İdman 11:00 06.11.2022

Əliyar Ağayev debütündən danışdı: “Start fitindən sonra həyəcanı boğa bildik”

Azərbaycan hakimliyində Tofiq Bəhramov səhifəsi var idi. Onun 1966-cı ildə dünya çempionatının finalında İngiltərə və Almaniya arasında baş tutan görüşdə verdiyi qərar hələ də müzakirələrə açıq qalır və zaman-zaman toxunulur. Bir neçə gün öncə isə Azərbaycan hakimliyində yeni - Əliyar Ağayev səhifəsi açıldı. Ölkəmizin təcrübəli FIFA referilərindən olan Ağayev Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı. Bu həm də Azərbaycan hakimliyində bir ilk kimi tarixə düşdü. O, G qrupunda mübarizə aparan "Kopenhagen” (Danimarka) - "Borussiya” (Dortmund, Almaniya) matçında baş hakim kimi qitənin ən nüfuzlu klub turnirində debüt etdi. 

Ağayev Qaynarinfo-ya müsahibəsində təəssüratlarını bölüşdü:

"Şükür ki, bizə də Çempionlar Liqasında oyun idarə etmək qismət oldu. Çempionlar Liqası hər bir futbolçunun oynamaq, azarkeşin stadiondan canlı baxmaq, hakimin də oyunları idarə etmək istədiyi, arzuladığı dünyanın bir nömrəli klub yarışmasıdır. Bu təyinatın alınması təkcə mənim əməyimin nəticəsi deyildi. Əməyi keçən hər bir şəxsə, əsasən də briqadama minnətdarlığımı bildirirəm. Bu mövsüm oyunlarımız yaxşı keçdi, nəticədə təyinat aldıq. Yəni tək mənim deyil, bu həm də briqadamın da əməyinin nəticəsidir. Çox sevincli, həyəcanlı idik. Oyundan əvvəl, start fitinə qədər köməkçilərimlə birlikdə çox həyəcan hiss edirdik. Start fitindən sonra həyəcanı boğa bildik. Əslində bu, məsuliyyətdən doğan, normal həyəcan idi. Məsuliyyətimiz 2-3 qat artmışdı. Çünki Çempionlar Liqası olduğuna görə sizə kənardan daha çox adam baxır. Üstəgəl, bilirdik ki, Azərbaycanda da oyunu göstərirlər və futbol ictimaiyyəti baxacaq. Bu səbəbdən işimizə daha da məsuliyyətlə yanaşdıq. Şükürlər olsun ki, yaxşı debüt alındı”.

- Hər kəs düşünürdü ki, Əliyar Çempionlar Liqasına daha tez getməli idi. Bu təyinat sizin üçün nə dərəcədə gözlənilən oldu?

- Haradasa gözləyirdik. Əslində, hər dəfə Avropa Liqasında seçmə mərhələlərdən yaxşı keçdikdən və qrup oyunlarında idarəçilik etdikdən sonra, ən azı 5-6-cı turlara təyinat alacağımızla bağlı ümid yaranırdı. Düşünürdük ki, bəlkə bu il olacaq. Təyinat olmadığı halda həvəsdən düşmürdüm. Çünki bu idarəçiliyimə təsir edə bilər. 1-2 il belə oldu. Bu il Avroliqanın qrup mərhələsində oyunlarımız istədiyimiz səviyyədə keçdi. Briqada şəklində çox yaxşı idarəçilik etdik. Bunun davamı olaraq təyinat verildi. Əlbəttə, bu xəbəri komitə sədri mənə söyləyəndə böyük sevinclə qarşıladım. Təyinatı briqadama çatdıranda onlar da çox sevindilər. Nəhayət ki, öz əziyyətlərinin bəhrəsini gördülər. İstərdik ki, belə təyinatlarımız tez-tez olsun. Qismət bu günə imiş. Bundan sonra da həmin liqanın oyunlarına təyinat almağa çalışmaq lazımdır.

- Çempionlar Liqası və Avropa Liqaında fərqli atmosfer olur. Bu oyunlara istədiyniz səviyyədə, xüsusi hazırlıq görmüşdünüz, yoxsa həyəcan var idi?

- Fərqli turnirlər olsa da, hazırlıq prosesi, komandanın, oyunçuların analizi eynidir. İlk seçmə mərhələyə getdiyimiz vaxt necə hazırlaşırdıqsa, bu matça da o şəkildə hazırlıq gördük. Yəni, bu matçın adını önə çıxarıb, çox qabartmaq istəmirdik. Çünki qabartsaydıq "rels”dən çıxmış olacaqdıq. Bu da oyunda, idarəçilikdə problemlər yarada bilərdi. Ona görə də özlüyümüzdə bunu adi oyun hesab etdik. Aşırı şəkildə hazırlıq görsəydik, bu, bizə maneə yaradardı. Təbii ki, həyəcan var idi, normaldır, məsuliyyətdən doğur. Yəni, yarışın, komandaların adına görə deyil. Oyun Azərbaycanda da göstərilirdi. Briqada ilə danışmışdım, anlayırdılar ki, həyəcan start fitində bitməlidir. Belə də oldu.

- Oyun zamanı hər iki komandanın üzvlərinə cəmi 2 sarı vərəqə göstərdiniz. Bu, debüt matçınızın rahat keçdiyi anlamına gəlir?

- Bu sual sırf oyunla bağlı olduğu üçün cavablandıra bilmirəm. Çünki bizə icazə yoxdur. İdarəçiliyimə ən yaxşı qiyməti kənardan baxanlar verə bilər.

- Çempionlar Liqasına yolunuzun açılması, gələcəkdə daha güclü klubların oyunlarını idarə edə biləcəyiniz anlamna gəlir. Necə düşünürsüz, "Barselona”, "Real”, "Mançester Siti”, "Liverpul” kimi nəhəngələrin oyunlarını idarə etmək üçün yetərincə təcrübə toplamısınız?

- İnşallah bizim üçün başlanğıc olar və təkcə mənə deyil, digər hakimlərimizə də yüksək səviyyəli oyunlara təyinat verərlər. Oyundan oyuna fərqlər çoxdur. Əslində hakim üçün meydanda adlar rol oynamır. Bəlkə də azarkeş üçün hansısa əhəmiyyəti var. Amma hakim üçün adlar önəmli deyil. "Niyə”sini də deyim, çünki siz iki ən böyük klubun oyununu idarə edə bilərsiniz və bundan razı qalarlar. Amma aşağı reytinqli komandaların oyunundakı idarəçiliyiniz narazılıq doğura bilər. Bu hakim üçün uğurlu hesab olunmur. Ona görə də fərq etmir. Ələləxsus FIFA referisi hər bir oyunu idarə etməyə hazır olmalıdır.

- Çempionlar Liqası kimi səviyyəli turnirdən sonra Azərbaycan Premyer Liqasına təyinat almaq necə hissdir?

- Normal hissdir. Bütün dünyada hakimlər yüksək səviyyəli turnirdə oyun idarə edir, daha sonra öz ölkəsinin çempionatına gəlir. İkincisi, briqadama da söylədim ki, bu oyun bitdisə fikirlər ancaq növbəti matça yönəlməlidir. Fərq etmir, istər Azərbaycan çempionatı, istər başqa turnir olsun. Bu matçı unudub, Azərbaycan Premyer Liqasında növbəti oyuna hazırlaşırıq. Bu, daha önəmlidir. Bizim üçün "poliqon” Azərbaycan çempionatıdır. Burda püxtələşirik, daha çox oyunlar idarə edib Avropaya hazırlaşırıq. Ona görə də vacibdir. Çempionlar Liqasına necə hazırlaşırıqsa, burdakı oyunlara da eyni şəkildə hazırlıq görürük. Hər biri önəmlidir.

- Çempionlar Liqasına təyinat aldığınız üçün artıq daha böyük turnirlərdə, məsələn, dünya və Avropa çempionatlarında idarəçiliyinizi gözləyirik. Söhbət Qətərdə keçiriləcək mundialdan getmir, çünki bu yarışın hakimləri artıq müəyyənləşib. Gələcəkdə belə yüksək səviyyəli oyunlarda idarəçilik etmək üçün nə lazımdır?

- Düzdür, Qətərdə keçiriləcək dünya çempionatı üçün hakimlər çoxdan seçilib. Səhv etmirəmsə, bu il 9 ya 10 hakim gedəcək. Dünya və Avropa çempionatlarında oyun idarə etmək üçün ilk növbədə elit kateqoriyaya yüksəlmək lazımdır. Birinci şərt budur. Səhv etmirəmsə elit kateqoriyada 26-ya yaxın hakim var və onların arasından 9-10 nəfər dünya çempionatına yollanır. Elit kateqoriyada da yüksək reytinqli hakim olmalısan ki, dünya çempionatının final mərhələsinə təyinat verilsin. Bu prosedurları keçmək üçün oyunlarda yaxşı idarəçilik etməliyik. Təbii, biz də istəyirik, amma sözdə deyil, bunu əməldə göstərməlisən ki, səni dünya çempionatına layiq bilib təyinat versinlər. İlk növbədə elit kateqoriyaya yüksəlməliyik, daha sonra növbəti hədəf dünya və Avropa çempionatı olmalıdır. Bunun üçün də çalışmaq, çalışmaq, yenə də çalışmaq lazımdır. 

Bu, Azərbaycanın adı idi, ölkəmizi təmsil edirdik. Bizimlə birgə həyəcanlananlara, dəstək göstərənlərə, oyunu yaşayanlara, "çox sağ ol” deyirəm. Doğrudan da özümüzə qarşı dəstəyi, bu cür münasibəti hiss etdik. Siz də çox sağ olun. 

Səbuhi Həsənov