Xəbər lenti

Dollarlaşma prosesi zəifləyib, lakin ekspertlər narahatdır
Ekonomiks15:06 15.05.2016

Dollarlaşma prosesi zəifləyib, lakin ekspertlər narahatdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin yanvar-mart aylarında Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalından açıqlama verilib.  
Qeyd edilib ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76,4% təşkil etdiyi halda, I rübün sonuna 74,9% olub. Bundan əlavə, I rübdə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəli ilə müqayisədə 6,4% artdığı halda, xarici valyutada əmanətləri 20,8% azalıb. Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85 faizdən 81 faizə enib. 
Dollarlaşma prosesinin zəifləməsinin səbəbi nədir? Bu durum manatın məzənnəsinin saxlanılmasında müsbət rol oynaya bilərmi?
“Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, təkcə, dollarla olan əmanətlər yox, ümumiyyətlə banklarda əmanətlər azalıb: “Çünki, vətəndaşlar vəsaitlərini banklarda yox, seyflərdə saxlamağa üstünlük verirlər. Geri çəkilən əmanətlərin içində valyutada olan əmanətlər çoxluq təşkil edir. İkincisi, dollarla olan əmanətlərin faiz dərəcəsi, manatla olan əmanətlərin faiz dərəcəsi ilə müqayisədə 3-4 dəfə artıqdır. Vətəndaşlar depozitləri bir gəlir mənbəyi kimi istifadə etdikləri üçün əmanətləri manatla saxlamağa üstünlük verirlər. Son dövrlər manatın dollar nisbətdə kursundakı müəyyən süni sabitləşmə vətəndaşlara stimul verir ki, vəsaitlərini manatda yerləşdirsinlər. Dollarlaşma prosesinin zəifləməsinə gəlincə, dolları almaq üçün manat lazımdır. Hazırda isə tədarükdə manat qıtlığı var. O baxımdan dollara olan tələbat azalıb”. 
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, dollarlaşma prosesinin zəifləməsi iqtisadi aktivliyin, idxal-ixrac əməliyyatlarının zəifləməsi ilə bağlıdır: “Depozitlərin azalması sırf ajiotajla bağlı idi. Xatırlayırsınızsa, ilin əvvəlində 7 bankla bağlı ciddi problem yaşandı. Banklar bağlandı. Ən böyük banlarda biri olan “Bank Standart”la bağlı problem yaşandı, onun dövlət nəzarətinə keçməsi ilə bağlı qərar qəbul edildi. Elə təkcə, “Bank Standart”da 600 milyon dollara yaxın əmanətlər var idi. belə olan halda əhalinin bir qismi banlarda olan vəsaitlərini geri çəkərək yastıq altında saxlamağa və ya xaricə çıxartmağa üstünlük verdi ki, hər hansı neqativ hadisə yaşanarsa əmanətlərini sığortalaya bilsinlər. Banklarda azalan dollarla əmanətlər, manata çevrilməyib, sadəcə geri götürülüb. Bir çox banklar isə depozitləri qaytarmaqda çətinlik çəkirlər. Bəzən hətta depozitlərini geri çəkmək istəyən vətəndaşlara həftəlik ödəniş qrafiki təklif olunur və bank həftədə müəyyən valyuta ödəməklə depoziti bağlayır. Birinci səbəb bununla bağlıdır. İkinci önəmli məsələ isə iqtisadi aktivliyin azalmasıdır. Mərkəzi Bankın hesabatında həm də xarici ticarət əlaqələrinin zəiflədiyi, idxalın xeyli aşağı düşdüyü də qeyd edilir ki, bu da dollara tələbatı azaldır”. 
Qaynarinfo.az