Siyasət 13:10 17.10.2022

"Ekspertlərin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi..." - Cozef Borel

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel qurumun Ermənistana mülki missiya göndərməsi barədə danışıb.

Qaynarinfo xəbər verir ki, Borrel Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiq olduğunu bildirib.

"Avropa İttifaqının 40-a qədər monitorinq ekspertini Ermənistanın Azərbaycanla beynəlxalq sərhədi boyunca yerləşdirməsi insanların həyatına təhlükə yaradan və münaqişənin həlli prosesinə təhlükə yaradan qeyri-sabit vəziyyətdə inam yaratmaq məqsədi daşıyacaq. Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin bir daha sübutudur", deyə Borrel qeyd edib.

Oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək.

Monitorinq potensialının sürətlə tətbiqini təmin etmək üçün monitorinq ekspertlərinin müvəqqəti olaraq qurumun Gürcüstandakı Monitorinq Missiyasından (EUMM Georgia) göndərilməsi qərara alınıb. EUMM onun Gürcüstandakı monitorinq imkanlarına təsir etməmək üçün əməliyyat tədbirləri görür.

Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.

Nizami Bağırov