"Hər iki dövlətin rəhbərləri ağır siyasi-iqtisadi böhrandan çıxış yollarını axtaracaqlar".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Moskvada baş tutacaq görüşü şərh edərkən deyib. O bildirib ki, ortada hər iki tərəfdən 3 mindən yuxarı şəhid var:
"İki dövlət müharibə aparır, bir-birlərini tanımırlar. Ortada hər iki tərəfdən 3 mindən yuxarı şəhid, 4-5 min yaralı var. Hər iki dövlətin təhlükəsizliyi sual altındadır, Rusiyanın diqtəsi ilə hərəkət edirlər. Belə bir şəraitdə iki dövlət başçısı nəyi müzakirə edə bilər? Müharibə təhlükəsini dəf, qarşılıqlı etimadı bərpa etmək üçün hansı addımlar atmaq lazımdır? Çünki dövlət başçıları xalqlar və dövlətlər qarşısında məsuliyyət daşıyırlar".
Zərdüşt Əlizadə hesab edir ki, əgər görüş alınsa, orada mühüm məsələlər müzakirə olunacaq:
"İlk növbədə iki ölkə arasında münasibətlərin normallaşması, etimadın bərpası, təhlükəsizliyin artırılması və müharibə təhlükəsinin dəf edilməsi... Bundan əlavə, erməni tərəfi xoş niyyət sərgiləyərsə, Ermənistanla Azərbaycan arasında iqtisadi və rabitə əlaqələrinin bərpası da ola bilər. Bütün bunları edə bilsələr, onlara eşq olsun. Demək, sülhə doğru iri addım atmış olurlar. Erməni və Azərbaycan xalqına da sülh xeyirdir".
Bahar Rüstəmli