Xəbər lenti

“Elə rəhbər vəzifəli şəxslər var ki, ailələrini idarə edə bilmirlər...” – Elşən Musayev
Siyasət16:24 30.03.2014

“Elə rəhbər vəzifəli şəxslər var ki, ailələrini idarə edə bilmirlər...” – Elşən Musayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanda elə harın və dünyadan bixəbər məmurlar var ki...”

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin Qaynar.info-ya müsahibəsi 

- Elşən bəy, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri vəzifəsinə gətiriləcəyinizlə bağlı məlumatlar dolaşır. Düzdür, siz bunu təkzib edirsiniz, amma açıqlamalarınızdan hiss olunur ki, belə bir ehtimal var... 

- Öncəliklə müsahibə təklifinizdən və diqqətinizdən dolayı təşəkkürümü bildirirəm və dərhal verdiyiniz sualın cavabına keçid almaq istəyirəm. Əvvəla, ondan başlayaq ki, nəinki haqqında danışdığınız təsisatın, ümumən rəhbər strukturlara verilən bütün təyinatların taleyi birbaşa cənab Prezidentin iradəsindən asılı  məsələdir. Yəni bu məqamda sizin, mənim ya da qeyrisinin yürüdə biləcəyi ehtimal, təxmin, arzu nəyisə dəyişə bilməz. İkincisi, səhv etmirəmsə “Qaynar.info” olaraq mənə telefon vasitəsilə bir dəfə də eyni məzmunda sual ünvanlamışdınız və cavabım da belə olmuşdu ki, SAM-ın rəhbərliyinə gətiriləcəyimlə bağlı məsələni ilk dəfədir sizdən eşidirəm. Nəhayət, üçüncüsü, sizdə mənim hansı açıqlamamdan sonra belə bir qənaət formalaşıb, bir də onu anlamadım. Və bir daha təkrar edirəm: həqiqətən, konkret olaraq SAM-la bağlı mənə heç bir təklif gəlməyib. Hətta deyim ki, mənim özümə də maraqlıdır, bu informasiya mətbuata haradan və necə sızıb.  

“Bu, mənim üçün SAM rəhbəri olmaqdan da üstündür, nazir olmaqdan da..."

- Hər halda od olmayan yerdən tüstü çıxmaz. Görünür, hansısa dəhlizlərdə belə müzakirələr gedib...

- Mənbəniz varmı?

- Əlbəttə, var. Amma bizim mənbəni açıqlamamaq hüququmuz da var və bunda sərbəstik.

- Yaxşı, açıqlamayın. Kimsə sizi buna məcbur eləmir. Sadəcə bir daha qeyd etmək istəyirəm: o qədər bu haqqda danışdınız ki, artıq mənim özümü də maraq bürüdü. 

- Bəlkə, hakimiyyətdən başqa vəzifə gözləntiniz var deyə mövzudan yayınmağa çalışırsınız?

 - Qətiyyən! Eyni zamanda düşünürəm ki, bir siyasətçi bütün fəaliyyəti boyu hansısa təklifin və ya ehtimalın gözləntisini deyil, yalnız və yalnız öz gücünün, perspektivinin gözləntisini gözardı eləməlidir. Yəni hardansa mənə təklif gələcək deyə oturub gözləmək, ya da nağıllar aləmində yaşamaq özünə ciddi siyasətçi deyən biri üçün arzu kredosu, fəaliyyət prinsipi ola bilməz. Yox əgər oldusa, demək ki, o adam artıq ciddilikdən tam uzaq düşüb, özü-özünü aldadır, siyasəti cılız ambisiyalara qurban verir. O ki qaldı ümumən vəzifə və status məsələsinə. Xatırlatmaq istəyirəm ki, mən nə az nə çox düz 3 Prezident seçkisində cənab İlham Əliyevin seçki qərərgahının rəsmi nümayəndələrindən biri olmuşam. Yəni ən pis halda yüz, ən yaxşı halda isə əlli nəfərdən biri. Cənab Prezident tərəfindən şəxsimə göstərilən bu etimad isə mənim üçün SAM rəhbəri olmaqdan da üstündür, nazir olmaqdan da...

“Məmurlar mətbuatdan qaçırlar” 

- Baxın yenə, SAM üzərinə gəlib şübhələrimizi yenilədiniz. Odur ki, verəcəyim növbəti sualın da günahı məndən keçdi: Sizcə, ASAN Xidmət kimi uğurlu layihələrin fonunda SAM özünü doğrulda bildimi?  

- Sizin şübhələriniz onsuzda yetərincə olduğundan onları yeniləməyə ehtiyac yox idi(gülür).  O ki qaldı bu qurumun özünü doğrultma məsələsinə (bir xeyli düşünür.C.Ə) hər halda bir az daha aktiv olmaq mümkündür. Ələlxüsus da mediaya çıxışı, onlarla geniş miqyaslı əlaqəni təmin etmək lazımdır. Söylədiklərim təkcə SAM-a deyil, bütünlükdə dövlət qurumlarına aid məsələ, daha doğrusu, problemdir. Qaçırlar mətbuatdan. Niyə? Bax burasını bilmirəm. Hara qədər? Orasını isə heç bilmirəm. Hərçənd praktika da sübut edib ki, mediaya açıq olan insanların, məmurların adı həmişə yüksəklərdə çəkilib. Onların təmsil olunduqları qurumlar da öz imicini maksimum qoruyub saxlaya bilib. Sırf səmimiyyətlərindən dolayı, gizlənməmək səbəbindən...

- Bəlkə, danışacaqları, ya da danışa biləcəkləri bir şey yoxdur?

- Əlbəttə, belələri də var. Yəni danışmamaqları danışmaqlarından daha abırlıdır. Onların içində isə nə təəssüf ki, nazirinə də təsadüf eləmək olur, icra başçısına da, bələdiyyə sədrinə də.  

- Yaxşı bəs niyə saxlayırlar belələrini vəzifədə? Səbəb?

- Orasını bilmirəm və bu sualın mənə aid olduğunu da düşünmürəm. Yəqin rəhbərlik həmin insanar haqqında səhv məlumatlandırılır. Ya da çox ciddi himayəçiləri var. Amma fakt budur ki, bu ölkədə elə rəhbər vəzifəli şəxslər var, buraxın hansısa rayonu ya da idarəni, heç öz ailələrini, övladlarını belə idarə edəcək xarizmada, gücdə, ağılda deyillər.         

“Fətullah Gülən Amerikanın birbaşa təlimatı ilə işləyən agentdir”

- Nazir demişkən, bu gün hakim düşərgədə hətta nazirlərin də adı hallanan"Nurçu"qalmaqalı yaşanır. Doğrudanmı belə bir problem var? Varsa nə qədər təhlükəlidir?

- “Nurçu” məsələsindən söhbət düşəndə həmişə ilk öncə Mübariz Qurbanlının bir sözünü xatırlayıram: “Nurçuluq ümumiyyətlə yaxşı şeydir, yoxsa pis”. Təbii, bu zarafatdır və dinin siyasətə, dövlət idarəçiliyinə  hər hansı riçaqla transferi heç bir halda yaxşı əlamət sayıla bilməz. Konkret olaraq Azərbcaydan dövləti içində belə bir qüvvənin var olub-olmamasından isə xəbərdar deyiləm. Çünki eyni adlı mövzu ilə bağlı  məlumatları hamı kimi mən də yalnız mətbuatdan almışam və almağa davam edirəm. Amma bu barədə şəxsi mülahizələrim də, heç şübhəsiz, olmamış deyil. Əvvəla, mən bildiyim qədər “Nurçu” təriqətinin hər hansı bir idarəetmə sisteminə girişi ilk öncə təhsil və şirnikləndirici biznes təkliflərlərindən başlayır. Bütün dövlətlərdə. Nə deməkdir bu? Məsələn, hər hansı bir idarə tender keçirir və tutaq ölkəyə məlum məqsədlərlə sızdırılan nurçu biznesmen də dərhal gəlib həmin tenderə qoşulur. Eyni zamanda tender keçirən idarəyə hamıdan daha uyğun və daha sərfəli şərtlər təqdim edir. Halbuki ortalıqda bir qəpik belə xeyiri yoxdur. Əksinə, ilkin mərhələdə hətta ziyana da işləməyə hazırdır. Niyə? Çünki, adamın pulu onsuzda Amerikadan, Türkiyədən ya da hardansa gəlir. Ortalıqda tək məqsəd dövlətin alt qurumlarına sızmaqdır. Və bunu da dövlətçilik anlayışının “D”hərfindən belə xəbərdar olmayan ixtiyari bir məmurun əli ilə çox rahat bir şəkildə reallaşdırmaq  mümkündür. Bax beləcə 3 il, 5 il bütün tenderləri bəzi hallarda hətta ziyana gedərək udurlar və artıq monopoliya yaradandan sonra çökürlər həmin qurumun üstünə. Başlayırlar öz şərtlərini diqtə eləməyə. Halbuki bir daha təkrar edirəm, qabağındakı adam, tərəfdaş, yəni məmur yalnız pul və xeyiri haqda düşündüyü üçün son ana qədər fərqində olmur ki, ona bu cür sərfəli şərtlərlə əməkdaşlıq təklif edənlərin əsl məqsədi nədir. Ta onun üzərinə çökənə ya da dövlət hansısa siqnallar alana qədər. Və məsələyə sırf  bu aspektdən yanaşsaq, həmin nurçuların Azərbaycana da sızdığını ehtimal etmək olar. Çünki Azərbaycanda elə harın və dünyadan bixəbər məmurlar var ki, onların nurçulara özləri də bilmədən işləmələri üçün hər zaman zəmin var. Yəni bu adamların heç nurçu olmalarına ehtiyac yoxdur. Elə ancaq sahib olduqları dayaz təfəkkür yetərlidir ki, anındaca təkərə düşsünlər. Və ya bu gün mətbuatın təqdim etdiyi nurçu sıralamasına diqqət yetirin. O sıralamada elə adamların adları var, hansı ki, günün 24 saatını alkoqolun təsirindən çıxa bilmirlər, dünyanın ən bivec adamrıdır. Hansısa yüksək post tutmalarına rəğmən! Onlardan nurçumu olar? Yox, təbii. Ya da bu məsələdə adını çəkmək istəmədiyim bir şəxsin adı hallanır. Təxminən nazir ranqındadır. Hazırda da vəzifə başındadır. Amma soruşsan ki, Türkmənistanın paytaxtı haradı, ağzını ayırıb üzünə baxar, gözünü döyər. Beləsindən nurçumu olar? Olmaz, əlbəttə. Amma bir daha təkrar edirəm: həmin insanın nurçu olmamağı hələ o demək deyil ki, o nurçulara işləmir. Bu yaxınlarda Prezident Administrasiyasının şöbə müdiri hörmətli Əli Həsənov da belə bir fikir işlətdi ki, dövlət içində zəif iradə və düşüncə sahibləri bəzi təriqqətlərin təsirinə düşüb. Hər halda Əli müəllim kimi ciddi bir sahəni kurasiya edən adam bunu deyirsə, demək ki, çox ciddi siqnallar var və unutmadan qeyd edim ki, nurçuların dövlətlər içində sızmış olduğu ən önəmli sektorlardan biri də təhsil sektorudur. Orada da eynən biznes üslubunda olduğu tək bənzər hərəki trayektoriya müşahidə olunur: illər boyunca gözləmək, komanda formalaşdırmaq və zombi ixrac etmək. Amma səbrlə! Tələsmədən. Öz zamanlarını gözləyərək. 

Əlqərəz, bu təriqət hər nədirsə bütün hallarda dünya üçün baş bəlasıdır. Onun önündə gedən Fətullah Gülən isə Amerikanın birbaşa təlimatı ilə işləyən agentdir. Buna qətiyyən şübhə etmirəm. 

"Kərəm Həsənova başa sala bilmirəm ki..."

- Hamı sizi hakimiyyətin əsas təbliğatçılarından biri kimi tanıyır. Halbuki partiyanızın ofisi belə yoxdur. Hətta bildiyimiz qədər ölkədə rəsmi qeydiyyatı olan siyasi partiyalardan bir DMP-yə, bir də AXCP-yə hakimiyyət ofis vermir.

-Tamamilə doğru buyurursunuz. Eyni zamanda bu məsələni mənim hakimiyyət təbliğatçısı olmağım kontekstində dəyərləndirməyin də əleyhinəyəm. Çünki rəhbərlik etdiyim Demokratik Maarifçilik Partiyasi sizin də söylədiyiniz kimi rəsmi qeydiyyatdan keçmiş bir təşkilatdır və siyasi partiyalar haqqında qanunun müvafiq tələblərinə uyğun olaraq dövlət bizi qərərgahla təmin etməlidir. Fəqət mən düz 10 ildir aidiyyatlı qurumlara, ələlxüsus da Kərəm Həsənova başa sala bilmirəm ki, öz təbii haqqımı tələb edirəm. Qərərgahı da “AZİNKO”nun binasından deyil, dövlətin ayırmalı olduğu müvafiq yerlərdən istəyirəm. Yox əgər, vəziyyət bu şəkildə davam etsə, çox güman Kərəm müəllimin rəhbərlik elədiyi qurumla məhkəmə səviyyəsində danışmalı olacayıq. Hər halda başqa yol yoxdur. Hətta artıq məsələ ilə bağlı vəkillərlə məsləhətləşmələrimiz də olub. Ən uzağı aprel ayının ortalarında iddiamızı rəsmi şəkildə məhkəməyə təqdim edəcəyik.

“Kərəm Həsənov istərmir ki, mən İlham Əliyevi müdafiə edim”

- Niyə vermirlər qərargahı? 

- Bilmirəm. Bu sualın cavabını bilsəm mən də çox xoşbəxt olaram. Yəqin Kərəm Həsənov istərmir ki, mən İlham Əliyevi və hakimiyyəti daha rahat formada müdafiə, təbliğ edim. Amma bunu açıq desələr, inanın ki tam anlayışla qarşılayaram və bu qurumu əsla bir daha narahat etmərəm.   

 - Son günlər məmur övladları dəbdəbəli, komfort yaşam tərzlərini qabardır, sosial şəbəkələrdə şəkillərini paylaşırlar. Sizcə, bu, cəmiyyətdə hakimiyyətə qarşı mənfi rəy formalaşdırmırmı?

- Formalaşdırır. Həm də necə! Amma bu azsaylı “gülməşəkər” və “qələtsevər” balaların ucbatından haqqında danışdığınız mənfi rəy formalaşsa da həmin məmur övladlarının özləri formalaşıb qurtara bilmirlər ki, bilmirlər. Ataları da çox güman baxıb fəxr edirlər hələ. Üstəgəl nəzərə alsaq ki, cənab Prezident də məlum müşavirədə harın məmurlara  özünün son xəbərdarlığını etmişdi. Fəqət yenə də düzəlmədilər, nəticə hasil edə bilmədilər. Demək ki, yaxşı bir qulaqburmanın vaxtı gəlib çatıb və əmin olun, bu qulaqburma çox yubanmayacaq. Və ya əlindəki 70 minlik saatı, sürdüyü bir milyonluq maşını nümayiş etdirən, daha doğrusu, bu tərbiyəsizliyi özünə rəva bilən adam atasi ilə bərabər cəhənnəmin düz dibinə qədər getməlidir. Başqa yol yoxdur! 

“3-4 “bambılı”nın etdiklərini bütünlükdə iqtidarın adına yazmaq olmaz”

- Onda niyə çıxışlarınızda müxalifəti ittiham edirsiniz? Məgər müxalifət də bunları demirmi? 

- Xeyr. Müxalifət bir tək bunları demir. Onların davası hakimiyyətlədir. 3-4 nəfər “qaqulik”in, “bambılı”nın etdiklərini isə bütünlükdə iqtidarın adına yazmaq olmaz. Azərbaycanın mövcud iqtidarı və onun rəhbəri İlham Əliyev hazırda Azərbaycanın maraqlarını daxildə və xaricdə qoruya biləcək tək, alternativsiz variantdır. Ona görə də bu qədər cidd-cəhdlə hazırki hakimiyyəti müdafiə edirəm. 

- Türkiyədə seçkilər və seçkiöncəsi qalmaqallı həbslər barədə nə düşünürsünüz? Yoxsa Ərdoğan hökuməti həqiqətənmi siyasi dayaqlarını itirib...

- Yəqin mənimlə razılaşarsınız ki, Türkiyənin siyasi palitrası hər zaman qarışıq olub. Ərdoğana qədər də, onun dönəmində də.. Belə olan halda isə qardaş ölkədə baş verən və bundan sonra verə biləcək istənilən siyasi təlatümlər düşünürəm, məntiq axarı olaraq tam normal qəbul edilməlidir. Həm də heç bir mahiyyət fərqinə varılmadan. Niyə? Çünki, əvvəla Türkiyə əhali və ərazi sarıdan son dərəcə böyük dövlətdir. İkincisi, internet əsrində yaşayırıq. Və nəhayət üçüncüsü, Türkiyənin hazırki baş naziri son dərəcə ambisiyalı adamdır. Eyni zamanda çox da mükəmməl oyunçu. Və dünya miqyasında çox nadir şəxsiyyətlər tapılar ki, bir an içində ictimai rəyi öz kombinasiyaları ilə onun kimi qəfil deyişə bilsin. Odur ki, rəsmi nəticə elan olunmadan hər hansı bir ağlabatan ehtimal irəli sürmək də çətindir. Şəxsən mənim proqnozum isə belədir ki, AKP ən az 40 faizin üzərində səs toplayacaq. Ən kritik bölgələr isə Ankara və İstanbul olacaq.

“Arada qalan məzlum, bədbəxt biçarə xalqdır” 

- Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ rəsmiləri, şəxsən prezident Barak Obama Rusiyanı hədələyən bəyanatlarla çıxış etdi. Necə düşünürsünüz, iki böyük güc arasında yaşanan siyasi gərginlik Azərbaycana hansı "sürpriz"ləri vəd edir?

- Amerika heç vaxt Rusiya ilə açıq döyüşə getməyəcək. Buna əmin olun. Hətta sadə bir misalla fikrimi konkretləşdirim: Dünən ABŞ Prezidenti ilə Putin arasında telefon danışığı oldu və artıq mətbuat həmin danışığın stenoqramını yayıb. Görün bir-biri ilə necə “bişim-bişimlə” danışıblar. Sanki ortalıqda bu boyda siyasi qalmaqal, böhran yaşanmayıb. Sanki mövzuya, məsələyə heç bir dəxli olmayan iki neytral dövlətin rəhbəri sivil sövdələşmə aparır. Bunun adı bilirsinizmi nədir? Siyasi riyakarlıq! Arada qalan isə bədbəxt, məzlum, biçarə xalqdır. Bir də yenidən dirçəlməsi üçün 10 illərin, bəlkə də, yüz illərin gəlişini gözləməyə məhkum olan zavallı xalq...

Azərbaycana gəlincə, bir məqamı unutmayın: Azərbaycan heç bir koordinat və resurs etibarilə Ukrayna deyil. Hərçənd onu Ukraynanın gününə salmaq üçün Qərb də, Rusiya da uzun illər boyunca əlindən gələni əsirgəməyib. Sadəcə öz iradələrindən asılı olmayan səbəblərdən nəticəyə vara bilməyiblər. Odur ki, belə bir cəhdin və təhlükənin ehtimalını hər zaman göz önündə saxlamaq lazımdır. Bu qorxunc kələkbazları həfifə almaq olmaz. Həm də qətiyyən!

Cavid Əlisoy

Qaynar.info