Xəbər lenti

Dövlət Departamenti Bakının dediyini təsdiqlədi
Siyasət 17:51 15.11.2023

Dövlət Departamenti Bakının dediyini təsdiqlədi

"ABŞ rəsmisinin dedikləri Azərbaycan hökumətinin dediyindən heç nə ilə fərqlənmir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin "Qarabağdan gedən insanların evlərinə qayıtmaq hüquqları var” açıqlamasını şərh edərkən deyib.

A.Əliyev bildirib ki, ABŞ rəsmisinin verdiyi bəyanat kimi, Azərbaycan da dəfələrlə elan edib ki, ermənilərin Qarabağı tərk etməsi özlərinin verdiyi könüllü qərardır və qayıtmaları üçün qapılar açıq saxlanılır:

”Hətta ermənilərin Qarabağdakı əmlaklarına da bu günə qədər toxunan yoxdur. Ona görə də Azərbaycan həmin insanları qəbul etməyə, yerləşdirməyə hazırdır. Onların inteqrasiyası üçün plan da hazırdır”. 
 
 

Həmsöhbətimizə görə, Dövlət Departament rəsmisinin bu sayaq açıqlama verməsi sadəcə olaraq, ABŞ-ın İrəvana ünvanladığı özəl təkliflərilə bağlıdır:

"Bu təkliflər İrəvan-Bakı münasibətlərilə bağlı olsa da, əslində Rusiyanın Ermənistandan çıxardılması və onun buradakı nüfuzuna zərbə vurması ilə bağlı olan təkliflərdir. Ona görə də Vaşinqton xoş gəlmək, əlavə xallar toplamaq, İrəvana dəstək verdiyini nümayiş etdirmək üçün bu sayaq fikirlər səsləndirir. Amma onun indiki halda Azərbaycan üçün elə bir təsiri yoxdur. Çünki, Vaşinqtonun dediyini Azərbaycan ilk gündən deyir”. 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbəri Metyu Miller noyabrın 14-də keçirilən brifinqdə Qarabağdan gedən insanların evlərinə qayıtmaq hüququna malik olduğunu deyib. "Biz hələ də bu fikirdəyik ki, Qarabağı tərk edən insanlar istəsələr evlərinə qayıtmaq hüququna malikdir və onların bu hüququna hörmət edilməlidir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->