Xəbər lenti

Drel dimdikli quşlar
Murad KÖHNƏQALA
Ölkə 13:33 04.02.2025

Drel dimdikli quşlar

Düşünürəm görəsən, gün ərzində məsələn, Xəzər dənizinə neçə ton kimyəvi maddə axıdılır. Kanalizasiyalar, neft tullantıları bir yana, il ərzində bu gölün damarlarına min tonlarla zəhər işləyir. Paltar poroşokları, çeşidli qab poroşokları, müxtəlif zəhərli yuyucu maddələr, qələvilər, zavod tullantıları... 

Zarafat deyil, Volqa, Kür kimi çaylar da başda olmaqla 130-a yaxın çay vasitəsilə Xəzərə ildə neçə min ton kimyəvi zir-zibil axıdılır. Xəzərin də heç bir dənizə-okeana çıxışı yoxdu. Milyonlarla ton zəhər gölün sularına qarışır, dibinə çökür. Bunun axırı necə olacaq, bəs? 

Axırda Xəzərdə yaşayan canlılar mutasiya eləyib başqa yırtıcı canlılara çevriləcəklər. Həmin dəhşətli canlılar bir gün quruya çıxacaqlar. Və evlərə girib adamları hopbadan udacaqlar. 

Məsələn, ağzı metr yarım açılan, iri dişli canlı evə girib evin gəlininə belə deyəcək: "Ay qız, sən idin o tualeti Domestos ilə yuyan? Səni deyirəm, səni! Bəri çıx görüm, qaynananın dalından!” 

Gəlin qaçmaq istəyəndə bizim bu bədheybət canlı uzun dilini onun arxasınca atacaq. Dil yapışqanlı lenta kimi qadının ayağına dolanacaq. Laqonda dişli, lazer baxışlı qorxunc canlı onu yavaş-yavaş öz ağzına tərəf çəkəcək. Həmin bədheybət eybəcər canlının yanındakı sevimli balası anasına belə deyəcək: "Ana-anacan! İcazə ver onun ayaqlarını özüm udum!" 

Anası isə ona belə buyuracaq: "Yaxşı, qoy, onda bədənini şirələyim ki, bu günahkar məxluqumuz əlindən qaça bilməsin!" 

Sonra da o, gigiyenanı sevən təmizkar gəlinin üstünə kley kimi maye püskürəcək. Bu heç, bununla balası məşğul olacaq. Balaca onu laqonda dişləri ilə lay-lay doğrayaraq tikə-tikə içəri ötürəcək.

Anası sonra keçəcək evin kişisinə: "Bura gəl görüm əə, bazardan yaxşı qab poroşoku, xlor, mebel təmizləyən maye, uksus alıb gətirən oğlan!" 
Kişi də bu dəhşətli məxluqun əlindən qurtulmaq üçün özünü 9-cu mərtəbədən aşağı tullayacaq. Lakin, bizim bu bədheybət anındaca dilini onun arxasınca ataraq kişini göydə tutub içəriyə, özünə tərəf çəkəcək. Pəncərə şüşəsindən kəsik-kəsik olmuş kişini spiral kimi geri yığılan dilinin dolağında sıxaraq helikli-selikli-kleyli səsi ilə xırıldayıb hırıldayacaq: "Səni necə yeyim, əəə?! Çeynəyə-çeynəyə, yoxsa bir dəfəyə hoppp udum? Yəni, deyirəm demokratiyadı, seçim azadlığın var, hansı üsulla istəsən o qaydada yeyəcəm səni! Dayan görüm, yaxama bir plastik önlük də taxim!" 

Sonra da gülə-gülə yanındakı balalarına belə söyləyəcək: "Aəə, bəlkə bunun üstünə Oriel poroşoku səpim, sonra da xlornan isladım ki, ləzzətli olsun, haaay? Tikələrini kislotaya batıracam, o heç! Bu yaramazın ağzını da moment kleyi ilə bağlayacam ki, səsi də çıxmasın. Bunlar çox həyasız məxluqdu, qışqıranda anqırtıları beynimə düşür. Udacam eee, bunu, qoy, mədəmin meşalkasında qəşəng fırlanıb ərisin!.." 

Hələ şəhərin küçələrində çənələrini doxsan dərəcə açaraq gülüb şellənəcək mişarquyruqlu timsahlardan, səmada şığıyan drel dimdikli quşlardan, ağzından kislota püskürən su canavarlarından danışmıram. Yazsam qorxuram vahimədən heç dişlərinizi də yumayasınız... 

Nəysə, bildiniz dəə, söhbəti çox uzatmağın yeri yoxdu. Deyirəm, bizim nə vecimizə, biz dünyanı zibilləyib gedirik, qoy, gələcək nəsillər öz haylarına qalsınlar...  

Murad Köhnəqala

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->