"Əgər dərsliklərdə koronavirusla bağlı məlumat yoxdursa, ondan test tapşırığı tərtib etmək, imtahan iştirakçısına təqdim etmək olmaz".
Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin keçirdiyi mətbuat konfransında "Bu il IV ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda koronavirusla bağlı sual olacaq" fikirinə münasibətində deyib. Kamran Əsədov qeyd edib ki, bütün növ imtahanlarda qiymətləndirmədə verilən suallar dərslikləri əhatə etməlidir:
"Dərslikdə olmayan ifadə, termin, faktdan test tapşırığı tərtib edilə, orta məktəb bazasından imtahanda iştirak edən şəxslərə təqdim edilə bilməz. Qəbul və buraxılış imtahanlarında imtahan iştirakçılarına təqdim edilmiş test tapşırıqları orta məktəb dərsliklərində keçirilmiş mövzulardan olmalıdır. Bu bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə, o termindən istifadə edə bilməz".
Kamran Əsədov bildirib ki, X sinif Biologiya kitabının 3-cü bölməsində epidemologiya bölməsində 9 paraqraf, 26 səhifə viruslar və bakteriyalara yer ayrılıb:
"Orada müxtəlif növ viruslar barədə məlumat verilib. Məhz qəbul imtahanlarında bu mənbədən istifadə oluna bilər. Bundan kənar isə heç bir mənbədəki məlumatı test predimenti etmək olmaz. Bəli, viruslardan test tapşırığı salına bilər. Amma bu, orta məktəb kitablarında proqrama salınmış viruslardan ola bilər. Əgər dərsliklərdə koronavirusla bağlı məlumat yoxdursa, ondan test tapşırığı tərtib etmək, imtahan iştirakçısına təqdim etmək olmaz".
Xatıladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib. Konfransda sədr bu il IV ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda koronavirusla bağlı sual olacağını bildirib.
Bahar Rüstəmli