Xəbər lenti

Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
Ölkə 15:22 05.01.2026

Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında

Azərbaycanın Ukraynada səfiri olmuş Elmira Axundovanın yaxın adamı kimi tanınan Elnur İbrahimov növbəti dəfə həbs edilə bilər.

Qaynarinfo xəbər verir ki, Elnur İbrahimovun dələduzluq cinayətində zərərçəkmiş kimi tanınan Fərman Məmmədov bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsində dəymiş zərərin indeksasiya edilməsi barədə iddia qaldırıb.

Məhkəmə zərərçəkmişin iddiasını təmin edib və zərərin məbləği 350 000 manatdan 513 000 manata qədər artırılıb. Bu məbləğ xüsusilə külli miqdar hesab olunur.

Bundan sonra Fərman Məmmədov zərərin ödənilməsinin təmin olunması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Əldə etdiyimiz məlumata görə, hələlik bir məhkəmə iclası keçirilib və hakim Elnur İbrahimova xəbərdarlıq edib. Elnur İbrahimov zərəri ödəməkdən yayınmaqda davam edəcəyi təqdirdə inzibati qaydada həbslə üzləşə bilər.

Elnur İbrahimov Elmira Axundova və onun oğlu Həbib Axundovun da adının hallandığı müdhiş dələduzluq cinayətinin əsas fiqurantıdır. Bu məsələ 2013-cü ildən, yəni cinayətin baş verdiyi vaxtdan medianın gündəmindədir.

Zərərçəkənlər bu məsələdə Elmira Axundovanın oğlu Həbib Axundovun da mühüm rol oynadığını iddia edirlər. Lakin Həbib Axundov özünün də Elnur İbrahimov tərəfindən aldadıldığını deyərək cinayət işində zərərçəkmiş şəxsə çevrilib.

Dələduzluq hadisəsi 2013-cü ildə baş versə də, Elnur İbrahimov 2016-cı ildə həbs edilib. O, 3 il müddətində məsuliyyətdən yayına bilib. Zərərçəkənlər bu məsələdə ona Elmira Axundovanın yardımçı olduğunu iddia edirlər.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il azadlıqdan məhrum etsə də, o, vaxtından əvvəl həbsdən çıxmağı bacarıb - dəymiş zərərdən bir manat belə ödəmədən.

Elmira Axundova 2005-2019-cu ildə Milli Məclisin deputatı, 2020-2023-cü illərdə isə Azərbaycanın Ukraynadakı səfiri olub.

Seyid
--> -->