildə xarici siyasət sahəsində əsas uğursuzluqları və təhdidlərinə toxunaraq, Ermənistan Respublikası Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
O bildirib ki, 2018-ci ilin aprel ayına qədər Ermənistanın xarici siyasəti Ermənistan və Qarabağ ətrafında təhlükəsizlik mühitinin gücləndirilməsinə xidmət edib:
"2018-ci il mayın 8-də Nikol Paşinyan hakimiyyəti ələ keçirib baş nazir olanda xarici siyasət öz vektorunu dəyişdi, təhlükəsizlik mühitimizi gücləndirmək əvəzinə, sürətlə həmin mühitin məhvinə töhfə verməyə başladı. Biz bu təzahürləri strateji müttəfiqlə münasibətlərdə gördük, biz Qarabağ danışıqlarının bilərəkdən uğursuzluğunun necə baş verdiyini və İlham Əliyevin müharibəyə başlamasına əsas verdiyini də gördük. Bundan başqa, 44 günlük müharibədən əvvəl başlayan "erməni soyqırımı” məsələsinin beynəlxalq aləmdə inkarının belə şahidi olduq”.
Onun fikrincə, Nikol Paşinyanın əsas səhvlərindən biri də 2019-cu ildə səfirlərlə görüşündə dediyi demokratiyanı Ermənistanın xarici siyasətinin əsas vizit kartına çevirmək ifadəsi olub:
"Əvvəla, bir kənara qoyaq ki, 2018-ci ildən sonra Ermənistanda demokratiya yox idi, heç bir ağıllı adam düşünə bilməz ki, demokratiya olsaydı belə, iki ölkəmiz ətrafında təhlükəsizlik mühiti təmin etmək mümkün olardı. Nikolun bilərəkdən uğursuz xarici siyasətinin bir çox təzahürləri var ki, onlardan biri də Xarici İşlər Nazirliyində kadr dəyişiklikləridir. Nazirlikdə elə adamlar var idi ki, o biabırçı vəziyyətə görə məsuliyyəti Nikolun hakimiyyəti ilə bölüşmək istəməyib, getdilər. Bugünkü Xarici İşlər Nazirliyi Nikol Paşinyanın orqanik davamıdır. Ermənistan-Türkiyə danışıqlarında nazirin dəyişdirilməsi, elçinin seçilməsi ikinci dərəcəli məsələlərdir. Əgər indiyə qədər bütün çirkin oyunlar Nikol Paşinyanın ağlında və əlindədirsə, səfirin və ya xarici işlər nazirinin kim olmasının nə əhəmiyyəti var”.
Əsas xarici siyasət uğursuzluqlarını vurğulayan Aşotyan müharibədən sonra "xarici sahədə edilməli olan, lakin edilməmiş əsas prioritetlərin nədən ibarət olduğu” sualına toxunaraq deyib:
"Noyabrın 9-dakı bəyanata görə, 8-ci bənddəki hərbi əsirlərin dəyişdirilməsi istisna olmaqla, hər şey həyata keçdi. Eyni bəyanatın 9-cu bəndindəki blokadanın açılması prosesləri ilə bağlı uğursuzluğa uğrayıb. Demarkasiya və delimitasiya prosesləri bizim çiyinlərimizdəki uğursuzluqlardan biridir və Minsk Qrupunun həmsədrləri də sonuncu dəfə 2021-ci ilin aprelində Qarabağ danışıqlarında əsas prinsiplər haqqında danışıblar”.
Aşotyan vurğulayıb ki, Ermənistan müharibədən dərhal sonra indikindən nisbətən daha yaxşı vəziyyətdə idi, nəinki bu gün:
"O zaman Avropa İttifaqı rəsmən bəyan etdi ki, Qarabağ məsələsi həll olunmayıb, əsas prinsiplər, o cümlədən xalqın öz müqəddəratını təyin etmək hüququ əsas olmalıdır və bunu Minsk Qrupunun həmsədrləri də bildiriblər. Bu gün Nikolun son oyunu Artsaxı tamamilə rusların, Azərbaycanın ixtiyarına verməkdi. Bunun sübutu odur ki, o, əvvəlki danışıqlar prosesini manipulyasiyalarla gözdən saldı və azərbaycanpərəst bəyanatlar verdi.
Bu gün supergüclərdən, böyük beynəlxalq qurumlardan, kim danışır bu barədə? Təbii ki, heç kim.
Uğursuzluqların növbəti məqamı belədir: biz strateji müttəfiqimiz Rusiya ilə ləyaqətli münasibətləri bərpa edə bildikmi? Təbii ki, buna nail olmadıq, hətta Qərbin Avropa strukturları ilə gündəmi də qura bilmədik.
Erməni diplomatiyasının ən böyük nailiyyəti sərhəd kəndlərindən birindən 105 baş qoyunun qaytarılması olub. Azərbaycanın Aİ-nin müşahidəçi üzvü olması prosesinin başlanğıcında Ermənistan öz mövqeləri üçün milli maraqlarımız lehinə sövdələşməyə hazırlaşırmı? Əlbəttə ki, yox. Demokratiya forumunda iştirak etmək, Azərbaycan və Türkiyəni günahlandırmaq məsələsində də uğursuzluqdur. Ermənistan müharibə şəraitini öyrənmək və Azərbaycanı cəzalandırmaq üçün beynəlxalq vasitələrindən istifadə etməyib. Milli Məclisdə ombudsmanın hesabatı hərbi əsirlərin hüquqlarını müdafiə etmək əvəzinə ələ salındı, Azərbaycan təbliğat maşınına daha bir imkan verildi. Bu il Ermənistanın xarici siyasətinin uğursuzluqları ilə bağlı doktorluq dissertasiyası müdafiə etmək olar”.
Armen Aşotyan deyib ki, bu uğursuzluqlar noyabrın 9-u yox, iyunun 20-si ilə bağlıdır (növbədənkənar parlament seçkiləri):
"Noyabrın 9-dan sonra daha yaxşı mövqelərə malik idik, xalqın başını yeyən baş nazir Paşinyan yenidən seçilməsəydi, bizim daha böyük perspektivlərimiz olardı. Hər halda Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırıldıqda, daha yaxşı xarici təhlükəsiz mühitə sahib olmaq imkanımız yaranacaq”.
Telman