"Brüssel görüşündə mümkündür ki, mövcud problemlərin sonrakı mərhələdə həllinə yönəlik mühüm nələrsə əldə olunsun”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında aprelin 6-na gözlənilən görüşü şərh edərkən deyib:
"Paşinyan indi daha loyal təkliflərlə çıxış edərək bəyan edir ki, münaqişə qısa zamanda bitməli, tez bir zamanda danışıqlara başlamalıyıq. Bu isə ondan xəbər verir ki, Paşinyan prosesin uzanmasının Ermənistana zərərli olduğunu başa düşür. Amma ənənəvi erməni xislətindən irəli gələrək, o da prosesin maksimum dərəcədə Ermənistanın marağının nəzərə alınması fonunda bitməsini istəyir. Düşünürəm ki, Paşinyan Qarabağ erməniləri üçün ən azından mədəni statusun verilməsinə çalışır. Görünür, İrəvan görüşün Brüsseldə keçirilməsindən "cürətlənərək” mədəni muxtariyyət məsələsini orada qaldıracaq. Amma Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, status məsələsi artıq müzakirə predmeti deyil.
Zəngəzur dəhlizi ilə bağlı bəzi məsələlərin müzakirəsi də mümkündür. Brüsseldə olacaq həmin görüşdə mümkündür ki, mövcud problemlərin sonrakı mərhələdə həlli üçün mühüm nələrsə əldə olunsun. Ehtimal ki, tərəflər arasında Qarabağdakı qanunsuz silahlı dəstələrin çıxarılması istiqamətində də nələrsə müzakirə edilsin. Bakı bunda israrlıdır. Ermənistan tərəfi həmçinin, Xankəndiyə qaz məsələsini qabarda bilər. Bu istiqamətdə müəyyən razılıq əldə oluna bilər”.
Rüfət Sultan