Xəbər lenti

İdman 18:37 16.09.2023

Dünya ulduzları ilə müqayisə olunan, karyerası atası tərəfindən məhv edilən vunderkind

Sonni Pike 1990-cı illərin ən məşhur uşaq vunderkindi idi.

Qaynarinfo-nun məlumatına görə, o, hətta növbəti Dieqo Maradona kimi qəbul edilmişdi. Pike 12 yaşında olarkən Maradona, Corc Best, Rayan Giqqz kimi dünyaca məşhur ulduzlarla müqayisə olunurdu. İngilis uşaq Pol Qasqoynu bütləşdirib özünə kumir seçmişdi və Premyer Liqa ulduzu olmaq xəyalları qururdu. 
 


Pike 12 yaşında "Enfild Town”da göstərdiyi performansla daha peşəkar klubların diqqətini çəkmişdi. O, bir mövsümdə 100-dən çox qol vurmuşdu. Gənc oğlan daha sonra "Ayaks”ın akademiyasına dəvət olundu. Pikenin oyunu onu şöhrətli bir uşağa çevirmişdi, kameralar hər hərəkətini izləyir və sponsorluq müqavilələri bağlanırdı. Hələ peşəkar futbolçu olmamasına baxmayaraq, o, gənc yaşlarında idman geyimləri brendi olan "Mizuno” ilə sponsorluq müqaviləsi bağladı. Bununla yanaşı, "McDonald's” və "Coca-Cola” brendləri ilə çalışırdı. Onun ayaqları bir milyon funt-sterlinqə sığortalanmışdı və artıq superulduzluq yolunda irəliləyirdi. 
 



Lakin 14 yaşında qısqanc valideynlərin hədəfinə çevrildi. Xüsusən də matçlar zamanı atası Mikki rəqibləri Pikeni qəsdən incitməyə, sıxmağa çağırırdı. Pike kənardan gələn təzyiqlərlə də üzləşməli oldu və atası özü də bilmədən onun karyerasını məhv etdi. Bundan sonra atası onu Qreq Pik tərəfindən lentə alınan "Məşqçilik və Brakonyerlik" adlı sənədli filmdə çəkilməyə inandırdı. Sənədli film yayımlanandan sonra qanunsuzluğa yol verdiyi ifşa olunduğu üçün İngiltərə Futbol Assosasiyası tərəfindən bir il müddətində futbol oynamasına qadağa qoyuldu. Onun qeyri-adi istedadı valideynlərinin 22 illik evliliyinə də zərbə vurub. Atası sürətlə qanuni bir ulduz olmasına təkan verərkən, anası onun üçün normal bir uşaqlıq istəyirdi. Qadağadan sonra Pike futbol oynamaqda çətinlik çəkdi, çünki bu idmana sevgisi azalmışdı. Sonradan o, açıqlamasında "Meydanda demək olar ki, psixi pozğunluq yaşadım. Mənə fürsət verildi, 15 dəqiqə meydana çıxdım və sadəcə olaraq ayrıldım" deyirdi. Futbolçu hətta 17 yaşında futbolu buraxaraq intihar etmək də istəmişdi. O, sonuncu dəfə "Qrimsbi Taun”da özünü sınadıqdan sonra 18 yaşında karyerasını bitirdi. 
 


Bəs futboldan sonra nə etdi?

Futbol oynamalı olduğu dönəmdə karyerasını bitirən Pike bir neçə il ərzində dülgərliyi öyrəndi və ailə həyatı qurdu. O, indi də həftənin altı günü Londonda taksi fəaliyyəti ilə məşğuldur. 40 yaşlı keçmiş futbolçu futbola marağını itirməsinə baxmayaraq, hələ də uşaqlar üçün məşq sessiyaları təşkil edir. Onların da eyni aqibətlə üzləşməməsi üçün xüsusilə meydandan kənar aspektlərə diqqət yetirir. Pikenin həyat yoldaşı və iki uşağı var. O, uşaqların öz istədikləri kimi inkişaf etməsinə icazə verilməsinin tərəfdarıdır. Uşaq ikən ailəsini itirən keçmiş futbolçu daha yaxşı bir ata olmağa qərar verib.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->