UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın "Marsel” klubu ilə oyunda "Qarabağ” fair play nümunəsi göstərməsi UEFA-nın da diqqətindən yayınmayıb. Turnirin bu gün İsveçrənin Nyon şəhərində təşkil olunan 1/8 final mərhələsinin püşkatma mərasimində UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti Bakıda baş verən hadisəyə münasibət bildirib:
"Biz adətən qolları və fantastik çıxışları qeyd edirik, lakin bu gün, daha çox qeyd istədiyim başqa bir məqam var, hakimin qeydə aldığı və sonra ləğv etdiyi qol və "Qarabağ”ın fair play nümayişi. Əla, cənablar, sizin jestiniz/çıxışınız möhtəşəm idi. Ədalətli oyununuz hər kəs tərəfindən böyük alqış və böyük hörmət qazandı”.
Avropa və dünyanın nüfuzlu KİV-ləri tərəfindən böyük rəğbətlə təqdim edilən jestin UEFA-nın mühüm tədbirində xüsusi qeyd edilməsi də mühüm məqamdır. Hansı ki, adətən, təmsilçilərimizə - başda "Qarabağ" olmaqla haqsızlıqlar edilib...
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun hadisə barədə qurumun rəsmi saytında dərc edilən açıqlamasından bir məqama diqqət yetirməyə dəyər:
"Rəhbərlik etdiyim UEFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq".
Güman ki, Markettinin Nyondakı tədbirdə səsləndirdiyi fikirlər də görülən işin nəticəsində mümkün olub. Əslində, həssas məqamlarda AFFA-nın mənəvi və hüquqi baxımdan təmsilçilərimizin yanında olması təqdirəlayiq və lazımlı addımdır. Daim belə olmalıdır...
Elçin Cəlilov