Xəbər lenti

“El” Hərəkatı toplandı
Siyasət19:14 24.01.2014

“El” Hərəkatı toplandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eldar Namazov qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri seçilib

Bu barədə Qaynar.info-ya “El” Hərəkatının Mətbuat Xidmətindən məlumat verilib. 

Məlumata görə yanvarın 24-də “EL” Hərəkatı İdarə Heyətinin toplantısı keçirilib. İclasda Seyran Rəfiyev, Məzahir Şahvələdov və İldırım Məmmədov İdarə Heyətinə yeni üzv seçilməsi münasibəti ilə təbrik edilib.

İdarə Heyətinin toplantısında “EL” Hərəkatının sədri Eldar Namazov son dövrdə görülən işlər haqda məruzə ilə çıxış edib, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb və bu ilin fevralında Fransaya, may ayında isə ABŞ-a gözlənilən səfəri barədə informasiya verib.

Daha sonra İdarə Heyəti  iclasının gündəliyi təsdiq edilib. Gündəlikdə əsas məsələ kimi hərəkatın qurultayına hazırlıq və cari məsələlər geniş müzakirə edilib. Qurultaya hazırlıq işləri ilə bağlı İdarə Heyətinin üzvləri çıxış edib. Sonda Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin yaradılması haqda qərar verilib və  Eldar Namazov yekdilliklə Təşkilat Komitəsinə sədr seçilib. İdarə Heyəti 2014-cü ilin sonuna qədər hərəkatın birinci qurultayı keçirilməsi haqda qərar  və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə bu işləri başa çatdırmaq üçün bütün səlahiyyətlər  verib.

Cari məsələlərin müzakirəsi bölümündə bir sıra məsələlər diqqətə alınıb və müvafiq qərarlar verilib.

İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi haqda  tədbirlər planını müzakirə edərək təsdiqləyib.

Həmçinin İsmayıllı hadisələrinin ildönümü ilə bağlı məmur özbaşınalığına etiraz edən dinc əhaliyə qarşı güc tətbiq edilməsini qətiyyətlə pisləyib, bu hadisələrlə bağlı əsassız həbs edilən siyasi məhbusların azad edilməsi haqda çağırış edib.

İdarə Heyəti sabiq səhiyyə naziri Əli İnsanov barəsində Avropa İnsan Hüquqları  Məhkəməsinin qərarı olmasına baxmayaraq həbsdə saxlanılmasını, eləcədə yenicə başlayan məhkəmə prosesinin kobud qanun pozuntuları ilə müşahidə edilməsini qətiyyətlə pisləyib.

“El” Hərəkatının İdarə Heyəti qanunsuz olaraq həbs edilmiş inanclı insanların, NİDA-cı və digər gənclərin, bütün  siyasi məhbusların azad edilməsi haqda hakimiyyətə bir daha çağırış edib.

Qaynar.info