(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə hazırlanıb)
Torpaq uğrunda ölən varsa vətəndir
"44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, yalnız düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq. Ona görə də bizim Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş Qələbədir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən bir il sonra, 27 Sentyabr 2022-ci ildə Azərbaycan xalqına müraciəti zamanı səsləndirib.
Bir il öncə isə Azərbaycan xalqı birlik nümayiş etdirərək, bir əmr, bir bayraq, bir ideya ətrafında birləşərək ,44 günlük Vətən müharibəsi zamanı şanlı tarix yazaraq, 30 il işğal altında qalan doğma yurd-yuvasını Erməninstanın işğalından azad edərək böyük bir tarix yazdılar. Bu müharibə Azərbaycan dövlətinin gücünü, xalqın birlik və mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi.Bu qələbə döyüş meydanında qazanıldı. 300-dən çox şəhər və kənd işğaldan azad edildi.
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Lakin Azərbaycan tərəfi hər dəfə zamana-zaman sülh tərəfdarı olduğunu açıqlasa da, Ermənistan dövləti və xalqı öz boş və mənasız iddialarından vaz keçmək istəmir, problemi hər gün bir az daha qəlizləşdirirdilər.
Bardağı son daşıran damlalardan biri isə 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı. Hətta bu səfərlərdən birində o, Şuşada - Cıdır düzündə "Yallı” oynayaraq, sanki bizə " Şuşa heç vaxt sizin olmayacaq” kimi bir mesaj vermək istəyirdi. Ancaq bu son deyildi.
Erməni xisləti özünü hər yerdə göstərir, təxribatçı əməllərini davam etdirirdilər. Bunlardan biri də, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etməsi oldu. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşaiyət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. 23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək, geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürüldü. Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG- PKK terrorçularının, o cümlədən, Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirildi.
Vətən müharibəsi necə başladı?
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunub. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirdi. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaydı. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başladı və respublika ərazisində hərbi vəziyyət elan olundu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Bir çox ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırsa da artıq qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdi. Azərbaycanın hər yerində, hər evində qisas, itirilmiş torpaqlarımız artıq geri alınmalıdır kimi ifadələr səslənir, insanların qəlbini zəfər, qələbə duyğusu fəth edirdi.
Qələbəyə aparan 44 gün
Bu döyüşlərdə Azərbaycan az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib. Vətən müharibəsinin təfərrüatlarına hələ tam aydınlıq gəlməyib. Amma əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı olan Şuşa təbii istehkamlarla qorunduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi:"Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yolboyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur. "Le Monde” nəşrinin həmin günlərdə yaydığı başqa bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar”.
Qələbənin elanı – Zəfər tarixi
Prezident İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək, kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. 11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlıları fəaliyyətə başladı. Azərbaycanın hərbi üstünlüyü Azərbaycan ordusu 44 günlük müharibə ərzində "Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan "Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən "Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu texnoloji üstünlüyə sahib idi.
İkinci Qarabağ müharibəsində itkilər
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olub. 6 nəfərin adı isə itkin düşənlər siyahısındadır. Ermənistan tərəfi təkcə döyüş meydanında deyil, Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan sivil əhaliyə qarşı silahlı hücumlar edərək, onlara qarşı terror aktına imza ataraq terrorçu dövlət olduğunu sübut etdi. Ümumilikdə Gəncə, Tərtər, Yevlax, Bərdə və digər ərazilərimizdə baş verən terror aktları zamanı 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Ermənistan tərəfi müharibə zamanı 3363 hərbiçisinin öldüyünü təsdiq etsə də, reallıqda bu rəqəmin daha çox olduğu istisna edilmir. 44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir. Vətən müharibəsindən ötən müddət də ölkəmiz müharibə vaxtı ermənilərin törətdiyi terror aktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib, həqiqətləri dünyaya çatdırmaq uğrunda yenidən mübarizəsini davam etdirib. Ancaq Vətən müharibəsi qələbə, zəfərlə bərabər, öz itkiləri ilə də tarixin yaddaşına yazıldı. Ermənistan tərəfi təkcə döyüş meydanında deyil, Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan sivil əhaliyə qarşı silahlı hücumlar edərək, onlara qarşı terror aktına imza ataraq terrorçu dövlət olduğunu sübut etdi. Ümumilikdə Gəncə, Tərtər, Yevlax, Bərdə və digər ərazilərimizdə baş verən terror aktları zamanı 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Doğma torpağa dönüş Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Ancaq yanıldılar. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Prezident işğaldan azad olunmuş Füzuli və Ağdam şəhərlərinə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etdi ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Vətəndaşların doğma yurda qayıtması üçün dövlət tərəfindən lazımi kömək göstəriləcək. Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişinə, Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıb. İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsi eşidilir, "Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır...
Vətən müharibəsindən ötən müddətdə ölkəmiz müharibə vaxtı ermənilərin törətdiyi terror aktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək, həqiqətləri dünyaya çatdırmaq uğrunda yenidən mübarizəsini davam etdirib.
Azərbaycan xalqı dünyaya bir daha sübut etdi ki, bura bizim əzəli əbədi torpaqlarımızdır.
Necə deyərlər "Qarabağ Azərbaycandır!”
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.