Bakının Səbayel rayonu, “20-ci sahə” adlanan yaşayış massivində bir müddət əvvəl tikilərək istifadəyə verilən “Yeni şəhər” yaşayış kompleksində bir neçə həftədir yenidən təmir-tikinti işləri başlayıb. Səbəb isə təzəlikcə istifadəyə verilən binanın divarlarında dərin çatların meydana gəlməsidir.Yaşayış kompleksinin sakinlərinin “Yeni Müsavat”a verdiyi məlumata görə, yaranmış problemlə bağlı onlar Fövqəladə Hallar Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. FHN tərəfindən göndərilmiş xüsusi komissiya əraziyə gələrək evlərə baxış keçirib, qəzalı vəziyyətdə olan evlər barəsində akt tərtib edərək Bakı Şəhər İcra Hakimiyyətinə göndərib. Lakin meriya bu məsələyə laqeyd yanaşıb. Sakinlər iddia edir ki, növbəti mərhələdə ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Prezident keçirdiyi sonuncu müşavirə zamanı Hacıbala Abutalıbova göstəriş verərək, qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin problemlərinin dərhal həll olunmasını tapşırıb.
Ərazidə olarkən öyrəndik ki, təmir-tikinti işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Almaniyadan dəvət olunmuş tikinti mütəxəssisləri binada yaranmış çatın müasir texnologiyalar vasitəsilə qarşısını alıb. Mənzillərin sahəsi artırılıb. Lift quraşdırılıb. Mərtəbələrin sayı 5-dən 6-ya artırılıb. Tikinti işləri aparılan binaların sakinləri müvəqqəti olaraq köçürülüb.
Sakinlər mənzillərinin artrılmasına görə onlardan əlavə pul yığıldığını da söylədilər. Onların sözlərinə görə, bir müddət əvvəl onlara yazılı xəbərdarlıq gəlib ki, evlərinin sahəsi artırıldıqdan sonra həmin hissə bazar qiymətinə hesablanaraq onlara satılacaq. Bina sakinləri isə bu şərtlə heç vaxt razılaşmayacaqlarını, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına şikayət məktubu ünvanlayacaqlarını vurğuladılar.
Qeyd edək ki, Bayıldakı “Yeni şəhər” yaşayış kompleksini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikdirib. Bir neçə binadan ibarət olan yaşayış kompleksindəki mənzillərin çoxu mədəniyyət işçilərinə paylanıb. Qalan mənzillər isə satışa çıxarılıb.
Qaynar.info



