“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynov Türkiyə mətbuatında tənqidə məruz qalıb. Azərbaycanlı müğənninin müsabiqədə qalib gəlməsi bəziləri tərəfindən qısqanclıqla qarşılanıb. Onlar azərbaycanlı sənətçinin Türkiyəyə gələrək “O səs Türkiyə”də birinci yerə çıxmasını qəbul edə bilmir, hətta bu qalibiyyətin altında başqa məqamların gizləndiyinə eyham vururlar.
Bu məsələdə daha böyük qalmaqal yaradan isə Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Əriş olub. O, ötən gün yayımladığı yazısında Elnurun istedadını şübhə altına alıb, onun qalibiyyətini isə dırnaqarası hesab edib. Jurnalist yazısında Elnuru 2012-ci ildə “Yetənək sizsiniz”də birincilik qazanmış Meks adlı itlə müqayisə edib. O, köşə yazısının adını
“Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qeyd edib. Bundan sonra sosial şəbəkələrdə müxtəlif ironik statuslar yazılıb. Hətta milli zəmində təhqir notları belə nəzərə çarpıb və bu da Azərbaycanda haqlı narazılıqla qarşılanıb. Ekspertlər bildirirlər ki, bu olay Azərbaycan-Türkiyə dostluq münasibətlərinə xələl gətirmək məqsədilə yaradılıb.
Məsələ hər iki dövlətin millət vəkillərinin haqlı narazılığına səbəb olub.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının(MHP) Genel Başkan Yardımcısı Atila Kaya “Yeni Müsavat”a bununla bağlı öz münasibətini bildirib: “Çox təəssüflə bildirirəm ki, ölkəmizdə Türkiyə və onun dəyərlərinə qarşı olan, düşmənçilik münasibəti göstərən xeyli insanlar var. Onların arasında bəzən televiziya aparıcısı, qəzet yazarı, hətta siyasətçilərin də olduğunu görürük. Türkiyədə yaşayıb, türk millətinə aid olub, cibində Türkiyə pasportu gəzdirən bu cür insanlar düşmənimiz olan ermənilərə belə dəstək olmaqdan çəkinmirlər”.
A.Kaya deyib ki, Elnur kimi sənətçinin “O səs Türkiyə” yarışmasında qalib gəlməsi çox sevindirici haldır: “Demək ki, Türkiyə Azərbaycandan gələn sənətçini özününkü bilib, televiziyadan yarışmanı izləyən milyonlarla tamaşaçı Elnuru bəyənib və hətta onu birinci yerə layiq görüb. Onu bu yerə seçən məgər Türkiyə milləti deyilmi? Məhz millətimizin verdiyi dəstək sayəsində Elnur qalib gəldi. Bu səbəbdən Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən insanların yaratdığı olaylara əhəmiyyət verməməliyik”.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Elnuru layiqli qalib olduğunu dedi: “Elnur Türkiyə xalqının səs verməsi, onların məhəbbəti nəticəsində birinci yerə sahib olub. Əgər türk milləti səs verməsəydi o, qalib gələrdimi? Düşmənçilik yaradan insanlar hər yerdə, hər bir ölkədə var.
Türkiyə dövlətinin daxilində də kifayət qədər ona qarşı olan qüvvələr, düşmənlər var. Həmin qüvvələr eyni zamanda Azərbaycanın da düşmənidir. Onlar ki, Azərbaycanı sevmirlər, demək ki, ümumilikdə türkləri sevmirlər. Çünki Elnur bir azərbaycanlı olmasından öncə bir türk övladıdır. Deyərdim ki “O səs Türkiyə” deyil, “O səs türk səsi”dir. Türkiyə türklərinin səsi sayəsində Elnur qəlbə qazandı. Bu qalibiyyətin əleyhinə çıxanların türk olduğuna şübhə ilə yanaşıram. Onlar müasir türk düşmənləridir”.
Musavat.com saytının redaktoru, yazıçı-jurnalist Xalid Kazımlı Azərbaycan-Türkiyə dostluğuna nifaq salmaq istəyənləri uğursuzluq gözlədiyini bildirdi: “Elnur Hüseynovun qələbəsinə ağız büzənlər, bəyənməyənlər Azərbaycanda olduğu kimi Türkiyədə də ola bilər və var. Hər hansı bir qəzetçi də bu xüsusda düşündüyünü yaza bilər. Bunu Türkiyə xalqının adına yazmaq düzgün olmaz. Hərçənd ölkəmizdə buna səy edənlər də var. Fakt isə ondan ibarətdir ki, milyonlarla türk vətəndaşı Elnura səs verib, onu birinci ediblər. Bu hadisə sübut etdi ki, doğrudan da Azərbaycan və Türkiyə bir millət-iki dövlətdir. Bu iki dövlət və xalq sürətlə yaxınlaşmaqda, çulğaşmaqdadır. Ortaya nifaq salmaq istəyənləri uğursuzluq gözləyir”.
Köşə yazarı Azər Rəşidoğlu bu cür olayların Türkiyə sevgisini Azərbaycandan, Azərbaycan sevgisini isə Türkiyədən ala bilməyəcəyini dedi: “80 milyonluq Türkiyə Elnura səs verib. Bir gerizəkalı jurnalistin onu təhqir eləməsini bütövlükdə Türkiyəyə aid edən Türkiyəfobların məqsədi nədir? Hər iki ölkədə münasibətləri korlamaq istəyənlər var. 80 milyonun içində kimliyi bilinməyən birinin Elnuru təhqir etməsi adi haldır. Bakıda Türkiyəni təhqir edənlər yoxdurmu? Elnurun qələbəsi və onun finalda PKK bayrağı altında oxuyan Əhmət Kaya zehniyyatında olan birinin üzərində qələbəsi Türkiyənin Azərbaycana verdiyi dəyərdir. Biz bəzən hamını eyni düşünməyə vadar etmək istəyirik. Bu, mümkün deyil. Təbii ki, Türkiyədə bizi sevənlərlə yanaşı, sevməyənlər də olacaq. Eyni ilə Azərbaycanda Türkiyəni sevənlər çox olması ilə yanaşı türk sözündən qorxanlar da var və olacaq. Elnurun qələbəsi bir musiqi yarışması idi. Bu gün Türkiyədə onlarla alimimiz çalışır. Onlara da yabançı deyənlər var. Olsun. Bütün bunlar iki qardaş ölkənin münasibətinə xələl gətirə bilməz. Düzdür, hər ölkənin öz maraqları var, bəzən maraqlar toqquşur, belə də olmalıdır. Əsas olan odur ki, Türkiyə sevgisini Azərbaycandan, Azərbaycan sevgisini Türkiyədən heç kəs ala bilməyəcək. Türkə nifrət edənlər nə qədər bunu arzulasalar da, alınmayacaq”.
Uzun müddət Türkiyədə məcburi mühacirət həyatı yaşamış Tovuz rayonunun sabiq polis rəisi Novruz Həsənli də olaya münasibət bildirib: “Uzun illər Türkiyədə yaşamışam, bu səbəbdən tam əminliklə deyə bilərəm ki, Türkiyə türkləri hər zaman Azərbaycan türklərinə böyük sevgi və hörmətlə yanaşıblar. Onlar heç vaxt Azərbaycan üçün ayrı-seçkilik yaratmırlar. Fikrimcə Azərbaycana və Elnura qarşı tənqidi fikirlər səsləndirən “Radikal” qəzetinin jurnalistinin damarlarında türk qanı yoxdur. Türk soylu insanlar bu cür olaylara qarşı gəlməlidir”.
Qeyd edək ki Bülənt Əriş müsabiqənin fəaliyyətini də pisləyib. Onun sözlərinə görə, əgər müsabiqədə başqa ölkədən kimsə gəlib birinci seçilə bilirsə, deməli dünyanın dörd bir yanından müğənnilər bura gələ bilər. Diqqət çəkən məqamlardan biri də jurnalist Elnur Hüseynovun qalib seçilməsində Ebru Gündeş və həyat yoldaşı Rza Zərrabın xüsusi rolu olduğunu vurğulayıb. O, həmçinin azərbaycanlı ifaçıya milyonlarla dollar dəyərində olan dəstək SMS-nin bir nömrədən göndərilə biləcəyini nəzərə çatdırıb.
Qaynar.info