İdman 11:01 15.03.2022

Çempionlarımız qayıtdı: "İnşallah, qələbələrin davamını gətirərik"

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olan sərbəst güləş millimiz bu gün vətənə qayıdıb.

Qaynarinfo xəbər verir ki, qitə biriciliyində 4 qızıl və 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yığmamızın üzvləri qarşılama mrasimində qələbə təəssüratlarını bölüşüb.

İslam İlyasov: "Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Federasiya rəhbərliyinə, milli komandada çalışan məşqçilərə təşəkkür edirəm. Şəxsi məşqçilərim Qırxlar Bədəlovla Yaşar Əliyevə də "çox sağ olun" demək istəyirəm. Çünki üzərimdə böyük əziyyətləri olub. İnşallah, bundan da böyük nəticələr əldə edib, həm məşqçilərimizi, həm də Azərbaycan xalqını sevindirərəm".

Cəbrayıl Hacıyev: "Bu nəticəni əldə etdiyim üçün şadam. Bizə azarkeşlik edən hər kəsə, daim dəstəyini əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. İnşallah, bu qələbələrin davamını gətirərik".

Abubakr Abakarov: "Bizim üçün hər biri şəraiti yaradan federasiyaya təşəkkürümü bildirirəm. Məhz bu şəraitin qarşılığında belə nəticələr əldə edə bilirik".

Millimizin heyətində Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Səbuhi Həsənov