
“Çoxsaylı qüvvələrin maraqlarını uzlaşdırmaq o qədər də asan məsələ deyil”
“Partiyalarla danışıqlar aparılır. Mən bu danışıqların gedişatından nikbinəm. Çalışırıq bu prosesi sürətləndirək ki, seçkilərə qədər demokratik düşərgənin bir araya gəlməsini təmin edə bilək”.
Bunu Qaynar.info-ya “El” hərəkatının sədri Eldar Namazov aprelin 23-də Əli Kərimli və İsa Qəmbərlə keçirdiyi görüşlə bağlı təəssüratlarını bölüşərkən deyib.
Onun sözlərinə görə, Milli Şura ilə bağlı mətbuatda müxtəlif fikirlər, problemlər və maneələr haqqında yazılar gedir: “Bu prosesdə iştirak edən insan kimi deyə bilərəm ki, maneələr daha çoxdur. Amma buna baxmayaraq, hesab edirəm ki, proses irəliyə gedir və ümumi razılığa gəlmək üçün kifayət qədər işlər görmüşük. Son mərhələni də uğurla keçə bilsək, yəqin ki, Milli Şuranın yaradılmasını cəmiyyətə elan edə biləcəyik”.
E.Namazov əlavə edib ki, danışıqların daxili mərhələləri var: “Onları bir-bir adlamalıyıq. Əvvəlcə, yəqin ki, Milli Şuranın məqsəd və məramını, daha sonra onun mandatını, fəaliyyət prinsiplərini, son mərhələdə də tərkibini müəyyənləşdirməliyik. Ciddi qurum yaratmaq üçün 5-6 mövzunu müzakirə edib razılığa gəlmək lazımdır. Biz, artıq bu işin böyük hissəsini görmüşük. Bu mənada deyirəm ki, son mərhələdə danışıqlar uğurla davam etsə, biz Milli Şuranın yaradılmasına nail ola biləcəyik”.