
İqtisadçı ekspert Azər Mehdiyev Mərkəzi Bankın məzənnə ilə bağlı qəbul etdiyi sonuncu qərara münasibət bildirib.
Azər Mehdiyev "facebook" səhifəsində bunları yazıb: "Mərkəzi bankın nağıl kimi izahı: "Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilmişdir.
Boş söz yığınıdır. İqtisadi nəzəriyyədə olan "milli valyutanın aşağı məzənnəsi ixracı stimullaşdırır" tezisi ölkədə rəqabət qabiliyyətli məhsul istehsal edildikdə özünü doğruldur. Yəni ABŞ, Yaponiya, Avropa ölkələrində rəqabət qabiliyyətli məhsullar istehsal edildiyindən məzənnənin aşağı salınması və monetar stimullaşdırma ixracın artmasına gətirib çıxarır. Hazırda ölkəmizdə belə rəqabət qabiliyyətli məhsullar istehsal olunmur ki, onların ixracı da artsın. Bu halda manatın belə kəskin devalvasiyası nə iqtisadiyyatı şaxələndirə, nə də yerli istehsalın inkişafını stimullaşdıra bilməz. Ona görə ki, yerli istehsalın inkişafı üçün lazım olan texnika və texnologiya xaricdən alınmalıdır. Oliqarx-məmur inhisarçılığı azad sahibkarlığın inkişafına maneədir. Ölkədə istifadə olunan malların əksər hissəsi, istehsal edilən məhsulların isə xammalının böyük hissəsi idxal olunur. Bu o deməkdir ki, qiymətləq kəskin qalxacaq. Mərkəzi Bank və hökumət dövlət büdcəsinin kəmiyyət parametrlərini İNFLYASİYA gəlirləri hesabına doldurmağa qərar verdi. Biz bu addımı Avropa oyunlarından sonraya gözləyirdik".
Qaynar.info