
Xəbər verdiyimiz kimi, Azərbaycanın gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığmasının üzvü Zubair Dibirov sentyabrın 30-da Fransanın Makon şəhərində keçirilmiş dünya çempionatında dopinq-testdə ilişib. Onun B testinin Parisdə müayinədən keçirilməsi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol və anabolik steroid aşkarlanıb. Nəticədə legioner pəhləvan 4 oktyabr 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb.
Qaynarinfo.Az xəbər verir ki, gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Şaban Donat azerisport.com-a bu məsələ ilə bağlı açıqlama verib. Türk məşqçi bildirib ki, onun dopinqə düşməsi Rusiyada hansısa dərmanlar qəbul etməsi ilə bağlı ola bilər:
"Dibirov Sankt-Peterburqda yaşayır və bir neçə dəfə evə gedib. Mənə elə gəlir ki, o özü şəxsən müalicəsi ilə məşğul olurdu və ola bilər ki, Rusiyada olanda hansısa dərmandan istifadə edib. İş ondadır ki, yığmanın toplanışı zamanı bütün güləşçilərimizlə bizim həkimimiz məşğul olur. Dibirov gənclərin Makondakı dünya çempionatı zamanı dopinq-tesə düşüb. Biz diskvalifikasiya olunmasını bildikdən sonra o, Sankt-Peterburqa getdi və bizimlə əlaqə saxlamadı".
Qeyd edək ki, 74 kq çəki dərəcəsində mübarizə aparan Zubair Dibirov ötən il gənclər üzrə ölkə çempionatında qalib olmuşdu. O, dopinqə düşdüyü Fransadakı dünya çempionatında isə 1/4 finaladək irəliləmişdi.
Qaynarinfo.Az