"2025-ci ildən artıq Ələt Azad İqtisadi Zonasında nominal şəkildə hər hansı istehsal bonusları barədə danışa biləcəyik".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Ələt Azad İqtisadi Zonada görülən işlər və nəticənin nə zaman əldə ediləcəyilə bağlı suala cavabında deyib.
Fuad İbrahimov bildirib ki, Ələt Azad İqtisadi Zonası üzrə hazırda nəticə nominal gəlirlə bağlı deyil, burada nəticə dedikdə söhbət əsasən ideoloji yanaşmadan gedir:
"Azad iqtisadi zonalar adətən okeanlara çıxış olan məkanlar ətrafında yaradılır. Amma Ələtin timsalında Azad İqtisadi Zonanın materikin dünya okeanına çıxmayan ərazisində yaradıldığının da şahidi oluruq. Özü də bu zona cazibədarlığı ilə digər ənənəvi iqtisadi zonalardan heç də geri qalmır. Burada söhbət ondan gedir ki, müasir dövrün iqtisadiyyatında parametrlər dəyişib. Ələt Azad İqtisadi Zonasının əsas cazibədarlığı odur ki, ölkəmiz həm enerji təhlükəsizliyini təmin edən, bu baxımdan xoş qonşuluq siyasəti həyata keçirən dövlətdir, həm də iki qitəni bir-birinə birləşdirəcək ən elastik dəhlizə malik dövlətdir. Ona görə də Ələtdə rezidentlər nominal şəkildə istehsal prosesi olmasa da belə, artıq prosesə başlayıblar. İqtisadi zonada sözügedən müəssisələrin artıq inşaasına başlanılıb. Belə gedəcəyi təqdirdə, 2025-ci ildən artıq nominal şəkildə hər hansı istehsal bonusları barədə danışa biləcəyik. İndiki məqamda qələbəmiz isə məhz ideoloji qələbədir”.
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonanın tələmi 2021-ci iyulunda qoyulub. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Onun icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Rüfət Sultan
Şərhlər