Xəbər lenti

Ekspert və sabiq maliyyə naziri 2017-ci ilin çətinliklərindən danışdı - Açıqlamalar
Ekonomiks08:20 23.12.2016

Ekspert və sabiq maliyyə naziri 2017-ci ilin çətinliklərindən danışdı - Açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il Azərbaycan iqtisadiyyatı üçün ən çətin il olduğunu söyləsək yanılmarıq.

Manatın sürətli ucuzlaşması, neftin qiymətinin dünya birjasında 50 dollar civarında qalması, məhsul və xidmətlərin qiymətində artımın olması iqtisadi böhranı getdikcə dərinləşdirir. 2016-cı ili yaxşı-pis başa vurduq. Bəs, 2017-ci ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? Manatın üzən məzənnədən tam üzən məzənnəyə keçməsi dolları bir qədər də bahalaşdıracaq? İqtisadi böhran hansı sferalara təsir edəcək? 

İqtisadçı ekspert Natiq Cəfərli və sabiq maliyyə naziri Fikrət Yusifov 2017-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı proqnozlarını Qaynarinfo.Az-a açıqladı.

Natiq Cəfərli bildirdi ki, 2017-ci il bizim üçün ötən ildən heç də asan olmayacaq:

"2016-cı il Azərbaycan iqtisadiyyatı üçün çox ağır il oldu. Bu hətta rəsmi açıqlamalarda da etiraf olunub. 2017-ci ilə keçiddə biz özümüzlə birgə ötən ilin problemlərini də daşıyırıq. Bunun obyektiv və subyektiv səbəbləri var. 2017-ci il çox təəssüf ki, 2016-cı ilin davamı kimi olacaq. Yəni, ciddi bir irəliləyişlərin olması üçün zaman lazımdır. Atılan bəzi addımların effektiv olması üçün də zamana ehtiyac duyulur. Bu səbəbdən 2017-ci ildə ciddi irəliləyişlərini söyləmək çətindir. 2017-ci ildə də xroniki problem olacaq. Manatın gələcək taleyi ilə bağlı ciddi proseslərin baş verməsi ehtimalı var. Çünki Azərbaycan Mərkəzi Bankı (AMB) artıq tamamilə manatı sərbəst buraxmağı düşünür və tam üzən məzənnə adı altında məzənnə siyasətinə keçid etməyə çalışır ki, bu da manatın daha da dəyərdən düşməsi anlamına gəlir. Çünki bazarda oyunçular yoxdur ki, manatı dəstəkləsin. Valyuta sata biləcək iki oyunçu var. Biri Neft Fondu, digəri isə Azərbaycan Mərkəzi Bankıdır. AMB artıq son aylar dollar satmaqdan çəkinərək öz ehtiyatlarını qoruyur. Neft Fondu əsas oyunçu kimi qalacaq və onun da dollara satması təəssüf ki, ölkənin valyutaya olan ehtiyaclarını ödəmir". 

Natiq Cəfərli qeyd edir ki, ikinci önəmli məsələ kimi Azərbaycanda ticarət dövriyyəsinin getdikcə zəifləməsini müşahidə edəcəyik:"Çünki dolların bahalaşması ticarət dövriyyəsinin zəifləməsi ilə nəticələnir. İnsanları alıcıq qabiliyyəti aşağı düşdükcə, ticarət dövriyyəsi zəiflədikcə bu sahədə çalışan 100 minlərlə insanın iş yerlərini itirməsi, gəlirlərin azalması daha da sürətlənə bilər". 

Ekspertin fikrincə, üçüncü məsələ, bank sektoru ilə bağlıdır:"Ciddi təlatümlərin olması ehtimalı var. 2017-ci ildə biz yenidən bankların bağlanmasını, bankların birləşdirilməsini görə bilərik. Çünki bank sektorunun sağlamlaşdırılması istiqamətində ciddi problemlər var. Bank sektoru sağlamlamasa, öz hesabına ayaqları üstündə dayanmasa iqtisadiyyatda problemlərin həlli daha da çətinləşir. Bank sektoru kifayət qədər güclənməlidir ki, kreditləşmə yenidən aktivləşsin. Həm biznes, həm istehlak kreditləri üçün yeni kredit imkanları yaransın ki, iqtisadi canlanmaya səbəb olsun. Digər tərəfdən, kənd təsərrüfatı sahəsində müəyyən addımların atılması gözlənilir, müxtəlif proqramlar qəbul olunub. Təəssüf ki, 2017-ci ildə qəbul olunmuş proqramların həmən effekt vermədiyini görəcəyik. Bu bəzi mütəxəssislər üçün və dövlət üçün sürpriz olacaq. Çünki 2017-ci ildə bu sahəyə böyük ümidlər bağlanıb. Amma bu elə bir sahədir ki, irəliyəyiş üçün bir neçə il və böyük investisiyalar lazımdır. Nəticə olaraq deyə bilərik ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatını silkələyən problemləri təəssüf ki, özümüzlə 2017-ci ilə də daşıyırıq. Və 2017-ci il bizim üçün ötən ildən heç də asan olmayacaq".

Sabiq maliyyə naziri Fikrət Yusifov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki,  FES 2017-ci ildə uçot dərəcəsini gələn il üçün əvvəlcədən nəzərdə tutulduğu kimi iki dəfə deyil, üç dəfə qaldırmaq qərarına gəldi. Bu isə o deməkdir ki, manatı daha da ucuzlaşdıracaq:

"İlk öncə onu deyək ki, verilən bütün pozitiv proqnozların əksinə olaraq gələn il neftin qiymətlərində artımlar deyil, ciddi azalmalar daha çox gözləniləndir. Ucuz neft siyasəti ABŞ-ın əlində Rusiya iqtisadiyyatını çökdürmək üçün ən təsirli silahdır və yaxın gələcəkdə onun bu silahı yerə qoyacağı heç gözlənilən deyil. Bəs gələn il dünyanın bir nömrəli valyutası – dollar özünü necə aparacaq? Bu günlərdə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq qərarı çoxdan gözlənilirdi. Amerika Birləşmiş Ştatlarının bahalı dollar siyasəti dünya maliyyə sisteminə və ABŞ-ın iqtisadiyyatına nə vəd edir? Uçot dərəcəsi qaldırıldıqdan sonra dollar canlanır, baha dollar Amerika aktivlərinin gəlirliliyini daha da artırır və bu səbəbdən ölkəyə xarici kapital axını güclənir. Təbi ki, FES-in bu qərarından sonra dolların başqa valyutalara nisbətən müəyyən qədər bahalaşması baş verdi. Ancaq bu hələ son deyil. Əsas məsələ bundan ibarətdir ki, bu dəfə FES 2017-ci ildə uçot dərəcəsini gələn il üçün əvvəlcədən nəzərdə tutulduğu kimi iki dəfə deyil, üç dəfə qaldırmaq qərarına gəldi. Beləliklə, gələn il baza faiz dərəcəsinin orta hesabla 1,375 faizə qədər yüksələcəyi mümkündür. Bu isə olduqca ciddi bir məsələdir. Belə olduğu halda dünya maliyyə sistemində hansı proseslər baş verəcək, bahalı dollar neftin qiymətlərini hansı səviyyəyə qədər enməsinə gətirib çıxaracaq və digər ölkələrin valyutaları, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutaları özlərini necə aparacaqlar? Bütün bu suallara indidən dolğun cavab vermək mümkün deyil. FES-in bu qərarı təbii ki, Azərbaycan manatının da məzənnəsinə müəyyən təsir göstərdi və gələn il uçot dərəcəsində baş verəcək artımlar bütün valyutalar kimi manata da öz təsirini göstərəcək".

Pərvin Zeynal
Qaynarinfo.Az