Konstitusiya Məhkəməsi Plenumu ötən gün Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezident sorğusuna baxıb.
Plenumun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.
Qərarda deyilir ki, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilməlidir.
Beləliklə, ölkəmizdə növbədənkənar parlament seçkilərinin sentyabrda keçiriləcəyi gözlənilir.
Cəmiyyət növbəti - VII çağırış Milli Məclisin yeni çağırışlara və yeni dövrün tələblərinə cavab verən deputatlardan təşkil olunacağını gözləyir.
Şübhəsiz ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif simalar görəcəyik. Onların sırasında hüquq müdafiəçiləri və QHT sədrlərinin olacağı da istisna deyil.
Sabiq deputat, "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də yenidən parlamentdə təmsil olunmaq istəyir. O, Modern.az-a açıqlamasında bildirib ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürəcək:
"Azərbaycan artıq yeni dövrə daxil olub. Bu yeni dövrün öz çağırışları var. Hüquqşünaslar, politoloqlar, iqtsadçılar və digər sahələrin nümayəndələrinin də bu yeni dövrdə parlamentdə geniş təmsilçiliyi qarşıda duran vəzifələrin daha uğurla yerinə yetirilməsinə ciddi töhfə verər. Düşünürəm ki, parlamentin yeni tərkibi milli inkişaf məqsədləri ilə əlaqədar məsələlərin həllində daha məhsuldar, fəal rol almalıdır. Xüsusən cəmiyyətin rəyini eşitdiyi, peşəkarlar, özünü təsdiqləmiş, dövlətçiliyə sadiq insanların parlamentdə təmsil olunması dövrün tələbidir, zamanın ruhuna uyğundur. Hüquq sahəsində olan təcrübəm, ictimai fəaliyyətim, dövlətə sədaqətim və bu kimi keyfiyyətlərimlə parlamentin tərkibində də xalqa və dövlətə fayda verə bilərəm. Ona görə də budəfəki parlament seçkilərində namizədliyimi irəli sürəcəyəm. Seçki dairələrinin dislokasiyası, hüdudları dəyişib, bu məsələləri öyrənirik. Bununla bağlı məsələləri aydınlaşdırdıqdan sonra qərarımı dəqiqləşdirəcəyəm. Mən vaxtilə parlamentar olmuşam, Milli Məclisin fəal üzvlərindən biri kimi ictimai təşkilatlar, QHT-lər tərəfindən fərqləndirilmişəm, təltif olunmuşam. Düşünürəm ki, bu dəfə də seçicilərin etimadını qazanıb seçilə bilərəm".
Xatırladaq ki, Ə.Nuriyev II çağırış Milli Məclisin (2001-2005) üzvü olub.
Şərhlər