Xəbər lenti

Direktor işdən çıxardığı aktyordan 100 min manat istəyir
Sənət07:45 18.04.2015

Direktor işdən çıxardığı aktyordan 100 min manat istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov mənə qarşı məhkəmə iddiası qaldıraraq məndən 100 min manat təzminat tələb edir". Bu barədə "Bizim Yol"a Mingəçevir Dövlət Dram Teatrının keçmiş ali dərəcəli aktyoru İbrahim Salamov məlumat verib.
Onun sözlərinə görə, ilk məhkəməyə onun özü müraciət edib: "Mənim iddiam əsasında başlayan məhkəmə prosesi başa çatmamış direktor məni məhkəməyə verdi. Direktor bu addımı atmaqla məni susdurmaq istəyir. Səxavət Məmmədov məhkəməyə müraciətimdən çəkinir, saytlara verdiyim müsahibələrdən qorxurdu. Buna görə də məni məhkəməyə verdi".
İ.Salamov bildirir ki, xəbəri olmadan onu işdən uzaqlaşdırıblar: "Aktyoru xəlvəti işdən qovmaq, ona nahaq töhmətlər vermək teatr sənətinə hörmətsizlikdir. Səxavət Məmmədov teatrın necə idarə edilməsi tapşırığını mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyevdən aldığını bildirir. O, yerli icra hakimiyyətindən də dəstək alır. Səxavət Məmmədovun bacısı Mingəçevirdə məktəb direktorudur, yeznəsi icra hakimiyyətində çalışır. Direktorun qardaşı da məmurdur.  Hansı rəsmilərin onun qohumu, adamı olmalarına baxmayaraq, mən sonuna kimi haqqımı tələb edəcəyəm".
Aktyor məhkəmə iddiasında işə bərpa olunmasını istəyir. Direktor isə İbrahim Salamovun ona qarşı irəli sürdüyü ittihamlara görə aktyoru məhkəməyə verib.
Problemlə bağlı Mingəçevir Dövlət Dram Teatrının  direktor müavini Vüsal Məmmədov "Bizim Yol"a bildirib ki, İbrahim Salamov daxili nizam-intizam qaydalarını dəfələrlə pozduğu üçün teatrdan uzaqlaşdırılıb: "Aktyor işdə yol verdiyi nöqsanlara, nizam-intizama əməl etmədiyinə görə teatrdan çıxarılıb. Tamaşanı hazırlayarkən onun səhnə rəisi ilə davaları olub. İbrahim onu təhqir edib. Onun işdən azad olunması qanunidir. İşdən çıxarılması zamanı o, işdə olub. O, işə bərpa olunmaq istəyirsə, bunun bir yolu var: Məhkəməyə müraciət etsin, məhkəmə iddiasını qəbul edərək lehinə qərar versə, işləyə bilər. Onu da deyim ki, İbrahim Salamovun teatrın səhnəsi ilə bağlı iradları nəzərə alınıb, nöqsanlar aradan götürülüb".
Qaynar.info