"Dünya bazarında neftin qiyməti artır, amma buna baxmayaraq, manatın məzənnəsində azalma müşahidə edilir. Çünki dollara tələbat artıb. Bu tələbatı da psixoloji mühit yaradır, çünki üçüncü devalvasiya ilə bağlı məlumat var". Qaynar.info xəbər verir ki, bu sözlər iqtisadçı ekspert Vüqar Bayramov "Azadlıq Radiosu"na müsahibəsində deyib.
Ekspert bildirib ki, dolların məzənnəsi 2 manata qalxacaq: "Mərkəzi Bankın rəhbərinin açıqlamaları da buna təsir edir. Cəmiyyətdə artıq belə bir fikir formalaşıb ki, Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı müsbət tonda danışsa, bu, devalvasiyadan xəbər verir. Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı sonuncu açıqlamasını fevralın 26-da verib, bundan sonra hər gün dollar bahalaşır. Bütün hallarda Mərkəzi Bankın valyuta ehtiyatları azalır və psixoloji 4 milyard həddini keçib.
Artıq bazara müdaxilə imkanları da məhdudlaşıb. Hələ ötən ilin dekabrında proqnoz vermişdim ki, dollar 2 manat olacaq, bu proses artıq başlayıb. Mərkəzi Bank artıq buna müdaxilə edə bilməyəcək. Bir məqamı deyim ki, Mərkəzi Bank ötən il ərzində manatı saxlamaqdan ötrü 12 milyard xərclədi, amma məzənnəni saxlaya bilmədi, manat yenə də təzyiq altındadır. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank bazardan çəkildikcə, manatın məzənnəsində kəskin azalmalar müşahidə edəcəyik".
Qaynar.info