
Son günlər "EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və müavini Ramil Hüseynov arasında baş verən ittihamlar artıq təhqir müstəvisinə keçib.
VİP sədri Əli Əliyev musavat.com-a açıqlamasında iddia edib ki, Eldəniz Quliyevi ona qarşı qaldıran Eldar Namazovdur.
Mövzu ilə bağlı Qaynar.info-ya açıqlamasında Eldəniz Quliyev isə bildirdi ki, Əli Əliyev və ətrafı onun tənqidlərinə təhqirlə cavab veriblər: "Onların mənimlə bağlı səsləndirdikləri iddia deyil, təhqirdir. Mən tənqid etdiyim halda, onlar mənə təhqirlə cavab verdilər. Bu hadisə birinci dəfə deyil ki baş verir. Aylar öncə də baş vermişdi. İkincisi, Eldar Namazov məsələsidir. Məni tanıyanlar bilirlər ki, heç kimin sözü ilə oturub-duran deyiləm. Sadəcə, mən özüm üçün bir mövqe müəyyən etmişəm ki, bəsdir ziyalı bir heykəl kimi dayansın və hətta onun üzünə tüpürsələr belə o, cavab verməsin. Əksəriyyət buna öyrəşib. Mənim kimi düz söz deyən olanda, təəccüblənirlər".
E. Quliyev bildirib ki, Əli Əliyevin hücumu Milli Şuraya yönəlmişdi: "Mən deyə bilərəm ki, haqlı olaraq onlara sərt cavab verdik. Bir daha vurğulayıram ki, normal cavab verdim. Onların hücumu əslində mənə yox, Milli Şuraya yönəlmişdi. Xatırlayırsınızsa, Rüstəm İbrahimbəyov sədr olanda ona qarşı hər cür təhqiramiz fikirlər səsləndirilirdi. Sonra o, fəxr sədr olanda yenə bu təhqirlər davam etdi. Sonradan bu təhqirləri orada toplaşan partiyalara, Cəmil Həsənliyə, Eldar Namazova qarşı etdilər. Bu təhqirlər heç cürə siyasi etikaya sığmıyan hərəkətlər idi. Buradan da görünür ki, bu adamların dedikləri sözlər YAP funksionerlərinin dedikləri sözlərlə üst-üstə düşür. Başa düşə bilmirəm bunların işləri nədir, kimlərisə təhqir etmək, yoxsa, nə?.. Əgər Vətəndaş və İnkişaf Partiyası siyasi bir partiyadırsa, bunların bir işləri, məqsədləri olmalıdır. Amma bunların işləri durub demokratik düşərgədə olan insanları, ziyalıları, o cümlədən də Eldar Namazovu təhqir etməkdir. Görürlər ki, EL Hərəkatı güclənir, fəaliyyətini genişləndirir, durub üstümüzə gəlməyə başlayıblar. Bu da məni bir vətəndaş kimi, ziyalı kimi çox əsəbləşdirdi və sərt cavab verdim. Əli Əliyev durub deyir ki, mən Eldənizə benzin pulu vermişəm. Hamı bilir ki, mən əvvəldən imkanlı adam olmuşam, Əli Əliyev kimi adamlara əl tutmuşam. İndi söz tapa bilmir, haqqımda böhtan danışır, cılız söhbətlər edir. Bu, ziyalıya yaraşan hərəkət deyil".
Elkin Xəlilov
Qaynar.info