
Bu gün Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüsçülərinin iclası keçirilib. Toplantı barədə məlumatları Musavat.com-a EL hərəkatının rəhbəri Eldar Namazov verib.
İclasda Şuraya daxil olan siyasi qüvvələrin təmsilçiləri - Sülhəddin Əkbər (ACP), Əvəz Temirxan (ALP), Əli Kərimli (AXCP), Mirmahmud Mirəlioğlu (KXCP), Eldar Namazov (EL) və İsa Qəmbər (Müsavat) iştirak ediblər.
Eldar Namazovun sözlərinə görə, toplantıda Milli Şuranın ilk iclasına hazırlıq məsələləri müzakirə edilib: "Geniş fikir mübadiləsi aparıldı. Artıq Milli Şuranın bütün sənədləri, o cümlədən, Bəyannamə hazırdır. Bugünkü toplantıda Şuranın ilk iclasına son hazırlıq məsələləri müzakirə edildi. Yəqin ki, yaxın vaxtlarda ilk iclas keçiriləcək".
Qeyd edək ki, Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi mayın 28-də razılaşdırılıb. Elə həmin gün bildirilmişdi ki, ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi xalqa təqdim ediləcək.
Eldar Namazov əməkdaşımızın "Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi nə vaxt açıqlanacaq?" sualına cavabında Eldar Namazov bildirib ki, ilk iclasdan sonra ictimaiyyət həm təsis sənədi, həm də tərkiblə tanış ola biləcək. "Bunu yaxın 10 gündə gözləməyə dəyərmi?" sualına isə Eldar Namazovun cavabı belə olub: "10 gün siyasət üçün çox böyük zamandır".